Azərbaycanın uğurlu inkişaf yolu- Siyasət

Azərbaycanın uğurlu inkişaf yolu-Siyasət

90-cı illərin səriştəsiz idarəçiliyindən tərəqqi dövrünə qədəm qoyan Azərbaycana doğru

Azərbaycan dövləti və dövlətçiliyinə qənim kəsilən, imkan tapdıqca ona zərbə vurmağa çalışan qüvvələrin məkirli niyyətləri demək olar ki, günümüzdə Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinə bəllidir. Yalnız yetişməkdə olan gənc nəsil bir qədər bu barədə məlumatsız olduğundan, xəyanətkar ünsürlər onları öz  torlarına salmağa çalışsalar da, lakin cəmiyyətin, xüsusilə gənclərin maarifləndirilməsi, yaxın tariximizin onlara təbliğ edilməsi istiqamətində görülən işlər, atılan addımlar onları da antimilli qüvvələrdən uzaqlaşdırır, həmin radikal siyasi qüvvələri meydanda tək qoyur. Elə bunun göstəricisi, elektorat qıtlığının nəticəsidir ki, radikal siyasi qüvvələr bir qayda olaraq siyasi hakimiyyətə gəlməyin yeganə sivil yolu olan seçki mübarizəsindən yayınır, Azərbaycanda keçirilən bu və ya digər seçkilərdə iştirak etmirlər. Elə hazırda sayılı günlər qalan bələdiyyə seçkiləri və fevralın 9-da baş tutacaq növbədənkənar parlament seçkiləri kimi.

Əslində radikal siyasi düşərgənin bu və ya digər seçkilərdə iştirak etməməsi də başadüşüləndir, anlaşılandır. Bunun bir səbəbi antimilli qüvvələrin xalq tərəfindən dəstək görməməsidirsə, digər başlıca səbəbi isə onların idarəçilik qabiliyyətlərinin olmamasıdır. Yaxın tariximiz, müstəqilliyin ilk illərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün o illərdə Azərbaycanı hara apardıqları, ölkəni hansı uçuruma sürüklədikləri hər birimizin gözü qarşısında baş verib. Hakimiyyəti idarə etmək üçün nəinki heç bir siyasi platforma, strategiyaya malik olmayan bu qüvvələr, eyni zamanda yenicə müstəqillik əldə etmiş ölkənin iqtisadiyyatını hansı yollarla, necə inkişaf etdirməyin də yolunu bilmir, siyasətdə olduğu kimi, iqtisadiyyatda da meydan eyforiyasından çıxış edərək addımlar atır, belə demək mümkünsə tədbirlər həyata keçirirdilər. Məsələn, Azərbaycanda kənd təsərrüfatının mühüm və ənənəvi sahələrindən olan pambıqçılığı inkişaf etdirmək əvəzinə bu sahəni tənəzzülə aparır, on minlərlə hektar olan pambıq sahələrini məhv edərək şəxsi məqsədləri üçün mənimsəyirdilər. Yaxud, bir vaxtlar keçmiş SSRİ məkanına şərab ixrac edən və üzümçülükdə kifayət qədər inkişaf edən Azərbaycan dövləti məhz AXC-Müsavat hakimiyyəti dövründə özünün üzümçülük sahəsində tənəzzül dövrünü yaşadı. Ölkədə sovetlərdən qalan və müxtəlif regionlarda yerləşən şərab zavodlarının avadanlıqları sökülərək satıldı, talan edildi. Təkcə pambıqçılıq, üzümçülük deyil, ümumiyyətlə Azərbaycan üçün ənənəvi hesab edilən bütün sahələri inkişaf etdirmək əvəzinə, talan edib ölkəni dərin iqtisadi və sosial uçuruma sürüklədilər. Ayrı-ayrı sahələrə həmin sahədən qəti anlayışı olmayan şəxslərin qohumluq dostluq, meydanda çiyin-çiyinə durmaq prinsipindən çıxış edilərək təyin olunması da demək olar ki, hər bir sahədə Azərbaycanın tənəzzül dövrünü yaşamasına gətirib çıxardı. Nəticədə iqtisadi və siyasi böhran çoxsaylı problemlərin meydana çıxması, xalq kütlələrinin səriştəsiz idarəçilikdən xilas olması üçün ayaqlanmasına yol açdı. Bu gün AXC-Müsavat hakimiyyətinin nümayəndələri hər vəchlə hakimiyyətdən devrilmələrini hansısa xarici qüvvənin Azərbaycanda olan maraqları ilə bağlasalar da, lakin reallıq ondan ibarət idi ki, cəmiyyət artıq bu cür səriştəsiz və ölkəni uçuruma aparan idarəçilikdən bezmişdi. Ona görə də ayaqlanmış, dövlətə qənim kəsilən qüvvələrlə yolunu ayırmasını qərarlaşdırmışdı.  Çünki qeyd etdiyimiz kimi, sözügedən hakimiyyətin əsas məqsəd və məramı Azərbaycanı dağıtmaq, parçalamaq idi. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ötən gün ölkədə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı keçirdiyi müşavirədə bütün bunları qeyd edərək həmin antimilli qüvvələrin məqsəd və məramnlarını bir daha ortaya qoydu. Dövlət başçısı bildirdi ki, həmin dövrdə ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi: "Sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü".

Belə bir vəziyyətdən çıxış yolu isə təbii ki, daha səriştəli, daha idarəçi birinin hakimiyyətə gəlməsi və ölkəıni bu bəladan xilas etməsində idi. Və o zaman haqlı olaraq Azərbaycan cəmiyyəti ölkəni dağıdıcı qüvvələrdən xilas etmək üçün ümummilli lider Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi və məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün problemlər köklü şəkildə aradan qalxdı. Həmin dövrdə diqqət çəkən Cənab Prezident bildirib ki, yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük: "O vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il "Əsrin kontraktı"nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü".

Günümüzdə Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Həyata keçirilən uğurlu siyasət, atılan addımlar və reallaşdırılan islahatlar, tədbirlər ölkəmizin qarşıdakı illərdə də uğurlu inkişaf yolu ilə addımlayacağını deməyə əsas verir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31