Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Azərbaycanın Perudakı diplomatik missiyasının təşkilatçılığı ilə Lima şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə Türkiyənin Perudakı Səfiri və səfirliyinin əməkdaşları, Perunun "Tətbiqi Elmlər Universiteti"nin (UPC) professor və tələbələri, digər rəsmi şəxslər iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Mehdi Məmmədov iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, Ermənistanın 1988-ci ildə Azərbaycana qarşı başladığı hərbi təcavüzün və Azərbaycan xalqına qarşı yönəlmiş etnik təmizləmə siyasətinin davamı olaraq keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə erməni ordusu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində qanlı cinayət törətmiş, şəhəri tərk etməyə səy göstərən dinc əhalinin böyük hissəsi soyuqqanlıqla qətlə yetirilmişdir.

Xocalı soyqırımının yeni tarixin insanlığa qarşı törədilmiş ən qanlı cinayət hadisələrdən olduğunu diqqətə çatdıran diplomat, bu qanlı cinayəti törədənlərin, Azərbaycan xalqını suverenlik və ərazi bütövlüyü uğrunda haqlı mübarizədən çəkindirmək məqsədini güddüyünü qeyd etdi.

Bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Dağlıq Qarabağ regionundan əlavə daha 7 rayon işğal edilmiş, nəticədə bir milyona yaxın azərbaycanlı məcburi köçkünə çevrilmişdir.

M.Məmmədov Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyini, Xocalı qətliyamının təşkilatçılarının layiq olduqları cəzanı alacaqlarını qeyd etdi.

Bundan sonra iştirakçılara Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31