Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 2020 14:32 SiyasətXocalı soyqırımının ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində və struktur qurumlarda anma mərasimləri keçirilərək soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilib. "Olaylar" xəbər verir ki, tədbirdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib. Tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında "Ədliyyə Könüllüləri" ictimai birliyi ilə birgə gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə "Xocalını unutma" adlı ədəbi-tarixi tədbir keçirilib. Gənclər əvvəlcə paytaxtın Xətai rayonunda Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan yığıncaqda Xocalı hadisələrindən bəhs olunaraq bu bəşəri cinayətlərə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu istiqamətdə "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusilə qeyd edilib.
"Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı görülmüş tədbirlər" və "Xocalı soyqırımı: tarixi-hüquqi aspektdə" mövzusunda çıxışlar edilərək Xocalıda törədilmiş dəhşətli qətliamın beynəlxalq hüquqa görə, sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır beynəlxalq cinayət olduğu diqqətə çatdırılıb, soyqırımı törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.