Vətəndaşların “çörəyinə şərik” çıxan məmurlar- ŞƏRH
Vətəndaşların “çörəyinə şərik” çıxan məmurlar-ŞƏRH
23 Dekabr 2019 14:47 SiyasətVəzifəsindən sui-istifadə edən vəzifəli şəxslərin işdən azad edilməsi xalq tərəfindən dəstəklənir
Ölkədə iki rayon icra hakimiyyəti başçısının həbsi bir sıra qaranlıq mətləblərin üstünün açılmasına səbəb oldu. Daha dəqiq, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbsi ölkənin ictimai-siyasi həyatında əməlli-başlı zəlzələ effekti verdi. Səslənən ittihamlara əsasən adıçəkilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxsaylı qanunsuz əməllərə imza atıblar. Belə ki, iş adamlarının sıxışdırılmasından tutmuş işsiz vətəndaşlar üçün dövlət tərəfindən ayrılan vəsaitin mənimsənilməsi kimi qeyri-qanuni hərəkətlərə yol veriblər. Təbii ki, belə qanunsuz əməllərin törədilməsində adıçəkilən icra başçıları tək olmayıb, onların buyruğunu canla-başla icra edən "sədaqətli köməkçiləri" də fəallıq nümayiş etdiriblər. Bu isə o deməkdir ki, məlum şəbəkə o qədər dərin kök atıb ki, kələfin ucu digər dövlət strukturlarına gedib çıxır. Heç şübhəsiz ki, bu qədər planlı, mütəşəkkil şəkildə ölçülüb-biçilmiş qanunsuz hərəkətlərin icrası üçün illər tələb olunur. Deməli, illərdir ki, dövlət başçısının etimad göstərdiyi icra başçıları öz qanunsuz əməlləri ilə dövlət orqanları barədə rüşvətxor obrazı yaradıblar. Prezident İlham Əliyev ölkənin qanunverici orqanından, dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdiyi halda, rüşvətxor icra başçıları tam əks fəaliyyətlə məşğul olublar. Halbuki, dövlət başçısı daim məmurlara onların vətəndaşlara xidmət etmələrinin əsas prinsip olduğunu xatırladıb.
Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə bir daha qeyd edib ki, bütün sahələrdə tam şəffaflıq olmalıdır: "O cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq". Bu isə o deməkdir ki, prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan ciddi struktur və kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Parlament seçkiləri ərəfəsi hətta YAP-ın adı hallanan qərarın ertələnməməsi Prezidentin bu məsələdə nə qədər qətiyyətli olduğunu göstəricidir.
Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən iki rayon icra hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi ölkədə aparılan kadr islahatı kimi dəyərləndirilməlidir: "Prezident ali icra hakimiyyətinin rəhbəri olduğundan icra baçşılarının vəzifəyə təyin və azad edilməsi birbaşa onun səlahiyyətinə daxildir. Dövlət başçısı yaxşı bilir və kifayət qədər informasiyası var ki, hansı icra başçısı vəzifəsini necə icra edir. Buna müvafiq olaraq da onların təyinatını həyata keçirir. Məlum olduğu kimi İlham Əliyev digər ölkələrin dövlət başçıları kimi sıradan olan prezident deyil. O, cəmiyyət tərəfindən çox yüksək dəstəyə malikdir və seçkilərdə yüksək səs almış prezidentdir. Eyni zamanda, siyasi lider kimi Avropada və dünyada tanınmış siyasətçidir. Ona görə də bir siyasətçi və vətəndaş olaraq dövlət başçısının qərarlarına çox inanıram. Hesab edirəm ki, prezidentin islahatlarla bağlı verdiyi hər hansı qərar yalnız obyektivlik üzərində qurulur". M. Səfərli əlavə edib ki, hazırda cərəyan edən proseslər deməyə əsas verir ki, dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar davamlı olacaq: "Şahidiyik ki, prezident tərəfindən kadr islahatları davamlı olaraq aparılır. Hesab edirəm ki, dövlət başçısı lazım olduğu qədər bu kursu davam etdirərcək. Prezidentin kadrlardan istədiyi ondan ibarətdir ki, dürüst işləsinlər, qanunlara əməl etsinlər, cəmiyyət-dövlət üçün işləsinlər, vətəndaşların problemlərini həll etsinlər. Prezident təyin etdiyi kadrlardan bunu istəyir, başqa elə bir tələbi yoxdur. Bunlar da normal və mövcud qanunlara uyğun tələblərdir. Kim bu tələblərə cavab verəcəksə vəzifəsinin icrasını davam etdirəcək, etməyənlər barədə isə prezident düzgün və obyektiv qərar verəcək". Deputat Aydın Mirzəzadə Azərbaycan prezidetninin son kadr islahatları ilə bağlı atdığı addımları şərh edərkən qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə atdığı qətiyyətli addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlib: "Yeri gəldikcə situasiyaya uyğun olaraq kadr islahatları dövlət başçısı tərəfindən aparılacaq. Burada məqsəd kimisə vəzifədən azad etmək deyil və bu belə başa düşülməməlidir. Məqsəd ölkənin köklü problemlərinin həlli və vətəndaşların etimadını qazanmaqala bağlıdır". Onun sözlərinə görə, işinin öhdəsindən gələn, idarəetmədə yaxşı nəticə göstərən kadrlara etimad bundan sonra da yüksək olacaq: "Ancaq etimadı doğrultmayanlar müvafiq cavablarını alacaqlar".
Ümumilikdə qeyd etmək olar ki, Azərbaycanda artıq yeni situasiya yaranıb. Prezident İlham Əliyev daha qətiyyətli qərarlar qəbul edərək vəzifəsinin öhdəsinin gələ bilməyən yüksək vəzifəli məmurları işdən azad edir. Bu isə ona dəlalət edir ki, uzun illərdir eyni vəzifədə oturub korrupsiya və rüşvətxorluqla məşğul olan, xalqın və dövlətin əmlakını mənimsəyən vəzifə sahiblərinə qarşı bundan sonra da mütləq lazımi tədbirlər görüləcək. Çünki, onlar vəzifədə olduqları müddətdə yalnız özlərini düşünüblər, qapılarını xalqın üzünə qapayıblar. Ona görə də sadə vətəndaşların şikayət və təklifləri müvafiq şəxslərə ya çatmayıb, ya da bununla bağlı heç bir tədbir görülməyib. Bu baxımdan, Prezidentin bu cür addımlıarı xalqın hakimiyyətə inamını qaytarmaq baxımından da çox vacibdir. Odur ki, iki rayon icra başçısının işdən azad edilməsi bu istiqamətdə qəbul edilmiş təqdirəlayiq qərarların davam etməsinə işarə sayıla bilər. Bu halda qətiyyətlə demək olar ki, təkcə icra başçılarının deyil, eləcə də vəzifəsindən sui-istifadə edən digər yüksək çinli məmurların da işdən çıxarılması və məsuliyyətə cəlb olunması xalq tərəfindən bəyənilən və dəstəklənən addım hesab olunur.
Alim
Olaylar.az