İlham Əliyev: “Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub”

İlham Əliyev: “Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub”

Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər bizim də məsələmizdir"

Dövlət müstəqilliyimiz bərpa ediləndən sonra Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərində olan, ölkəmizin təbii zənginliyinə və geostrateji mövqeyinə üstünlük verən dövlətlər ardıcıl olaraq müstəqilliyimizi tanımağı qarşılarına məqsəd qoymuşdular. Lakin Sovet imperiyasından yenicə qurtulmuş Azərbaycanın dəstəyə ehtiayacı olduğu bir dövrdə bu addımı atmaq elə də asan məsələ deyildi. Belə bir şəraitdə Türkiyə Respublikası bütün təhdid və tözyiqlərə baxmayaraq sinəsini irəli verərək dünyaya meydan oxudu. Beləliklə, 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyi Türkiyə Böyük Millət Məclisi tərəfindən də tanındı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur. Türkiyə KİV-lərində Azərbaycan xalqının dövlətçilik ənənələri, zəngin tarixi və mədəniyyəti, müasir inkişaf istiqamətləri, ölkəmizdə əldə olunan böyük uğurlar, sosial-iqtisadi inkişafın xoş təəssüratları, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə davamlı olaraq məqalələr, məlumatlar, o cümlədən televiziya verilişləri yayılmaqdadır. Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq münasibətləri, eləcə də qarşılıqlı səfərləri iki dövlət arasındakı münasibətlərin daha da dərinləşməsinə stimul verir. Türkiyə Respublikasının  Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu fikirləri bir daha təsdiq etmiş oldu.  Xatırladaq ki, R.T.Ərdoğanın ölkmizə səfəri çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclası keçirildi. İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçirilən iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın  inkişaf prespektivləri müzakirə olunub, paralel olaraq, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanma mərasimi baş tutub.

Qeyd edək ki, müasir dövrdə iki qardaş ölkə arasında əlaqələr platformasının zirvəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası dayanır. Ümumilikdə isə həm hesabat xarakteri baxımından, həm də perspektivlər prizmasından yanaşdıqda Azərbaycan-Türkiyə münasibətləri tarixi əhəmiyyət daşıyır:  Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında deyib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub: "Hörmətli cənab Prezident, əziz qardaşım. Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur. Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar. Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək".

Bir daha xatırladaq ki, iki ölkə arasındakı münasibətlər siyasi, iqtisadi, mədəni və sair xarakter daşıyır. Xatırladaq ki, iki ölkə arasında iqtisadi əlaqələr təkcə region dövlətlər üçün deyil, eləcə də dünya dövlətləri üçün nümunə sayıla bilər. Belə ki, təkcə 2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Ötən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını Azərbaycan və Türkiyə prezidentləri birgə qeyd ediblər.

Faktdır ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər bizim də məsələmizdir. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və torpaq bütünlüyü çərçivəsində həll edilməlidir. Ərdoğan problemin həllinin uzanmasına görə ATƏT-in Minsk qrupunu da tənqid edib. Prezident İlham Əliyev isə mətbuata bəyənatında qeyd edib ki, bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır: "Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır. Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər".

Dövlət başçılarının bu fikirləri deməyə əsas verir ki, hər iki ölkənin qarşılaşdığı terror aktları, qonşu ölkələrdəki münaqişələrin təsiri, sonu hələ də görünməyən Suriya böhranının yaratdığı fəsadlar, qaçqın axını kimi vacib məsələlərin həll edilməsi üçün qardaş Türkiyə ilə birgə əməkdaşlığa ehtiyac duyulur.  Sirr deyil ki, həmişə  Türkiyənin yanında olan Azərbaycan Respublikası terrora qarşı mübarizədə daim qardaş ölkəni dəstəkləyib. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Tarix boyu hər iki ölkə arasında davam edən qardaşlıq, dostluq münasibətlər o səviyyyə çatıb ki, bunun əksini düşünmək belə mümkün deyil. Xatırladaq ki, Türkiyə kimi Azərbaycan da terrordan ən çox zərər çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan etibarən, Ermənistan Respublikası əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan terror hücumlarına məruz qalıb. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədib. Əsas hədəfləri Türkiyə və Azərbaycan olan dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı ermənilərin terrorçu təşkilatları bilməlidir ki, tarixin ağır sınaqlarından alnıaçıq çıxan bu iki qardaş ölkə bir-birinə dəstək və arxadır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31