Dünyanın diqqəti Moskvaya yönəlib -POLİTOLOQ

Putin-Ərdoğan görüşü hansı sonluqla bitəcək?

Bir neçə il müttəfiqlik səviyyəsində olan Türkiyə-Rusiya münasibətləri yenidən gərgin atmosferə qədəm qoyub. Türkiyənin İdlibdə terrorçulara və onlara himayə duran Əsəd rejiminə bağlı olan güclərə qarşı apardığı uğurlu hərbi əməliyyatlar Rusiyanın Suriyadakı maraqlarına zidd olduğu üçün konkret olaraq iki ölkə arasında münasibətlər qarşıdurma səviyyəsinə belə gəlib çatıb. Əslində bu Birləşmiş Ştatlar və Qərbin çoxdan arzuladığı bir situasiya idi ki, Ankara ilə Moskva arasında gərginlik yaransın. Nəticədə hər iki ölkə həm Yaxın Şərqdə gücsüz duruma düşsün, həm də onların birgə Qərbə qarşı güc sərgiləməsi mümkünsüz oldu. Göründüyü kimi indiki halda Qərbin, Birləşmiş Ştatların müəyyən mənada buna nail olduğu müşahidə edilməkdədir. Ancaq nə Moskva, nə də Ankara hazırda münasibətlərin gərginləşməsində o qədər də maraqlı deyil. Hər iki ölkənin lideri yenidən bir araya gəlib yaranmış gərginliyi aradan qaldırmağa səy göstərmək əzmindədir. Elə keçirilməsi nəzərdə tutulan Putin-Ərdoğan görüşü də belə deməyə əsas verir. Ona görə də demək olar ki, dünyanın bütün diqqəti hazırda Moskvaya yönəlib. Bəs görəsən ekspertlər Putin-Ərdoğan görüşündən nə gözləyirlər? İki liderin görüşü yaranmış gərginliyi aradan qaldıra biləcəkmi?

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya və Türkiyə prezidentləri Moskvada nəzərdə tutulan görüşünə hər iki tərəf ciddi hazırlaşır və hər iki tərəf bu görüşə qədər Suriyada mövqelərini gücləndirməyə çalışırlar. Onun sözlərinə görə, Türkiyə ordusu İdlib ətrafında Əsəd rejiminin mövqelərini darmadağın edir və sahədə əlini gücləndirir: "Buna cavab olaraq da Rusiya hərbi birlikləri Suriya silahlı müxalifətinin bir neçə gün əvvəl ələ keçirdiyi kiçik qəsəbələri yenidən nəzarət altına ala bilir. Sahədə güclü olan masada da güclü olacaq"

Bəs, Moskvada hansı nəticə hasil ola bilər?

Politoloqun sözlərinə görə, Türkiyənin əsas marağı odur ki, İdlib ətrafında yenidən atəşkəs elan olunsun, Əsəd rejiminə bağlı qüvvələr Soçi anlaşmasına uyğun olaraq geri çəkilsinlər: "Rusiyanın isə marağı odur ki, Türkiyə Soçi anlaşmasına görə İdlibdə terrorçuları silahlı müxalifətdən ayırsın və terrorçular Rusiyanın yaxınlıqdakı hərbi bazasına hücumlar həyata keçirə bilməsinlər. Fərqli maraqlardır. Rusiya İdlibi terrorçuların son qalası hesab edir və bu şəhəri gec və ya tez ələ keçirməyi vacib sayır. Türkiyə üçün İdlibdəki terrorçuları neytrallaşdırmaq çətindir. Çünki, Suriyada 9 illik müharibədən sonra terrorçuların böyük əksəriyyəti İdlibdə toplanıb. Onların sayı on minlərlədir. Türkiyə onların hamısını neytrallaşdıra bilməz. Öz növbəsində terrorçular da təslim olmayacaqlar. Çünki anlayırlar ki, Əsəd rejiminə təslim olsalar, özlərini və ailələrini ölüm gözləyir. Ona görə də terrorçular savaşmağa üstünlük verirlər. Belə olan halda Ərdoğan və Putin Moskvada yenə nəyəsə anlaşsalar belə, bu müvəqqəti xarakter daşıyacaq".

***

Cənubi Qafqazda Sülh və Təhlükısizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də Moskvada Putinlə Ərdoğan arasında keçirilən görüşdən o qədər də ciddi nəticələr gözlənilmədiyi qənaətindıdir.  Onun sözlərinə görə, Türkiyə prezidentinin Moskva səfəri öncəsi ATƏT-in Minsk qrupu həmsədrlərinin Ankaraya dəvət edilməsi və xarici işlər naziri Mövlud  Çavuşoğlu ilə görüşməsində əsas məqsəd Moskva ilə bu istiqamətdə yenidən danışıqlar aparmaqdır: "Türkiyə təkcə Suriya və Aralıq prefoktektoreyasında deyil, Cənubi Qafqazda da mövqeyini gücləndirmək kursunu götürür. İlk növbədə burada Qarabağ münaqişəsinin həllində daha çevik siyasət ortaya qoymaqla regionda ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır". Politoloq deyib ki, Rəcəb  Tayyib  Ərdoğanın Putinlə görüşündə Qarabağ münaqişəsini masaya gətirməsini istisna etmir: "Çünki, həmsədrlərə Ankaranın mövqeyi çatdırılıb və bundan sonra da Türkiyənin burada aktiv rol oynayacağı konkret diqqətlərinə çatdırılıb. Artıq, Türkiyə Rusiyanın Suriyada ona qarşı siyasətində səmimi olmadığını gördü. Ona görə də Qarabağ məsələsində bir qədər götürülmüş fasiləyə son qoyur. Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərində məhz Qarabağ məsələsi ciddi müzakirə edilərək Ankaranın da hərəkətə keçməsi razılaşdırılıb. Bundan sonra Azərbaycan və Türkiyə birgə çalışa bilərlər. Bura birgə hərbi təlimlər və diplomatik danışıqlar da daxildir". Məhəmməd Əsədullazadə deyib ki, regionda siyasi proseslər ciddi dəyişir: "İdlib böhranı, ardınca Ərdoğanın Bakıya səfəri və Minsk qrupu həmsədrlərinin Ankaraya səfəri, Ərdoğanın Moskvaya Putinlə görüşə yola düşməsi Qarabağ məsələsində də müəyyən müsbət dinamikaya gətirib çıxaracaq. Ermənistan görməlidir ki, Türkiyə-Azərbaycan tandemi Qarabağ məsələsində əməldə hərəkətə keçir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31