Demokratlar ABŞ Nümayəndələr Palatasında 1992-ci ildən bəri ən böyük çoxluğu əldə ediblər – ÖZƏL
12:18 DünyaOlaylar.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, Demokratlar partiyası Şimali Karolina ştatından olan namizəd Çak Habbardın respublikaçı rəqibi Virciniya Foksu məğlub etməsindən sonra ABŞ Nümayəndələr Palatasında 1992-ci ildən bəri ən böyük üstünlüyünü qazanıb. 2005-ci ildən sözügedən dairəni təmsil edən, eləcə də Türkiyə və Azərbaycan üzrə kokusların üzvü olan Virciniya Foks 2019-cu ildə qondarma "erməni soyqırımı"nın tanınmasına qarşı səs vermişdi. Bazar günü səslərin təkrar sayımından sonra Habbardın rəqibini 330 səs fərqi ilə üstələdiyi rəsmən təsdiqlənib və Foks məğlubiyyətini qəbul edib.
Arasında keçirilən bu seçkilərdə Senata da nəzarəti ələ keçirən demokratlar hazırda Nümayəndələr Palatasında azı 258, respublikaçılar isə 173 yerə sahibdirlər. Dörd dairə üzrə nəticələr hələ tam elan olunmayıb: Tennessi və Minnesota ştatlarında səslərin sayılması davam edir, Luizianada isə dekabr ayında ikinci tur keçiriləcək.
Məlumata əsasən, demokratların ənənəvi respublikaçı ştatlarda da uğur qazanmasının əsas səbəblərindən biri İranla müharibə fonunda ABŞ-də yaşayış xərclərinin və inflyasiyanın artması olub. Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens də məğlubiyyətdə bu amilin rol oynadığını istisna etməyiblər. Çak Habbard seçicilərin dəyişiklik istədiyini bildirərək Konqresdəki həmkarları ilə birlikdə Tramp administrasiyasının hesabatlılığına nail olacağını, eləcə də kiçik biznesə, təhsilə və səhiyyəyə dəstək verəcəyini bəyan edib. Konqresin hər iki palatasına nəzarət demokratlara qanun layihələrini qəbul etmək və administrasiya ilə bağlı araşdırmalar aparmaq imkanı versə də, Prezident Trampın qanunlara veto qoymaq hüququ qüvvədə qalır.