Siyasi mübarizədən yayınan partiyaların varlığı kimə lazımdır? Siyasi analiz
Siyasi mübarizədən yayınan partiyaların varlığı kimə lazımdır?
27 Dekabr 2019 16:03 SiyasətAzərbaycanda iki mühüm siyasi hadisə cərəyan edir. Onlardan birinə artıq yekun vurulub deyə bilərik. Söhbət dekabrın 23-də keçirilən bələdiyyə və 2020-ci il, fevral ayının 10-na təyin edilmiş növbədənkənar parlament seçkilərindən gedir. Artıq bələdiyyə seçkilərinin nəticələri də bəllidir. Qarşıda isə Azərbaycanı, ölkə vətəndaşlarını daha bir mühüm siyasi hadisə, növbədənkənar parlament seçkiləri gözləyir. Baxmayaraq ki, parlament seçkilərinin 2020-ci ilin fevral ayında keçiriləcəyi ehtimal edilmir və siyasi cameədə bu prosesə hazırlıq getmirdi, ancaq buna rəğmən ölkədə növbədənkənar seçkilərə böyük marağın olduğu müşahidə edilməkdədir. Təkcə seçki prosesinə start verildiyi qısa zaman ərzində kifayət qədər iddialı şəxsin öz mövqeyini ortaya qoyması və namizədliyini irəli sürməsi belə deməyə əsas verir. Mərkəzi Seçki Komissiyasının son iclasında MSK sədri Məzahir Pənahovun açıqlamasından bəlli olur ki, parlament seçkilərində iştirak etmək üçün 1500-ə yaxın şəxs öz namizədliyini irəli sürüb. Bu da onu deməyə əsas verir ki. növbədənlənar parlament seçkiləri gərgin siyasi mübarizə şəraitində keçəcək.
Növbədənkənar parlament seçkiləri ərəfəsində ənənəvi bir prosesi müşahidə etməkdəyik. Bu da hər zaman olduğu kimi, hər seçki ərəfəsində müxtəlif bəhanələrlə radikal siyasi düşərgənin bu prosesdən kənarda qalmasıdır. Seçkilərdə iştirak etməmək demək olar ki, radikal siyasi düşərgənin alnına yazılıb. Son 10 ilə nəzər yetirdikdə bunu aydın şəkildə görə bilirik. Halbuki elə bu düşərgənin özü bir neçə ay əvvəl ölkədə növbədənkənar seçkilərin keçirilməsi tələvi ilə çıxış edirdi. Artıq növbədənkənar seçkilər elan olunub və prosesə start verilib. Lakin radikal syasi düşərgə, xüsusilə də bu düşərgənin əsas hərəkətverici qüvvəsi sayılan "Milli Şura" və Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərə qatılmaqdan imtina edir. Əslində radikalların seçkilərə qatılmamasının səbəbləri bəlli olsa da, lakin onların bunun günahını hakimiyyətin, mövcud iqtidarın üzərinə atması kökündən yalnışdır. Hakimiyyət siyasi meydan verib və istənilən şəxs, siyasi partiya və ya partiyalar bloku öz gücü, qüvvəsini bu siyasi meydanda, prosesdə yoxlaya, qüvvələr nisbətini götür-qoy edə və indiyə qədər buraxdığı səhvlərdən nəticə çıxararaq növbəti seçkilərdə həmin yalnışı düzəldə bilər. Ancaq Azərbaycanın siyasi elitası, xüsusilə də radikal siyasi düşərgədə vəziyyət fərqlidir. Seçkilərin heç bir mərhələsinə qatılmayan, namizəd irəli sürməyə cəhd belə göstərməyən radikal siyasi düşərgə kor-koranə şəkildə bəyan edir və iddia irəli sürür ki, seçkilər saxtalaşdırılacaq. Maraqlıdır, hansı əsasla belə bir iddia irəli sürə bilərsən? Əslində hər kəsə bəllidir ki, radikal siyasi düşərgə hansı səbəbdən seçkilərə qatılmır. Daha dəqiq desək sosial baza, onu dəstəkləyən elektoratın olmaması radikalları seçki mübarizəsinə qoşulmaqdan yayındırır. Bu da təbiidir. Çünki ötən 20 ildən artıq müddətdə heç bir uğur qazana bilməyən, hər hansı bir yeniliyə imza atmayan, cəmiyyətə, seçicilərinə, yaxın elektoratına təzə nəs deməyən bir siyasi qüvvənin hər hansı bir seçkidə cüzi də olsa uğur qazanması qətiyyən mümkün görünmür. O səbəbdən də, radikal siyasi düşərgə seçkilərdə iştirakdan imtina edir.
Ancaq bu zaman ortaya maraqlı bir sual çıxır. Siyasi mübarizədə aktiv iştirak etməyən, seçkilərə qatılmayan, heç bir təşəbbüs və yeniliklə çıxış etməyən bir partiyanın varlığına nə lüzum var? Daha yaxşı olmazmı ki, illərdir bərk-bərk yapışdığınız kreslolar, isti otaqlarını tərk edib, öz yerinizi gənclərə verəsiniz? Axı indi bütün dünyada, o cümlədən Azərbaycanda sürətli şəkildə dəyişikliklər, yeniliklər baş verir. Dünənə qədər hakimiyyətin müxtəlif pillərində qocaman məmurların əyləşdiyini ciddi şəkildə tənqid edir, yeniləşmə, idaretmədə gəncləşmə tələb edirdiniz. Artıq ölkədə sürətli şəkildə bu proses gedir. Əcəba, sizlər niyə bunun fərqində deyilsiniz, nə üçün gəlir mənbəyi, ata malı, şəxsi mülk kimi baxdığınız partiyalarda gəncləşmə etmirsiniz?. Siyasi uğursuzluq, elektorat qıtlığından əziyyət çəkdiyiniz üçün seçkilərə getmədyinizin cəmiyyət fərqindədir. Heç olmasa sizlərin yolunda sözün həqiqi mənasında canlarını qoyan gənc partiya funksionerlərinə haqsızlıq etməyin. Nə qədər gec deyil, özünüzdə siyasi iradə tapıb bu addımı atın. Əks təqdirdə yaxın bir neçə ildə elə yetişdirdiyiniz gənclər sizləri süpürüb partiyadan bayıra atacaqlar. Çünki gənc nəsil liderinin uğursuzluq sindromundan qurtula bilməməsini gec-tez bağışlamır.
S.İsmayılbəyli
Olaylar.az