Radikallar hakimiyyətin xoşməramlı mövqeyini niyə süngü ilə qarşılayırılar? -Şərh

Radikallar hakimiyyətin xoşməramlı mövqeyini niyə süngü ilə qarşılayırılar?-Şərh

Partiya sədri: "Partiya sədrləri ilə müzakirələr aparılmasının nəyi pisdir ki?"

Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif sahələri özündə ehtiva edən islahatlar həyata keçirilir. Konstitusiyaya əlavə və dəyişikliklərlə start verilən bu islahatların uğurlu nəticələri hər bir ölkə vətəndaşının gündəlik həyatında özünü büruzə verir desək yanılmarıq. Kadr islahatları gənc və perspektivli kadrların irəli çəkilməsi, onlara hakimiyyətin müxtəlif pillərində vəzifə verilməsi ilə yadda qaldısa, sosial sahədə həyata keçirilən islahatlar əhalinin, Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına, onların həyat şəraitinin güclənməsinə gətirib çıxardı. Ölkədə həyata keçirilən islahatların növbəti mərhələsi isə siyasi cameəni əhatə edir. Elə Azərbaycan Parlamentinin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi bu islahatların tərkib hissəsi sayıla bilər. Hazırda isə siyasi sahədə həyata keçirilən islahatların daha bir mərhələsini yaşayırıq deyə bilərik. Bu mərhələdə hakimiyyətin siyasi mövqeyindən asılı olmayaraq ölkədəki bütün siyasi dairələrlə əməkdaşlıq imkanları müzakirə edilir, onlarla görüşlər təşkil olunur, fikir mübadiləsi aparılır.  Elə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin son günlər ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşməsi də belə deməyə əsas verir. Öz-özlüyündə bu addım kifayət qədər normal və hakimiyyətlə siyasi partiyalar arasında dialoq, normal əməkdaşlıq mühitinin formalaşmasına xidmət etsə də, ənənəvi olaraq ölkədə baş verən bütün müsbət tendensiyalara qara yaxmaq, ona öz dünyagörüşlərinə uyğun don geydirmək istəyən bəzi siyasi dairələr tərəfindən süngü ilə qarşılanıb. Hətta həmin dairələr Prezident Administrasiyasına görüşə gedən siyasiləri nə qədər absurd da olsa hakimiyyətə satılmaqda ittiham ediblər. Təbii ki, məsələyə bu cür yanaşanlar azlıq təşkil etdiyindən hakimiyyətin bu jesti də əksər siyasi dairələr tərəfindən müsbət qarşılanıb. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bütün yaxşı təşəbbüsləri alqışlamaq və dəstəkləmək lazımdır. Onun sözlərinə görə, Ədalət Vəliyevin də məlum təşəbbüsü dəstəklənməlidir: "Söhbət Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdən və onun siyasi partiyaların sədrləri, təmsilçiləri ilə keçirdiyi görüşlərdən gedir. Yeri gəlmişkən, bu görüşlərdə ölkədəki mövcud siyasi durumdan, islahat proseslərindən, siyasi partiyaların mövcud problem və çətinliklərindən, ölkədə demokratik dəyərlərin formalaşmasında siyasi partiyaların oynaya biləcəyi mühüm roldan, ölkə həqiqətlərinin dünya birliyinə çatdırılması işində siyasi partiyaların xüsusi gücə malik olmasından, habelə hakimiyyətlə partiyalar arasındakı üzlaşma məsələlərindən danışılır. Bunun nəyi pisdir ki? Qeyd etdiyimiz bütün bu məsələlər nəinki hakimiyyətin özü və partiyalar üçün, həm də bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən aktual məsələlərdir. Ədalət Vəliyevin siyasi partiya təmsilçiləri ilə bu cür tanışlıq görüşləri keçirib onlarla fikir mübadiləsi aparması və onların təkliflərini dinləməyə, müzakirə etməyə hazır olduğunu bəyan etməsi hakimiyyət tərəfindən sözün əsl mənasında yeni demokratik açılım kimi dəyərləndirilməlidir. Nəyə görə demokratik açılım deyirik? Çünki hakimiyyət təkcə iqtidaryönümlü partiyalarla deyil, müxalifət partiyalarının liderləri ilə də təmaslara start verib. Hakimiyyətin bu addımı təqdirə layiqdir. İqtidaryönümlü partiyalarla da, müxalifət partiyalarla da bərabərhüquqlu, konstruktiv dialoq mühiti formalaşdırılır. Biz bunu alqışlayırıq". Partiya sədri təəssüf hissi ilə qeyd edib ki, iqtidarın bu cür xoşməramlı təşəbbüslərinə də qulp qoymağa, qara yaxmağa, şübhə altına almağa çalışan qüvvələr var: "Və həmin qüvvələrin ruporu rolunu "Osmanqızı TV" deyilən bir Yutub kanalı oynayır. Sevinc Osmanqızıdan ibarət olan bu kanal hər kəsə "ekspert"lik qiyafəsi geyindirərək, onları yalnız neqativ səpkidə danışdırmağa çalışır. Milli Şuranın KM-nin üzvü Gültəkin Hacıbəyli və ADR hərəkatının sədri Qubad İbadoğlu ilə aparılan müzakirə də Ədalət Vəliyevin siyasi partiyaların təmsilçiləri ilə görüşlərini qaralamağa, gözdən salmağa hesablanmışdı. Bunlar Əli Həsənovun dövründə iqtidarın siyasi partiyalarla qətiyyən hesablaşmamağından, partiyaları siyasi proseslərdən kənarda saxlamağa çalışmağından şikayətlənirdilərsə, indi də iqtidarın siyasi partiyalarla fəal iş aparmağa başlamasından narazılıq edirlər. Deməli, bunlara nə versən də, nə etsən də xeyri yoxdur, həmişə giley-güzar edəcəklər. Çünki bunların xisləti, naturası yalnız mənfiliklərə hesablanıb, neqativə köklənib. Bu adamların rəng palitrasında ağ rəngə ümumiyyətlə, yer yoxdur. Daha doğrusu, bunların tanıdığı, bildiyi yalnız bir rəng var, o da ki ancaq qara rəngdir. Bu "ekspert"lər ölkədə cərəyan edən bütün proseslərə, atılan bütün addımlara qara eynəkdən baxırlar".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31