İtaliya siyasi, iqtisadi və ticarət baxımından Azərbaycanın əsas tərəfdaşıdır -Ekspert

İtaliya siyasi, iqtisadi və ticarət baxımından Azərbaycanın əsas tərəfdaşıdır-Ekspert

İlham Əliyevin İtaliya səfəri strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təmin edəcək

Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafı baxımından əhəmiyyətli hesab oluna bilər. Nəzərə alsaq ki, ölkə başçısının bu səfəri dövlət səfəri idi, onda səfər çərçivəsində keçirilən görüşlərin, imzalanan sənədlərin əhəmiyyətinin nə qədər əhəmiyyətli olduğuna aydınlıq gəlmiş olur. Səfər zamanı 25-ə yaxın müqavilə imzalandı, onların böyük qismi iqtisadi anlaşmalardır. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya səfəri və İtaliyada həm rəsmilər, həm də iş adamları ilə görüşləri, imzalanan müqavilələr onu deməyə əsas verir ki, məhz bu səfərdən sonra iki ölkə arasında münasibətlər enerji və qeyri-enerji sektoruna transfer olunacaq. Güman olunur ki, tərəflər qeyri-neft sektorunda daha sıx əməkdaşlıq edə biləcəklər. Enerji sektorunda Azərbaycan-İtaliya birgə sərmayəsi 10 milyard dollara yaxındır, amma qeyri-neft sektorunda bu, 700 milyon dollar həcmində dəyişir. Azərbaycan iş adamlarının İtaliyanın daşınmaz əmlakı daxil olmaqla bir sıra layihələrində 1,7 milyard dollarlıq investisiyası var. Ehtimal olunur ki, bu səfər İtaliyadan sərmayənin cəlb edilməsinə də müsbət təsir göstərəcək. Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri, habelə səfər çərçivəsində imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə ikitərəfli sənədlər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək. Prezident İlham Əliyev da İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd edib. Dövlət başçısı "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirib. Xüsusi qeyd olunub ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.

Siyasi ekspertlərin qənaətinə görə, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin edib. Belə ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz var. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb. YAP Gəncə təşkilatının Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildirib ki, Cənubi Qafqaz regionunda Azərbaycan yeganə ölkədir ki, İtaliya ilə siyasi və iqtisadi dialoq ən yüksək səviyyədədir. İtaliya ilə Azərbaycan arasında illərin sınağından çıxan siyasi, iqtisadi, mədəni və elm sahələrində əməkdaşlıq bu gün digər Avropa ölkələri üçün örnək sayıla bilər. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin bu günlərdə İtaliyaya uğurlu səfəri hər iki ölkə arasında münasibətlərin, əlaqələrin, əməkdaşlığın inkişafında yeni səhifə açdı: "Üç Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik İtaliya kimi etibarlı və strateji tərəfdaşla münasibətləri inkişaf etdirmək, dialoq qurmaq ölkəmizin Avropada nüfuzunun, strateji rolunun artmasında da mühüm əhəmiyyət kəsb edəcək. Səfəri zamanı siyasi, müdafiə, iqtisadi-ticarət, kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrinin əməkdaşlığına dair 28 sənədin imzalanması, müzakirə olunan məsələlər Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması ölkələrimiz arasında yeni perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirdi".

P.Kərimzadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin İtaliyaya səfəri həm də onu göstərdi ki, İtaliya və Azərbaycan tərəfdaşlığı ancaq ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahəsində məhdudlaşmır. 2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyət İli" elan olunması da mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi xüsusi olaraq vurğulamaq olar: "Səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü də Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə olduğuna daha bir nümunə oldu. Qürurverici məqam ondan ibarətdir ki, görüş zamanı Papa Fransisk xüsusi ilə ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdə həyata keçirilən daxili, xarici siyasəti yüksək dəyərləndirib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanınır, bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik hökm sürür. İtaliyaya rəsmi səfər zamanı mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ölkəmiz bu gün dünyaya tolerantlıq və birgəyaşayış nümunəsi təqdim etdiyinin daha bir nümunəsi olub".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31