Kremldən Paşinyana növbəti xəbərdarlıq -EKSPERT
Kremldən Paşinyana növbəti xəbərdarlıq
4 Mart 2020 16:23 SiyasətRusiya ilə bir vaxtlar onun for-postu olan Ermənistan arasında münasibətləri əvvəlki səviyyəyə qaytarmaq hələlik qeyri-mümkün olaraq qalır. İnqilabçı baç nazir Nikol Paşinyanın hakimiyyəti zorla zəbt etməsindən sonra açıq-aşkar Rusiyaya meydan oxuması, Qərbə meyillənməsini heç cür həzm edə bilməyən Moskvaya ikinci zərbəni Paşinyan rusiyameyilli siyasilərin cəzalandırılması, onların siyasi proseslərdən uzaqlaşdırılması ilə vurmuş oldu. Keçmiş prezidentlər Serj Sərkisyan və Robert Kpçəryanın cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində atılan addımlar, qondarma Dağlıq Qarabağ rejiminin Rusiyapərəst liderinin separatçılara rəhbərlikdən uzaqlaşdırılması cəhdi, eləcə də Rusiyaya bağlı olan iş adamlarının müxtəlif yollarla Paşinyanın diqtəsi ilə cəzalandırılması Moskva ilə İrəvan arasında körpülərin tədricən yandırılmasına gətirib çıxarıb. Bütün bunlar azmış kimi Nikol Paşinyanın Rusiyadan gələn "Köçəryana toxunma" mesajını qulaqardına vurması Kremldə İrəvana qarşı əməlli qəzəb yaradıb. Bütün bunları nəzərə alan ekspertlər isə hesab edirlər ki, artıq Rusiyanın səbr kasası daşıb və yaxın vaxtlarda Kremlı Paşinyana qarşı ciddi şəkildə hərəkətə keçəcək. Hətta aprel ayında hakimiyyəti zəbt etməsinin ildöpnümünü yaşamaq arzusunun da Nikol Paşinyan üçün baş tutmayacağı ehtimallar sırasındadır. Konkret olaraq Rusiyanın tezliklə Ermənistanda hakimiyyət dəyişikliyinə qol qoyacağı bildirilir. Ehtimallara görə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə rəvac versə, bu dəfə sabiq prezident Robert Köçəryan siyasi səhnəni tutacaq və onun Kremlin adamı kimi hakimiyyətə gətirilməsi reallaşacaq. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğliu da hesab edir ki, son vaxtlar Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrinin sabiq prezident Robert Köçəryana geniş yer ayırması təsadüfi deyil: " Rusiyanın məşhur "Kommersant" qəzetinin sonuncu sayında Ermənistanın həbsdə olan və məhkəməsi davam edən eks-prezidenti Robert Köçəryan haqqında geniş məqalə yayınlanıb. Məqalənin başlığı Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana mesajı sayıla bilər: "Heç kim və heç nə unudulmur". Kremlin sifarişi ilə yazılan məqalədə İrəvana xüsusi mesajlar var.
Birincisi, məqalədə göstərilir ki, Robert Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil: "Moskva məhkəmənin gedişini diqqətlə izləyir. Köçəryan prezident Vladimir Putinin dostudur".
İkincisi, məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2018-ci ildəki sözləri xatırladılır: "Robert Köçəryanın həbsi Ermənistanın hazırki hakimiyyətinin özündən əvvəlki iqtidarlardan intiqam almayacağlna dair vədlərini sual altında qoyur". Üçüncüsü, məqalədə yazılır ki, Putin həbsdə yatan Köçəryanı ad günü münasibətilə təbrik edib: "Vladimir Putin Avrasiya İqtisadi Birliyinin toplantısıyla əlaqədar İrəvanda olanda Rusiyanın bu ölkədəki səfirliyində Köçəryanın xanımı və oğlu ilə görüşdü".
Elxan Şahinoğlu hesab edir ki, Kreml "Kommersant" qəzeti vasitəsilə yenidən Paşinyana xəbərdarlıq mesajı göndərib: "Bunu qəzetdəki məqalənin sonuncu cümləsi də sübut edir: "Kremldən qəzetimizə ötürülən xəbərdə deyilir ki, Rusiya Köçəryana qarşı məhkəməni siyasi sifarişli hesab edir. Kremldən qəzetimizə onu da bildiriblər ki¸ Köçəryana qarşı məhkəmə çəkişməsinə son qoyulmasa bu Rusiya-Ermənistan münasibətlərində ciddi sual yaradacaq". Kreml açıq-aşkar Paşinyanı şantaj edir. Köçəryan 2008-ci il prezident seçkisində dostu Sərkisyanı prezident kürsüsündə otuzdurmaq üçün polisə etiraza çıxanlara atəş açmaq əmri verib. Onlarla insan qətlə yetirildi. Mitinqi təşkil edənlərdən biri o zaman müxalifətdə olan Paşinyan idi. Ona görə də Köçəryan üzərində məhkəmə Paşinyan üçün vicdan məsələsidir. Ancaq Ermənistan tamamən Rusiyadan asılıdır və Paşinyan Köçəryanı həbsə göndərərsə, Moskva ilə münasibətləri gərginləşdirəcək. Paşinyan ciddi dilemma qarşısındadır. Köçəyranı həbs etmək Moskva ilə münasibətləri gərginləşdirəcək, eks-prezidenti azad etmək isə isə Paşinyanın prestijinə və hakimiyyətinin mövqelərinə ciddi zərbə vuracaq. Bütün hallarda Paşinyan ikisindən birini seçəcək".
Füzuli
Olaylar.az