Beynəlxalq təşkilatların hesabatları nə vəd edir? Siyasi analiz
Beynəlxalq təşkilatların hesabatları nə vəd edir?Siyasi analiz
23 Dekabr 2019 14:04 SiyasətErmənistan-Azərbaycan münaqişəsini ölü nöqtədən çıxarmaq üçün yeganə yol danışıqlar masasıdır
Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı "Dağlıq Qarabağ məsələsini dalandan çıxarma" adlı son hesabatı cəmiyyətdə müzakirə predmetinə çevrilib. Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ regionu ilə bağlı Ermənistanla Azərbaycan arasında dayanmış sülh prosesində açılmış dar nəfəs yolu yenidən bağlana bilər. Sənəddə bildirilir ki, bu, baş verərsə, Bakı və İrəvan nəinki indiyə kimi əldə etdiklərini itirə, həm də prosesi tamamilə dəfn edə bilər: "Bakı və İrəvan çevik hərəkət etməlidir. Onlar ziddiyyətli mövqelərin kökündə duran məsələlər istiqamətində danışıqlara başlaya bilərlər". Hesabatda qeyd olunur ki, 2019-cu ilin əvvəlində münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş hiss olunub: "Ermənistanın yeni hökuməti kompromisli həlli axtarmağa hazır olduğunu bildirmişdi. Bakının da münaqişənin həlli yollarının axtarışı üçün daha açıq olduğu göründü. Aprel hadisələrindən sonra yenilənmiş diplomatik münasibətlər itkilərin azalmasına və danışıqlar üçün daha münasib mühitin yaranmasına gətirib çıxardı. Azərbaycan və Ermənistan hökumətləri təmas xəttində humanitar layihələrin həyata keçirilməsinə razılıq verdi, jurnalistlərin qarşılıqlı səfərlərinə və həbs olunmuş şəxslərin yaxınlarına baş çəkməsinə icazə verildi". Həmçinin qeyd olunur ki, buna baxmayaraq, yeni yanaşma danışıqların yenilənməsinə yol açmayıb. Hesabat müəlliflərinin fikrincə, illər mövqeləri sərtləşdirib. İrəvan, Bakı və Dağlıq Qarabağdakı de-fakto hakimiyyət Dağlıq Qarabağın gələcəyi ilə bağlı kompromisdən uzaq bəyanatlar səsləndirir. Bildirilir ki, son aylar Ermənistan-Azərbaycan münasibətləri tərəflərdən birinin digərinin açıqlamasını təxribatçı hesab etməsindən sonra daha da soyuyub. Əgər hər iki tərəf 2019-cu ildə qurulmuş bünövrəyə istinad etməsə, sabit vəziyyət uzun çəkməyə bilər. Hesabatda bildirilir ki, kompromisin axtarılması istiqamətində təkrar səylər gərginliyin yaranmasının qarşısını ala bilər. Tərəflər 1992-1994-cü illər müharibəsindən sonra mübahisədə olduqları 3 əsas məsələyə qayıda bilərlər: "Bunlardan birincisi Dağlıq Qarabağa bitişik rayonların taleyidir. Azərbaycanlılar müharibə zamanı bu ərazilərdən köçməyə məcbur ediliblər. Danışıqlar üçün şəraitin yaranması üçün ilk şərtlərdən biri Ermənistanın Dağlıq Qarabağdakı de-fakto rəhbərliyi məskunlaşma planını müvəqqəti olaraq dayandırmağa, Azərbaycanı isə bunun əvəzində beynəlxalq məhkəmələrdə münaqişənin həlli ilə bağlı şikayətlər irəli sürməsini dayandırmağa və sanksiyalar irəli sürməməyə inandırmaqdır. İkinci şərt potensial sülhməramlı qüvvələrin və monitorinq missiyasının tərkibi və mandatı ilə bağlıdır. Bu missiya zorakılığı azaltmağa, sülh sazişi üçün şərait yaratmağa nail ola bilər. 1990-cı ildən ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupu fəaliyyət göstərir. Tərəflərin razılığı ilə ATƏT bu qrupu təlimatlandıra və müəyyən müddət üçün (bir il ola bilər) mandat verə bilər ki, sülhməramlı missiya üçün variantlar müəyyənləşsin. Sonuncu məsələ Dağlıq Qarabağın statusudur. Status məsələsi münaqişənin əsasında durur və həlli çətindir. Ermənistan və Xankəndi dövlətin qurulmasını təkid edir. Azərbaycan isə Azərbaycanın tərkibində Dağlıq Qarabağa özünü idarəçilik verməyi təklif edir. Statusla bağlı istənilən danışıqlar ehtiyatla və bir qədər qeyri-formal başlamalıdır". Sonda qeyd olunur ki, birbaşa danışıqlar özü ilə risklər də gətirir, lakin illər keçir və həll potensialını daha çox əlçatmaz edir, vaxt uzandıqca müharibə riski daha da artır: "Danışıqlar masası arxasına qayıtmaq çətindir, lakin bu, Azərbaycan və Ermənistanın münaqişəni ölü nöqtədən çıxarması üçün yeganə yoldur".
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib ki, Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayırıq. Əslində, Beynəlxalq Böhran Qrupu hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur, illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi bizim tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə dəfələrlə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq öhdəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq faktaraşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyası, həm də 2010-cu ildəki sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatında ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alıb. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçrilməsinin hüquqi sübutu Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 2015-ci ildə qəbul etdiyi qərardır. Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş vətəndaşlarımızın xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində addımlar atıldıqdan sonra bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaqdır". İşğal olunmuş Azərbaycan ərazilərində beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) bu xüsusda roluna toxunan mətbuat katibi deyib: "İşğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştirakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq. Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. İşğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə münaqişənin həlli istiqamətində bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər. Sonda vurğulamaq istərdim ki, bu məsələlər münaqişənin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir".
Zəka
Olaylar.az