İslahatlar, dəyişikliklər, yenilənmələr ölkənin bütün təbəqələri üçün vacibdir- RƏYLƏR
İslahatlar, dəyişikliklər, yenilənmələr ölkənin bütün təbəqələri üçün vacibdir-RƏYLƏR
16 Dekabr 2019 15:20 SiyasətRadikal siyasi düşərgənin təmsilçiləri fürsət düşdükcə cəmiyyətdə gərginlik yaratmağa, bu və ya digər mühüm proses ərəfəsində təxribat törətməyə çalışır, ölkədə baş verən hansısa hadisəyə mane olmağa cəhd göstərirlər. Dövlətin, onun müvafiq strukturlarının nümunəvi xidmət göstərməsinə, davranışlarına baxmayaraq bu kimi təxribatçı hərəkətlərin zaman-zaman davam etdiyinin şahidi oluruq. Bu günlərdə bələdiyyə seçkilərində namizəd olan blogger Mehman Hüseynovun seçki məntəqələrindən birində yol verdiyi təxribatçı hərəkətlər də bunun əyani şahididir. Rəsmən təxribat törədən və məktəb direktorunu qarşıdurmaya cəlb edən Mehman Hüseynovun bu əməlləri cəmiyyətin əksər nümayəndələri tərəfindən normal qarşılanmayıb.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da Mehman Hüseynovun məlum hərəkətlərini biabırçılıq kimi xarakterizə edib: "Bu da az öncə, bir əzilən demokrat imici ilə ölkəni titrədən, hüquqları uğrunda xalq, cəmiyyətin ürək ağrısı, göz yaşı, gərgin hiddətlə müdafiəsində durub, həbsdən azad etdiyi, gənc qəhrəman. Bu da, müxalif düşərgənin gələcəyi, ümidi, gənc nəslə örnək saydığı və televiziyalara dəvət olunub, siyasi liderlərin tumarlayıb başa keçirdiyi gənc demokrat. Sən bir tərbiyə və davranışa, bir savad-danışığa, səviyyəyə, psixoz aqressiyanın, hikkənin dərəcəsinə bax. Təmiz xuliqanlıqdı bu. Dünən südlü aclıq keçirirdi həbsdə. Cəmiyyətin, beynəlxalq təşkilatların, təsiri ilə iqtidar hörmət, izzətlə azad etdi. Özüm də, az təsirli yazmadım. Bu gəncə görə hökuməti kəskin qınadım. Dərhal da xaricə də getmək izni verildi. Getdi, gəzdi, gəldi. Bələdiyyə seçkilərinə buraxıldı və namizəd oldu. Görün, direktor onu tanıyandan sonra necə yalvarır ona ki, Mehman, və Mehman müəllim. Və bu da nəticə. Müvəffəqiyyəti sinirə bilməmə. Sual yaranır ki, biz ümumiyyətlə, demokratiyaya hazırıqmı, bir cəmiyyət olaraq buna yetmişikmi?"
İlqar Altay hesab edir ki, ümumilikdə problem ümumi cəmiyyətdədir. Onun sözlərinə görə, iqtidar da, müxalifət də bu ölkə və cəmiyyətdən törəyirsə, iqtidardakı mənfilər və mənfilklər müxalifətdə də mövcuddur: "Yəni bu Mehman özü "Qaçqınkom" Əli Həsənovun nəvəsi olsaydı, çox güman ki, həmin nəvədən çətin fərqlənərdi. Hələ, təhqir, söyüşcül, trollçu gəncləri demirəm. Elə bilirsiniz, müxalifət içində Tağı Əhmədov, ya Əhəd Abıyev kimi yaşlılar azdır? İllərlə, on illərlə rayonlarda oturub, yerli partiya sədri adı ilə, inkişaf etməyən, günü domino, nərd oynamaqda keçən, oxuyub, siyasi iqtisadi, hüquqi ictimai biliklərə sahiblənməyən, özünü kifləndirib paslandıran sabah hakimiyyət dəyişib icra başçısı, idarə rəisi keçsə necə olar?. Ona görə də, deyirəm ki, islahatlar, dəyişikliklər, yenilənmələr ölkənin bütün təbəqələri üçün çox vacibdir. İslahatlar həm iqtidar, həm müxalifət, həm də ən əvvəlcə, xalq, cəmiyyət üçün lazımdır. İnanın ki, bizim bu xalq və cəmiyyət maariflənib, təfəkkür və düşüncəsi dəyişməsə, bacarıq və qabiliyyəti, işgüzarlığı açılmasa, geridə, problemdə qalarıq. Biz inkişaf edib, ən lazımi səviyyədə siyasiləşib ağı-qaradan, yaxşını-pisdən ayırma, yəni, seçim etmə səviyyəsinə yetməli, buna hazır olmalıyıq. Öz, xalq beynimiz, fikrimiz, zövqümüz olmalıdır. Əks halda isə, sərbəst seçim imkanı olarsa, biz, bəlkə də Mehmanı deputat, Şeyx Nəsrullah kimi birisini şirin-yağlı sözlərilə prezident də seçərik. İstəmirdim, amma bəzi şərhlərə rəğmən məcburam öz şəxsi və hüquqi təhlilimi deyim. Onu bilək ki, hökumət Mehmana yəqin ki, bəlkə də test üçün yaşıl işıq yandırıb. Bu yaşıl işıq da təbii ki, vertikal olaraq aşağı, direktora çatıb. Direktor da, azacıq tələbdən və tanıyandan da sonra üzrlü və xoş danışdı. Mehman da təbii ki, bu yaşıl işığı gözəl bilir, hiss edir və öz tərbiyə səviyyəsinə uygun arxayın xoruzlandı, direktoru qızışıb təhqir etdi, dövlət adamını şagirdlərin qarşısında alçaltdı. Xuliqanlıq. Bu yaşıl işıq olmasa kim idi Mehmanı seçkiye buraxan, namizədliyini qeydə alan. Direktor onu 5 dəqiqədə polis çağırıb yerinə oturdardı. Məncə o işıq söndü artıq".
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, Mehman Hüseynovu sevib, onun hansısa bələdiyyə sədri, yaxud hansısa bir deputat olmaq istəyinə müsbət yanaşan adamlar Mehmanın məktəb direktoruna qarşı etdiyi haqsızlığa necə haqq qazandıra bilərlər: "Belə haqsızlıqla başımıza çıxan adamları kimlər müdafiə edib öz başçılığına gətirəcəksə, gedin hamınız onun kölələri olun. Adi bir məktəb direktoruna etdiyi kobudluğu sizin başınıza çıxandan sonra daha çox edəcək. Şoumenliklə rəhbərlik etmək ağıllı insana yaraşmır. Rəhbərlik etmək istəyən insan mədəni, alicənab, sakit olmalıdır. Elə müdiri olan adamlar öz işlərini tez tərk edirlər".
Füzuli
Olaylar.az