Səfir Meksika mətbuatında Xocalı Soyqırımı barədə müsahibə verdi
Səfir Meksika mətbuatında Xocalı Soyqırımı barədə müsahibə verdi
3 Mart 2020 10:56 SiyasətAzərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov Meksikanın geniş dinləyici auditoriyasına malik "Chapultepec 560" radiosunda yayımlanan "Rosalia Buaun ilə söhbət" proqramının qonağı olub. Olaylar.az bildirir ki, səfir müsahibəsində Azərbaycanın, tarixi, mədəniyyəti, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Ermənistanın ölkəmizə təcavüzü və Xocalı Soyqırımı barədə geniş məlumat verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında da yayımlanıb.
Müsahibədə səfir 26 fevral tarixində Mexikoda yerləşən Tlakskoake meydanındakı "Xocalı Soyqırımı" abidəsinin qarşısında Meksika Deputatlar Palatası ilə birgə faciənin 28-ci ildönümü ilə əlaqədar anım mərasiminin keçirildiyi barədə məlumat verərək, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edib, onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulayıb, soyqırımı barədə radio dinləyicilərinə məlumat verib. Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanın suveren və hamılıqla tanınmış ərazisinin 20% işğal altında saxladığını və həmin torpaqlarda yaşamış Azərbaycan xalqını etnik təmizləməyə məruz qoyduğunu, münaqişə ilə bağlı BMT TŞ-nın Azərbaycan ərazisinin dərhal və şərtsiz azad edilməsini və əhalisinin öz doğma yurdlarına qayıdmasını tələb edən dörd qətnaməsinə Ermənistanın indiyədək məhəl qoymadığını bildirdi. Səfir həmçinin suallara cavab verərək ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışıb, 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığını, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olduğunu bildirib.
Verilişin qonağı olan Meksika Deputatlar Palatasının Daimi Əmək Komissiyasının üzvü, millət vəkili Anita Sançez Kastronun sualına cavab olaraq, Azərbaycan səfiri ölkədə bütün sahələrdə olduğu kimi sosial müdafiə sahəsində də islahat və müsbət dinamikadan, uğurlu təcrübədən ətraflı danışıb. Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan "ASAN xidmət" barədə məlumat verən diplomat, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu qeyd edib.
Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar səfir M.Talıbov həmçinin Meksikanın ABC radiosuna, Sofando radiosuna və "Asociacion Nacional de Locutores" televiziya proqramında müsahibələr verib.

