Ermənistan müxalifəti yeni Konstitusiya layihəsini dəstəkləməyəcəyini bəyan edib – ÖZƏL
12:40 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" blokunun fraksiya katibi Tiqran Abramyan keçirdiyi brifinqdə bildirib ki, rəhbərlik etdiyi siyasi qüvvə yeni Konstitusiya layihəsini dəstəkləmək niyyətində deyil. Abramyanın sözlərinə görə, noyabrın 23-də dərc olunan layihənin mətnində Azərbaycanın tələbinə uyğun olaraq Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad, eləcə də "erməni soyqırımı"nın tanınması zərurəti ilə bağlı bənd və digər mühüm müddəalar çıxarılıb. O, layihəni qeyri-demokratik adlandıraraq kənar ölkənin tələbi ilə Konstitusiyanın qəbul edilməsinə qarşı çıxdıqlarını vurğulayıb. Deputat Liana Manukyan da əsas bəndlərin mətndən çıxarıldığını əsas gətirərək layihə ətrafında predmetli müzakirələrdə iştirak etməyəcəklərini və növbədənkənar seçkilərə hazır olduqlarını qeyd edib. Bundan əvvəl "Ermənistan" fraksiyasının katibi Artur Xaçatryan da Baş nazir Nikol Paşinyanla referendum məsələsi üzrə danışıqların istisna olunduğunu bildirmişdi.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini əsas şərt kimi irəli sürür, çünki sənədin preambulasındakı Müstəqillik Bəyannaməsinə istinadda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alır. Baş nazir Nikol Paşinyan isə daha əvvəl müxalifətə referendumun keçirilməsinə razılıq verməyi təklif etmiş, əks halda növbədənkənar seçkilərə gedəcəyini bəyan etmişdi. 2026-cı il iyunun 7-də keçirilən seçkilərdə 49,81 faiz səs toplayan hakim "Vətəndaş müqaviləsi" partiyasının parlamentdə Konstitusiya dəyişikliyi və ya referendum təşəbbüsü irəli sürmək üçün tələb olunan üçdə iki səs çoxluğu yoxdur.