Dostluq-qardaşlıq münasibətlərinin daha bir nümunəsi -RƏYLƏR

Dostluq-qardaşlıq münasibətlərinin daha bir nümunəsi-RƏYLƏR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana qısamüddətli, lakin olduqca məhsuldar və hər iki ölkənin maraqlarına xidmət edən daha bir səfəri reallaşdı. Fevralın 25-də bir neçə saatlıq Azərbaycanda qonaq olan qardaş ölkənin prezidenti dövlət başçısı Cənab İlham Əliyevlə keçirdiyi görüşdə, eləcə də mətbuata verdiyi açıqlamada çox mühüm detallara toxundu. Bunlar içərisində ən vacib olanı Rəcəb Tayyib Ərdoğanın Qarabağla bağlı Bakıdan işğalçı Ermənistana, eyni zamanda dünyaya verdiyi mesaj idi. Qardaş ölkənin prezidenti Bakıda söyləmiş olduğu fikirlərlə Dağlıq Qarabağ məsələsində bir daha qardaş dəstəyini açıq şəkildə ifadə etdi. Rəcəb Tayyib Ərdoğan bildiridi ki, keçən il qardaşım Əliyev "Dağlıq Qarabağ Azərbaycandır və nida" deyərək fikrini açıq şəkildə ifadə etmişdir: "Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm".

Rəcəb Tayyib Ərdoğanın Bakıda olduğu qılsa müddətli səfər zamanı həm Qarabağla bağlı söylədiyi fikirlər, həm keçirilən görüşlər və imzalanan sənədlər, həm də Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsi birmənalı olaraq müsbət qiymətləndirilir və bu kimi səfərlər, görüşlərin iki qardaş ölkə arasında əlaqələrin inkişafına bir qədər də təkan verdiyi vurğulanır.   "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O, Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına xüsusi diqqət çəkib: "Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirildi. İclasın yekununda Bakıda səfərdə olan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı. Bundan sonra prezidentlər mətbuat qarşısında bəyanatla çıxış etdilər. Birincisi, İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verdiklərini vurğuladı. İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Təyyub Ərdoğan bu sözlərlə dəstək verdi: "Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir". Beləliklə, hərbi əməkdaşlğın yeni mərhələsi gəlir. İki ölkə gələcəkdə birgə hərbi texnika istehsal edəcəklər. Ərdoğan onu da xatırlatdı ki, terrorla mübarizədə də iki dövlət əməkdaşlıq edir. Ərdoğan buna misal kimi FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olduğunu göstərdi. İkincisi, Rəcəb Təyyub Ərdoğan Bakıda dedi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Ərdoğan ticarətdə yüksək hədəfləri əməkdaşlıq etdiyi dövlətlərin liderlərinin hər biriylə görüşdə səsləndirir. Türkiyə bir çox dövlətlə əməkdaşlığı məhz Yüksək Səviyyəli Əməkdaşlıq Şuralarının iclasları vasitəsilə nizamlayır. Bir neçə il əvvəl Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar idi. O zaman Ərdoğan hədəf kimi ticarət mübadiləsini 10 milyard dollara çatdırmağı göstərirdi. İndi isə Ərdoğan hədəfi daha da böyüdərək 15 milyard dollar rəqəmini səsləndirir. Bu mümkündür. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 20 milyard dollara yaxınlaşır. 10 il əvvəl iki ölkənin investisiyaları bu rəqəmlərdən xeyli geri qalırdı. Qarşılıqlı investisiyaların həcmi 10 milyardlarla dolları keçirsə, deməli ticarət mübadiləsinin həcmini yaxın 3 il ərzində 15 milyard dollara çatdırmaq problem olmamalıdır. Əsas odur ki, Ərdoğanın dediyi kimi müvafiq nazirliklər bu istiqamətdə fəaliyyətlərini və qarşılıqlı əlaqələrini genişləndirsinlər".

Elxan Şahinoğlunun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Bakıda bir daha təkrarladı ki, Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xətti çəkiləcək: "Bu layihələrin reallaşması Naxçıvan üçün olduqca vacibdir. Doğrudur, hazırda öldürücü virusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin Naxçıvanla sərhəddi bağlanıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün Naxçıvanın iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır. Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq. Beləliklə, Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri hər iki tərəf üçün faydalı oldu. Ərdoğan bölgədə yaranan ağır durum fonunda Azərbaycana səfər edib. Türkiyə Cumhubaşqanının Azərbaycanla əməkdaşlığı misal gətirərək "dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır" sözləri də bundan xəbər verir. İlham Əliyevin "hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır" ifadəsi isə ona işarədir ki, rəsmi Bakı Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsini və bölgədəki maraqlarının qorunması siyasətini dəstəkləyir. İlham Əliyev "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir" fikrini bir daha səsləndirməyi də unutmadı. Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirsə, Azərbaycan da Türkiyənin bölgədə həyata keçirdiyi siyasəti dəstəkləyir".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlamətdar olduğunu vurğulayıb. O, bildirib ki, ötən gün Azərbaycana səfərə gələn qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyevin gündəmində bir çox önəmli məsələlər var idi: "Maraqlıdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Qazax sərhəddimizdə Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun törətdiyi təxribat və bir əsgərimizin şəhid olması fonunda baş verir. Bundan əvvəl Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı da oradakı Rusiyapərəst qondarma rejimlər Ukraynaya qarşı döyüşlərə start vermişdilər. Türkiyənin Liviya və Suriyadakı fəallığını da Kreml hərbi-diplomatik manevrlər vasitəsilə neytrallaşdırmağa, bloklamağa çalışırlar. Bir sözlə, Rusiya Türkiyənin həyati maraqları üçün əhəmiyyət kəsb edən bütün coğrafiyalarda Türkiyənin qarşısında əngəl olmağa çalışır. Belə bir kritik geopolitik durumda Azərbaycan həmişə olduğu kimi yenə də qardaş ölkənin yanındadır. Bu iki ölkənin həm qlobal planda, həm də regional müstəvidə birlikdə görəcəkləri çox iş var. Dünya güclərinin təhdid və mesajlarına birlikdə cavab verə bilərik".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31