Həmsədrlərin Türkiyə səfəri -POLİTOLOQ
2 Mart 2020 15:43 SiyasətVə Qarabağ probleminin həlli istiqamətində mümkün gözləntilər
Türkiyənin Yaxın Şərqdə, xüsusilə Suriyada nümayiş etdirdiyi əzmkarlıq, diktator Əsəd və ona dəstək duran terror birləşmələrinə qarşı apardığı uğurlu hərbi əməliyyat deyəsən bütün dünyanı ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusilə, qardaş ölkə prezidentinin Suriyada hərbi əməliyyatlara başlamadan öncə Azərbaycana səfər etməsi və Bakıda Qarabağ problemi ilə bağlı verdiyi mesajlar beynəlxalq aləmdə belə bir qorxu yaradıb ki, Suriyada hərbi əməliyyatları başa vuran Türkiyə növbəti dəfə Azərbaycanın Dağlıq Qarabağda başlayacağı hərbi əməliyyatlara dəstək göstərə bilər. Bəlkə də elə bu təlaşın göstəricisidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ankarada peyda olublar. Yerli kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A. Kaspşiklə görüşüb. Məsələyə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, həmsədrlər başqa bir zaman Türkiyəyə səfər etsəydilər, bəlkə bu xəbər o qədər də diqqəti cəlb etməzdi. Onun sözlərinə götə, həmsədrlər əvvəllər də Türkiyədə rəsmilərlə görüşüblər: "Dağlıq Qarabağ münaqişəsini həll etməli olan beynəlxalq vasitəçilərin Türkiyəyə indiki səfərləri isə Ankara ilə Əsəd rejimi arasındakı müharibəyə və Ankara ilə Moskva arasındakı münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Mümkündür ki, görüş haqqında razılaşma İdlib ətrafındakı hadisələrdən çox əvvəl razılaşdırılıb. Ancaq başqa bir ehimal da irəli sürə bilərik ki, görüşün bu ərəfədə keçirilməsinin təşəbbüskarı Ankara olub. Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyat bu ölkənin bölgədə rolunu və çəkisini artırıb. Ancaq Türkiyə bununla kifayətlənmnək istəmir, Ankara son zamanlar strateji müttəfiqlərinin və tərəfdaşlarının çağırışlarına səssiz qalmır, dəstək verir. Məsələn Türkiyə Liviyadakı müttəfiqi - mərkəzi hakimiyyətin rəhbəri Sərracın köməyinə çatdı, Tripoliyə silahlı qüvvələrini göndərdi". Politoloq qeyd edib ki, Azərbaycan Liviyadan da Türkiyəyə yaxın müttəfiqdir: "Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Azərbaycana səfəri zamanı bunu bir daha səsləndirdi və xüsusilə vurğuladı ki, Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının yanındadır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan tək böyük ölkə Rusiyadır. Təsadüfi deyil ki, Ərdoğan Putinlə görüşdə bir neçə dəfə Qarabağ probleminin həlli vacibliyini qaldırıb, Kreml sahibinin cavabı isə bu olub ki, "bu çox mürəkkəb məsələdir". Bununla Putin faktiki demək istəyib ki, Ankara bu məsələdən uzaq dayansın. Ankara Kremlin bu "məsləhətini" bir mərhələyə qədər nəzərə alırdı və məsələyə qarışmırdı. Ancaq indiki məqamda Rusiya onsuz da Türkiyə ilə tərəfdaşlığa sadiq deyil, razılaşmaları pozur, üstəgəl Suriya üzərindən gəlib Türkiyəyə sərhəd olub. Türkiyənin də Cənubi Qafqaz üzərindən Rusiyaya sərhəd olmaq hüququ var. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri "ATƏT-in Minsk qrupu Dağlıq Qarambağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir" fikrini səsləndirib. Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir". Elxan Şahinoğlu deyib ki, Ankara bölgədə fəallığını artırarkən, o cümlədən Minsk Qrupu həmsədrlərini ayağına çağırarkən, rəsmi Bakının da qarşılıqlı surətdə müttəfiqi istiqamətində fəallaşmasına ehtiyac var: "Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin də "Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını arzulayırıq, bu bölgədə sülhün və əmin-amanlıq yaradılması üçün vacib şərtlərdən biridir" məzmunlu bəyanat yayması yerinə düşər".
***
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Türkiyədən sonra həmsədrlər yenidən regiona səfər edə bilərlər. Əsas diqqətini hazırda Azərbaycanın həyata keçirdiyi hərbi təlimlərə çəkən politoloq qeyd edib ki, bu hərbi təlimlər həm Ermənistan, həm də onda dayaq duran güclərə mesaj olmalıdır: "Azərbaycan növbəti dəfə öz ordusunu təlimlərə çıxardı. Bu təlimlər Ermənistanın hazırda tutduğu siyasətə Azərbaycanın cavabıdır. Hazırda danışıqlar prosesində ciddi irəlləyişlər Yerevan tərəfindən tormozlanıb və apreldən sonra gözlənilən danışıqlar prosesinin detalları Paşinyan tərəfindən separatçılarla müzakirə edilir. Qeyd edim ki, Qarabağdakı separatçılar kəskin şəkildə güzəştə hazır deyillər və bunu Moskva ilə koordinasiya edirlər. Əgər, martın 31-də qondarma rejimdə Paşinyan öz adamını rəhbərliyə gətirə bilərsə, onun siyasi mövqeləri möhkəmlənəcək". Politoloq deyib ki, ATƏT-in Minsk qrupunun həmsdrlərinin regiona növbəti səfərə gəlməsi istisna deyil. Çünki, apreldən sonra danışıqlar mərhələsinin növbəti raundu başlanır: "Əgər, Qarabağdakı separtçıların rəhbərliyinə Paşinyan öz adamını gətirərsə, Qarabağın azəbaycanlı və erməni icmaları da danışıqlar formatında yer ala bilər. Minsk qrupunun həmsədrləri də bu istiqamətdə çalışır. Bu danışıqlarda yeni format olsa da, Yenilənmiş Madrid prinsipləri üzrə danışıqlar davam etməlidir. Paşinyanın bu təklifi Azərbyacan tərəfindən qəbul edilib. Çünki, Paşinyan məsuliyyəti bölüşmək istəyir. Paşinyan güzəştə təktərəfli deyil, Qarabağdakı ermənilərin razılığı ilə getməyə çalışır. O, bu siyasəti rəhbər tutaraq daxili böhrandan çəkinir. Amma, bu o demək deyil ki, Ermənistan əraziləri boşaldacaq. Bu, imitasiya da ola bilər. Gərək, Azərbyacan buna imkan verməməlidir".
Məhəmməd Əsədullazadə hesab edir ki, apreldən sonra Qarabağ azərbaycanlı və erməni icmalarının görüşü baş tutarsa, danışıqlar formatında yenilənmə olacaq: "Bu da Bişkek protoklunda olduğu kimi maraqlı tərəflərin danışıqlara cəlb olunmasıdır. İcmaların görüşü əsasən, Dağlıq Qarabağın statusu və birgə yaşayış və digər məsələlərlə bağlı olacaq. Azərbaycanın da bu danışıqlarda maraqlıdır. Qeyd edim ki, "Qarabağ klanı" hələ də öz təsir dairəsini saxlayır. Ermənistanda hakimiyyəti itirsələr də, onlarin növbəti hədəfi Qarabağda rəhbərliyi öz əllərində saxlamaqdı. Buna nail olarsa, Paşinyan üçün çətin günlər gözlənilməklə yanaşı, Qarabağla bağlı aparəlacaq danışıqların heç bir nəticəsi olamayacaq. Azərbaycan bu mərhələyə hazırlanmalıdır və hərbi eskalasiya ilə vəziyyəti dəyişməlidir. Ona görə də hərbi təlimlərlə ordunun döyüşə hazır vəziyyətdə saxlanılması vacibdir".
Füzuli
Olaylar.az