“Azərbaycanda qeyri-rəsmi məşğulluq olmamalıdır”

İlham Əliyev: "Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır"

İşəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanmaması bir sıra problemlərin yaranması ilə nəticələnir. Bir sıra hallarda isə bağlanan müqavilərlərdə sahibkarlar öz mənafelərini daha üstün tuturlar. Məhz bu kimi halların nəticəsidir ki, işçilərin əmək haqlarının hesablanması məsələsində mütəmadi olaraq anlaşılmazlıqlar yaranır. Xüsusən, işəmuzdla çalışan içşçilər belə hallarla tez-tez rastlaşırlar. Bəzən olur ki, işəmuzd müqavilə ilə işləyən işçi ilə 1 il müddətinə əmək müqaviləsi bağlanarsa, işçiyə bəzi aylar (işi olmayan aylar) əməkhaqqı hesablanmır. Məhz bu kimi hallar meydana çıxan zaman əmək müqaviləsinin olmaması səbəbindən işçilər öz haqlarını tələb etməkdə problemlərlə üzləşirlər. Düzdür, dövlət  belə halların qarşısının alınması, xüsusən işçilərin əmək hüquqlarının qorunması məqsədilə qanunvericilik bazasının yaradılmasını təmin edib. Lakin bir sıra hallarda işəgötürən və işçilərin məsuliyyətsizliyi səbəbindən əmək müqaviləsinin bağlanması arxa plana keçirilir. Etiraf edilməlidir ki, əmək müqaviləsinin olmaması daha çox işçilərin zərərinə olan məsələdir. Çünki, əmək müqaviləsi bağlamayan işçilər gəlir əldə etsələr də mülki münasibətlərdən məhrum olurlar. Belə ki, onların kredit götürməsi, pensiya hüququnun təmin olunması və icbari tibbi sığortadan yararlanmaq imkanları mümkünsüz olur. Məhz bu kimi halların aradan qaldırılması, konkret olaraq kölgə iqtisadiyyatı ilə mübarizənin aparılması dövlətin prioritet məsələlərindən hesab olunur. Bu günlərdə isə Prezident İlham Əliyev tərəfindən imzalanan "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Fərman imzalayıb. Sözügedən Fərman ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir.

Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşü zamanı deyib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq olmamalıdır:  "Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb". Dövlət başçısı bildirib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq olmamalıdır: "Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq".

Məlumat üçün onu da bildirək ki, 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Xatırladaq ki, ölkə qanunvericiliyində əmək müqaviləsinin bağlanmasını təmin etməyən hüquqi və fiziki şəxslərin məsulliyyət məsələsi əksini tapıb. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilirlər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergiödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31