ATU-da Xocalı soyqırımının 28-ci ildönümü anılıb
Bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) anım tədbiri baş tutub.
26 Fevral 2020 15:02 SiyasətBəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) anım tədbiri baş tutub. "Olaylar" xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli Xocalını XX əsrin və Azərbaycan xalqının tarixindəki ən böyük faciə, misli görünməmiş cinayət kimi qiymətləndirib: "XX əsrin sonları Azərbaycan xalqının tarixində bir-birindən ağır olaylar, sınaqlarla dolu günlərlə yadda qalıb. Həmin dövrdə müstəqillik uğrunda mübarizəyə qalxan xalqımız 20 Yanvar və Xocalı faciələrini yaşamalı oldu. Bu hadisələrə dərindən nəzər yetirdikdə, onların eyni ssenari əsasında həyata keçirildiyini demək olar. Dinc əhaliyə qarşı, əliyalın insanlara, uşaqlara, yaşlılara qarşı ağır silahlardan istifadə olunması, vəhşiliklərin törədilməsi, onlara sözün əsl mənasında divan tutulması... Belə nəticə çıxarmaq olar ki, bu hadisələrin məqsədi Azərbaycan xalqının iradəsini və azadlıq meyllərini sındırmaq idi". Xocalı soyqırımının bütün dünyada tanıdılması, hadisəyə hüquqi qiymət verilməsi üçün Azərbaycan dövlətinin zəruri tədbirlər gördüyünü bildirən rektor G.Gəraybəyli qeyd edib ki, soyqırımı törədənlərin cəzalandırılacağı gün yaxındadır. Toplantıda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirilib.