Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi hər iki dövlətin xeyrinədir

Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi hər iki dövlətin xeyrinədir

Dövlətlərarası mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq ölkələrin təhlükəsizliyi və inkişafı baxımından çox əhəmiyyətlidir. SİA-ya müsahibəsində bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, Azərbaycan-Rusiya münasibətlərinin ildən-ilə möhkəmlənməsinin elm, təhsil, mədəniyyət, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin bunu əyani ifadəsi olduğunu söyləyib.
"Son illərdə Azərbaycanın Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfərləri və bu ölkənin dövlət rəhbərləri ilə səmimi görüşləri tarixən bir-birləri ilə sıx əlaqələri olan xalqların dinc yaşamasına, gələcək rifah halının yaxşılaşdırılmasına hesablanmışdır. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti nəticəsində artıq Rusiya federasiyası dövlətimizi özünün strateji tərəfdaşı hesab edir və ölkəmizə münasibət müsbət dərəcədə dəyişməkdədir. Rusiyanın iş adamlarının Azərbaycana marağı artmaqda, sərmayə qoyuluşu yüksəlməkdə, ixrac potensialımız genişlənməkdədir. Ölkəmizdən Rusiya bazarlarına ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi indi yüz milyonlarla hesablanır. Münasibətlərin yaxşılaşması ilk növbədə Rusiyada yaşayan yüz minlərlə azərbaycanlıların sərbəst fəaliyyətinə, yaxşı yaşamasına zəmin yaradır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan Diaspora rəhbərləri ilə görüşündə də bu fikirlər bir daha səsləndirilmiş, dövlətimizin başçısı Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılmasından məmnunluq duyduğunu bildirməklə bərabər, bu sahədə Rusiyada yaşayan hər bir azərbaycanlının fəaliyyətinin zəruriliyini qeyd etmişdir. Cənab İlham Əliyev dəfələrlə qəti şəkildə bildirmişdir ki, Azərbaycan-Rusiya əlaqələri daha da yaxşılaşdırılmalı, inkişaf etdirilməlidir. Bu səbəbsiz deyildir. Çünki, Rusiya dünyanın ən böyük aparıcı dövləti olmaqla, bizim yaxın qonşumuzdur, dost ölkədir. Xalqlarımız bir-birinə qaynayıb-qarışıb. Uzun illər bir məqsəd, bir məkan, bir məqam uğrunda mübarizə aparmışıq. Faşizmə, düşmənə qarşı bir olmuşuq. Dərd-sərimizi, sevincimizi bir bölmüşük. Belə olan halda, Azərbaycan-Rusiya əlaqələrinin bundan sonra da möhkəmlənməsi və bu yolda ölkəmizin rəhbərinin uğurlu siyasəti əlbəttə ki, hər bir Azərbaycan vətəndaşının ürəyindəndir", deyə Tahir Rzayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31