Hakimiyyətin növbəti siyasi açılımı -Şərh
Hakimiyyətin növbəti siyasi açılımı-Şərh
2 Mart 2020 13:43 SiyasətTəəssüf ki, bəzi siyasi dairələr buna da öz məntiqləri ilə qiymət verirlər
Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərdən sonra keçən dövr ərzində bütün istiqamətlərdə açılımlar, eyni zamanda məqsədyönlü islahatlar özünü göstərir. Hər bir həyata keçirilən islahat da öz növbəsində Azərbaycan vətəndaşının maraqlarına xidmət edir, cəmiyyətin maraqları bu zaman əsas etibarilə nəzərə alınır. Son vaxtlar siyasi sahədə də islahatlar, yeni yanaşmaların ortaya qoyulduğunun şahidinə çevrilməkdəyik. Ötən həftə ərzində ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə Prezident Administrasiyasında görüşlərin keçirilməsi və müəyyən məsələlərlə bağlı fikir mübadiləsinin aparılması deyilənlərin əyani sübutudur. Dövlət tərəfindən belə hir addımın atılması birmənalı olaraq müsbət qarşılanır və bu siyasi islahatlar sahəsində atılan məqsədyönlü addım kimi xarakterizə edilir. Elə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bu qənaətdədir. O, qeyd edib ki, ötən həftənin gündəmi qardaş Türkiyə Cümhuriyyətinin Suriya ərazisində keçirdiyi hərbi əməliyyatlar olsa da, həftənin sonuna doğru ölkə daxilində baş verən siyasi proseslər ölkə ictimaiyyətinin diqqətini iqtidar-müxalifət münasibətlərinə yönləndirdi. Partiya rəsmisi bildirib ki, Azərbaycan Respublikası Prezident Adminstrasıyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müxalif partiyalar da daxil olmaqla siyasi partiya liderləri ilə görüşlər təşkil etməsi diqqəti daha çox bu mövzuya yönəltdi: "Belə xarakterli görüşlərin təşkilini ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində aparılan, kadr dəyişikliyindən erkən bələdiyyə və parlament seçkilərinə qədər davam edən "bəyaz islahat"ın davamı hesab etmək olar.
Reallıqda bu addım hakimiyyətin "iqtidar-müxalifət münasibətlərinin siyasi mədəniyyət çərçivəsində formalaşdırılması" yuxarıda qeyd olunan "bəyaz islahat"ın ən uğurlu addımı kimi dəyərləndirilməlidir. Əslində iqtidar, "müxalifətə siyasi dözümlülük" prossesinə bir neçə müddət öncədən başlamışdı. AXCP-nın Bakı Meriyasının yanında keçirdiyi piket, AXH-nın "Qarabağa azadlıq" aksiyası qeyd etdiyimiz "siyasi dözüm"ün nümunəsidir və bu nümunələrin son nöqtəsi müxalifət partiya liderləri ilə görüşlərin təşkili prosesinə başlanması oldu". Arzuman Abdulkərimovun sözlərinə görə, bu yanaşmaya siyasi partiyaların reaksiyasını hesablamaq hər bir halda çətin olsa da ümid edirik ki, siyasi partiyalar erkən parlament seçkiləri zamanında yaranan "boykotçular" və "seçki dəstəkçiləri" kimi iki qrupa bölünməyəcək: "Zamanla ölkə müxalifəti mövcud iqtidarın siyasi kursuna tənqidi yanaşsalarda hadisələr iqtidarın "kadr və siyasi islahat" mövzusunda dayanıqlılıq nümayiş etdirdiyini göstərir. Buna nümunə kimi son bələdiyyə və parlament seçkilərində son seçkilərə qədər praktiki olaraq tanınmayan iddiaçıların namizədliyinin təsdiqinə və təbliğat-təşviqatlarının aparılmasına maneələrin yaradılmamasını göstərmək olar.
Yuxarıda sadaladıqlarım hakimiyyətin siyasi partiyalar ilə də görüşlərdə səmimi və dayanıqlı mövqe ortaya qoyduğunu göstərdi. Ancaq müxalifətin bu islahat addımına yanaşması seçkilərdə olduğu kimi birmənalı olmadı.
Keçmiş baş Nazir Pənah Hüseyn Dövlət tərbiyəsi göstərərək dəvəti qəbul etdi və Prezident Adminstrasiyasına getdi. İlqar Məmmədov görüş təklifini qəbul etsə də, siyasi təkəbbür göstərərək, görüşün Prezident Adminstrasiyasında yox, başqa yerdə keçirilməsini istədi. İqtidar təmsilçiləri növbəti dəfə səmimi mövqe sərgilədi və görüş şərtlərini qəbul edərək niyyət olaraq müsbət nəticəyə kökləndiklərini göstərdilər. Dəvət olunanlardan "siyasi əzələ nümayişi" Müsavat başqanı Arif Hacılıdan gəldi. O, siyasi görüşün "Müsavat" qərargahında keçirilməsini istəyərək müsbət nəticəyə gəlmək əvəzinə, şəxsi nüfuz prinsipi göstərməsi və yaxud da ölkədə destruktiv qüvvələrin, partiyaların siyasi danışıqlara getməsini "xəyanət" kimi dəyərləndirməsindən özünü qoruma mexanizmi kimi büruzə verdi. Yuxarıda qeyd olunanlar bir daha iqtidarın "islahat proqramı"nın səmimi olduğunu göstərir".
AVP sədrinin müavini hesab edir ki, cəmiyyətin bu məsələlərə münasibəti birmənalı deyil: "Bir qrup bu görüşlərin iqtidarın yeni komandasının siyasi partiyalarla tanışlığı, digər bir qrup isə bunu "növbədənkənar parlament seçkiləri"nin yaratdığı tonusun aşağı salınması üçün atılan addım kimi dəyərləndirir. Radikal kəsim isə hər zaman olduğu kimi xislətlərinə uyğun olaraq bu görüşə gedənləri "xəyanətdə" ittiham edir, eyni zamanda hakimiyyətin qorxaraq geri çəkilməsi kimi dəyərləndirirlər Ümid edək ki, siyasi partiya liderləri iqtidarın bu addımına heç bir rəng qatmadan prosesin səmimiliyinə inanacaq və öz dəstəklərini əsirgəməyəcəklər. Qalanını isə zaman göstərəcək.
Füzuli
Olaylar.az