İnsanlıq tarixinin ən böyük qətliamı 28 il əvvəl Xocalıda törədilib -MÖVQE

İnsanlıq tarixinin ən böyük qətliamı 28 il əvvəl Xocalıda törədilib-MÖVQE

Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı faciə kimi daxil olub. Erməni millətçi-şovinistlərinin davamlı olaraq apardığı etnik təmizləmə, soyqırım siyasətinin nəticəsi olan Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Təəssüf ki, Xocalı faciəsini həmin vaxtlar hakimiyyət tərəfindən lazımınca qiymətləndirilməyib. Hətta  soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilməyib. Yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verildi. Məhz onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almaqdadır. Azərbaycan Prezidenti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərir. Fond neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, filmlər çəkir. Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir.

Artıq bu istiqmətdə görülmüş işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, dünyanın bir sıra ölkələri Xocalı faciəsini siyqırım kimi tanıyıblar. Konkret olaraq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Lakin Xocalı soyqırımının miqyası tələb edir ki, onun dünyada tanıdılması istiqamətində görülən işlər davamlı olsun.

Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmaqdadır. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib ki, insanlıq tarixinin ən böyük qətliamı 28 il bundan əvvəl Qarabağda törədilib. H.Altınalan bildirib ki, işğalçılıq istəyinə nail olmaq istəyən erməni dəstələri aldıqları dəstəklə Xocalıda yüzlərlə azərbaycanlını qətlə yetirdilər. O, əlavə edib ki, Xocalıdakı qətliam türklərin tarixində ən acı günlərdən biridir: "Təəssüflər olsun ki, Xocalını qan gölünə çevirən erməni dəstələri bu günə kimi törətdikləri əməllərə görə beynəlxalq məhkəmə qarşısında hesabat verməyiblər. Vaxt itirmədən beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Ermənistanı işğal etdiyi bütün Azərbaycan ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxmağa məcbur etməli və onlardan vəhşiliklərinin hesabını tələb etməlidir". Diplomatın sözlərinə görə, çağdaş dünya Xocalı qətliamı qarşısında susur, orada yaşanan vəhşiliklərə göz yumur, Ermənistan isə törətdiyi cinayətləri inkar etməkdədir: "Münxen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyan da Azərbaycan Prezidenti İlham Əliyev qarşısında Xocalı faciəsini inkar edən bir yol tutdu. N.Paşinyan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın da erməni torpağı olduğunu iddia etdi". H.Altınalan bildirib ki, arxivlərdə qeyd olunduğu kimi, N.Paşinyan özü də yaxşı bilir ki, vaxtilə Rusiya imperiyası müxtəlif yollarla erməniləri İrəvan və ətrafına yerləşdirib, beləliklə də İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında erməni bölgəsi yaradıblar: "Prezident İlham Əliyev bu tarixi faktları əsas tutaraq N.Paşinyana dərs verdi. Hətta eşitdikləri qarşısında nə edəcəyini bilməyən N.Paşinyan Dağlıq Qarabağda Ermənistan ordusunun deyil, Qarabağdakı silahlı birləşmələrin olduğunu iddia etsə də, daha sonra öz oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etdi". H.Altınalan bildirib ki, ziddiyyətli ifadələr, əsassız iddialar səsləndirən N.Paşinyan Prezident İlham Əliyevin və izləyicilərin qarşısında gülünc vəziyyətə düşdü: "Beləliklə də bütün dünya erməni iddialarının heç bir həqiqi əsasının olmadığına bir daha şahid oldu".

Rusiyalı ekspert Qalina Niyazova qeyd edib ki, Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir. Xocalı soyqırımı barədə danışarkən ekspert bildirib ki, ilk növbədə silahlı münaqişə və terrorçuluq anlayışlarını fərqləndirmək lazımdır:"Söhbət müharibədən gedərkən döyüş meydanında xüsusi hazırlıqlı insanlar üz-üzə gəlir. Xocalı faciəsi kimi dinc sakinlərə qarşı aqressiya barədə danışanda isə biz terrorçuluğu nəzərdə tuturuq. Belə vəziyyətdə hərbi qanunlara əsaslanmaq olmaz. Günümüzdə bir dövlət tərəfindən dinc sakinlərə qarşı terrorçuluq fikri tamamilə qəbuledilməzdir". Q.Niyazova hesab edir ki, terror aktlarını "müddəti ötdükləri" üçün unutmaq və ya əfv etmək olmaz, çünki bu, erməni separatçıları tərəfindən vəhşiliklərə məruz qalmış bütöv ailələrin, o zaman sağ qalmağa çalışan, bu gün isə sadəcə yurdlarına qayıtmaq istəyən insanların tarixidir. Ekspertin sözlərinə görə, tarixdə dinc sakinlərə qarşı vəhşiliklərin kifayət qədər nümunələri var: "Beynəlxalq münasibətlərin tarixi göstərir ki, dinc sakinlər üzərində zorakılığa görə məsuliyyət daşıyan ölkə yalnız törətdiklərinə və bunun nəticələrinə görə məsuliyyəti etiraf edəndən sonra inkişaf yoluna qədəm qoyur. Əks halda ölkə yalana daha da çox bataraq səylərini dünya siyasi arenasındakı və öz vətəndaşlarının gözündəki saxta imici qoruyub saxlamağa yönəldir".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31