Azərbaycan müasir səhiyyə infrastrukturuna malikdir -Təhlil
Azərbaycan müasir səhiyyə infrastrukturuna malikdir-Təhlil
4 Mart 2020 13:52 SiyasətAzərbaycanda həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində əldə edilən uğurlar cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət təsirini göstərməkdədir. Etiraf edilməlidir ki, əldə edilən nailiyyətlər dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində mümkün olub. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması, respublikanın mərkəzi şəhərləri ilə yanaşı, regionlarda da müasir standartlara cavab verən tibb müəssisəərinin inşaası, onların ən müasir tibbi avadanlıqlarla təmin edilməsi, ən nəhayət peşəkar tibbi kadrların hazırlanması gözlənilən nəticənin əldə olunmasına şərait yaradıb. Etiraf edilməlidir ki, son illər səhiyyəmizin əsas prioritet istiqamətlərindən biri uzun illər diqqətdən kənarda qalmış tibb müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması, onların müasir dünya standartları səviyyəsində inşası, təmiri və təchizatıdır. Səhiyyə sisteminin digər əsas prioriteti əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Məhz bu istiqamətdə görülən işlər nəticəsində ölkə vətəndaşlarının keyfiyətli tibbi xidmətdən istifadə imkanları xeyli dərəcədə genişlənib. Dövlət rəhbərliyinin şəxsi təşəbbüsü ilə ölkədə ondan artıq beşillik proqram təsdiq edilib. Hansı ki, həmin proqramlar səhiyyənin çox vacib sahələrini əhatə edir. Məsələn, əvvəl xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr lazımi aparatların olmaması səbəbindən dünyasını dəyişirdilər. Hazırda isə nəinki paytax Bakıda, eləcə də regionlarda yaradılan Hemodializ Mərkəzində müalicə alan xəstələr normal həyatlarını yaşaya bilirlər. Əgər əvvəllər müxtəlif ağır xəstəliklərə mübtəla olmuş Azərbaycan vətəndaşlarının müalicə üçün Rusiya, Türkiyə və ya İrana getməsi adi hal idi. Son illərdə isə bu axın azalıb, əksinə, həmin ölkələrdəki soydaşlarımızın müalicə üçün Bakıya qayıtması tendensiyası müşahidə olunur.
Etiraf edilməlidir ki, səhiyyə sahəsində əldə edilən uğurlar birbaşa prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Qətiyyətlə qeyd etmək olar ki, son illərdə elə ay olmayıb ki, dövlət başçısı hansısa tibb ocağının təməlqoyma, yaxud açılış mərasimində iştirak etməsin. Ölkə başçısı İlham Əliyevin belə tədbirlərdə şəxsən iştirak etməsi, inşaat işlərinin gedişi ilə maraqlanması onu səhiyyə sahəsinə göstərdiyi münasibətin əyani təzahürü kimi qiymətləndirilməlidir. Məhz dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, paytaxt Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Azərbaycan Prezidentinin Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı bir daha göstərir ki, Azərbaycanda müasir səhiyyə infrastrukturu formalaşdırılıb. Prezident İlham Əliyev Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışındakı nitqində qeyd edib ki, bu gün, demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir: "Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb. Beş milyondan çox insan tibbi müayinədən keçib. Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Baxmayaraq ki, buradan o qədər də uzaqda olmayan Naftalan şəhərinin müasir tibb ocağı var və kiməsə belə gələ bilərdi ki, o xəstəxana Goranboy sakinləri üçün də xidmət göstərə bilər. Ancaq mən dedim ki, yox, Goranboyda xüsusi olaraq mərkəzi rayon xəstəxanası tikilməlidir. Çünki əvvəlki xəstəxananın binası artıq heç bir standartlara cavab vermirdi. Bu, bir daha onu göstərir ki, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır".
Sözün həqiqi mənasında Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində demək olar ki, ölkənin hər bir bölgəsində müasir diqanostika mərkəzi istifadəyə verilib. Konkret olaraq son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Ümumilikdə isə, son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində də məqsədyönlü siyasət həyata keçirilir. Dövlət başçısının xüsusi sərəncamı ilə hər ol ölkə vətəndaşlarının pulsuz müayinəsi təmin olunur. Statistik göstəricilərə əsasən son illər ərzində müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz, fors-major hadisələri də nəzərə alır. Məhz bunun nəticəsidir ki, artıq ölkəmizdə onkoloji və irsi qan xəstələrinin problemləri öz həllini tapıb. Azərbaycanda hemofiliya, talassemiyalı xəstələrin hamısı dövlətin qayğısı ilə əhatə olunub. Minilliyin hədəflərindən biri ana-uşaq ölümünün azaldılmasıdır ki, Azərbaycan səhiyyəsinin bu istiqamətdə gördüyü işlər beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir. Azərbaycanda bununla bağlı Dövlət Proqramı qəbul olunub, Bakı və rayonlarda Perenatal Mərkəzləri yaradılıb. Səhiyyə sahəsində əldə olunan naliyyətlər nəticəsində artıq ölkəmizdə poliemelit, difteriya, göy öskürək kimi xəstəliklərin kökü kəsilib. Təsadüfi deyil ki, əhalinin sağlamlığına göstərilən dövlət qayğısı nəticəsində ölkədə gözlənilən ömür uzunluğu və doğulanların sayı ilbəil artır, demoqrafik göstəricilərimiz yüksələn xətt üzrə inkişaf edir. Beynəlxalq aləmdə bu hal ancaq və ancaq sosial şəraitin yaxşılaşması və əhalinin sağlamlıq səviyyəsinin yüksəlməsi ilə izah edilir. Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə daha genişmiqyaslı sosial siyasətin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsi ilə paralel əhalinin sağlamlığının qorunmasına zəmin yaradıb.
Nurlan
Olaylar.az