Meksikanın paytaxtında Azərbaycanla bağlı mühüm tədbir

Meksikanın paytaxtında Azərbaycanla bağlı mühüm tədbir

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən "Xocalı Soyqırımı" monumenti önündə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri deputat Aqustin Qarsiya Rubio, deputat Monika Almeida Lopez, Fransisko Xavyer Qusman de la Torre, deputat Adriana Losano Rodrigez, Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Pakistan, İran, Malayziya, Ukrayna, Kot-Divuar, Banqladeş, İndoneziya səfirləri, bir sıra ölkələrin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, Meksika KİV nümayəndələri, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.

Tədbirdə ilk öncə Meksika Dəniz Hərbi Qüvvələrinin orkestrinin ifasında Meksika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Daha sonra Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Meksika Deputatlar Palatası və Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin adından "Xocalı Soyqırımı" monumenti önünə əklillər qoyuldu.

Deputat A.Q.Rubio çıxış edərək, Meksika ilə Azərbaycan arasındakı münasibətlərin 28 illik dostluğa dayandığını və bu münasibətlərin yalnız iqtisadi və ticarət əlaqələri üzərində qurulmadığını söylədi. 28 il bundan öncə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Xocalı qurbanlarının xatirəsinin məhz Azərbaycan Hökumətinin dəstəyi ilə abadlaşdırılmış Tlakskoake/Xocalı meydanında yad edildiyini qeyd edərək, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü dedi.

Daha sonra çıxış edən səfir Məmməd Talıbov dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı soyqırımından 28 il keçdiyini qeyd edərək həmin günün Azərbaycanlıların xatirələrində ən ağrılı tarixlərdən biri olduğunu dedi. Müstəqilliyinin ilk günlərindən Azərbaycan

xalqının təcavüzlə üzləşdiyini bildirərək Xocalı soyqırımının Ermənistan təcavüzünün ən qanlı və amansız səhifəsi olduğunu dedi. Sadəcə Azərbaycanlı olduqlarına görə yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğu, onlara misli görülməmiş əzab və işgəncə verildiyi bildirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31