Azərbaycan Prezidenti bütün situasiyalarda xalqın yanındadır -TƏHLİL
Azərbaycan Prezidenti bütün situasiyalarda xalqın yanındadır-TƏHLİL
4 Mart 2020 13:57 SiyasətAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hələ 2003-cü ildə, birinci dəfə ölkə başçısı seçilərkən qətiyyətlə söylədiyi "Mən daim xalqımın yanında olacağam" fikri ötən 17 il ərzində zaman-zaman öz təsdiqini tapıb, dövlət başçısının atmış olduğu qətiyyətli addımlarla sübuta yetirilib. Bir qayda olaraq ən çətin situasiyalar, vəziyyətlərdə belə öz təhlükəsizliyinə o qədər də önəm verməyib xalqın təhlükəsizliyinə diqqət edən, bunun üşün hətta həyatını risqə atan Cənab Prezident İlham Əliyev növbəti dəfə belə bir qətiyyət nümayiş etdirdi. Belə ki, dünyanı təhlükəli və öldürücü korona virusu bürüdüyü, bu virusun sərhədlərimizə yaxınlaşdığı bir vaxtda dövlət başçısı gərgin iş proqramı və gündəlik qrafikindən kənara çıxmayaraq səfərlərini, görüşlərini axsatmadı, əvvəlki templə davam etdirdi. Cənab Prezident təkcə paytaxtda görüşlər və qəbullar keçirməklə kifayətlənmədi, eyni zamanda bölgələrə, regionlara da səfərlərini davam etdirdi. Dövlət başçısının ötən gün respublikanın 3 rayonuna səfəri fonunda bunu aydın görmək mümkündür. Belə ki, xəbərlərdən də aydın olduğu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ötən gün respublikanın Goranboy, Şəmkir və Qazax rayonlarına səfər edib. Səfər zamanı dövlət başçısı sözügedən rayonlarda bir sıra infrastruktur oibyektlərinin açılış mərasiminə qatılıb, görüşlər keçirib. Azərbaycan Prezidentinin Goranboy, Şəmkir və Qazax rayonlarına səfərləri və hər üç rayonda bir sıra infrastruktur obyektlərinin açılışında iştirakı, eyni zamanda həmin obyektlərin yerli əhali üçün əhəmiyyətinə toxunmadan, dövlət başçısının hansı bir həssas dönəmdə Azərbaycanın regionlarına səfər etdiyinə diqqət çəkək. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi dünyada öldürücü və kifayət qədər təhlükəli olan koronavirusu yayıldığı bir vaxtda heç bir dövlət başçısı nəinki xarici səfərlərə, hətta daxili səfərlərə belə getmir, öz təhlükəsizliklərini ən ciddi şəkildə təmin edirlər. Ancaq Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev istisna olmaqla. Prezident İlham Əliyev ötən gün respublikanın 3 rayonuna-Goranboy, Şəmkir və Qazax rayonlarına səfər etməklə bunu bir daha sübut etdi. Koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyev bölgələrə səfərlərini təxirə salmadı, Goranboy, Şəmkir və Qazax rayonlarında oldu, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü. Nəzərə alsaq ki, Qazax rayonu qonşu Gürcüstanla sərhəddə yerləşir və bu ölkədə də virus artıq yayılmağa başlayıb və bu səbəbdən Gürcüstanla sərhəddə ciddi karantin tədbirləri həyata keçirilir və sərhəd buraxılış məntəqələrində səyyar çadırlar quraşdırılıb, o zaman dövlət başçısının sözügedən rayona səfər etməsi kifayət qədər risqli hesab edilə bilır. Ancaq qeyd etdiyimiz kimi, Cənab Prezident bütün risqləri göz altına alaraq ən çətin situasiyalarda belə xalqlın yanında olmağa üstünlük verir. Cənab Prezidentin bu addımı bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edən məsələdir.
Yaxın tariximizə nəzər salsaq görərik ki, Prezident İlhasm Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Götürək Azərbaycanda zəlzələ və daşqın olan zaman Cənab Prezidentin təbii fəlakət bölgələrinə səfərlərini. Hələ Lənkəranda bir neçə il əvvəl yaşayış binasında baş vermiş partlayış zamanı xalqın yanında yer alan ilk Cənab Prezident İlham Əliyev oldu, hadisə qurbanlarının yaxınları ilə görüşdü, yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə müvafiq tapşırıq və tövsiyələrini verdi. Yaxud bir neçə il əvvəl Kür çayının məcrasından çıxaraq sel və daşqınlara səbəb olduğu rayonlara da ilk səfər edən dövlət başçısı oldu. Bütün təhlükə və risqlərə baxmayaraq təbii fəlakət zonasına səfər edərək orada müşavirə keçirdi, yaranmış vəziyyətin qısa müddətdə aradan qaldırılması mıəqsədilə öz tapşırıqlarını verdi. Ötən illərdə Şamaxı və Ağsu rayonlarında baş verın təbii fəlakət, zəlzələ zamanı da anoloji hadisə təkrar olundu və dövlət başçısının təbii fəlakət zonasına səfər edərək əhali ilə görüşdüyü, onların problemlərini öyrəndiyinin şahidinə çevrildik.
Azərbaycan Prezidentinin xalqın taleyini, təhlükəsizliyini, öz taleyi və təhlükəsizliyindən üstün tutduğunu, bunun üçün hətta həyatını belə risqə, təıhlükəyə atdığını 2016-cı ilin aprel döyüşləri zamanı aydın şəkildə gördük. Belə ki, 4 günlük uğurlu hərbi əməliyyatların ən qızğın zamanında belə Ali Baş Komandan Cənab İlham Əliyev həyatını təhlükəyə ataraq səngərdə öz əsgəri ilə bir yerdə oldu. Baxmayaraq ki, dövlət başçısının həmin vaxt baş çəkdiyi bölgə, hərbi post düşmənlə minimum məsafədə yerləşirdi və istənilən şəxsin belə bir situasiyada həmin mövqedə olması kifayət qədər risqli idi. Ancaq Cənab İlham Əliyev bu risqi göz altına alaraq ən gərgin, çətin anda öz əsgəri ilə bir yerdə olmağa üstünlük verdi. Eləcə də Azərbaycan Prezidenti öz xanımı ilə həmin ərəfədə düşmənin davamlı atəşə məruz qoyduğu kənddə olaraq sakinlərlə görüşdü, onlarda bir ruh yüksəkliyi yaratdı.
Bütün bu sadaladığımız məqamlar, eləcə də dünyada öldürücü korona virusunun yayıldığı və bu virusun sərhədlərimizə yaxınlaşdığı bir vaxtda dövlət başçısının ötən gün respublikanın regionlarına səfərlər etməsi Cənab Prezidentin hər zaman, istəınilən situasiyada hətta həyatını təhlükəyə atmaq bahasına belə olsa xalqın yanında olduğunu, onun problemləri, çətinlikləri ilə maraqlandığını təsdiqləyir.
Süleyman
Olaylar.az