Azərbaycanda sosial rifahın təminatına xüsusi diqqət yetirilir- MÜNASİBƏT

Azərbaycanda sosial rifahın təminatına xüsusi diqqət yetirilir-MÜNASİBƏT

 "Sosial ədalət Azərbaycan xalqının ruhuna uyğundur"

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində bir tərəfdən ölkənin iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması sahəsində  etibarlı bazanın yaradılması təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımları yeni uğurlu islahatlar mərhələsinə keçidi şərtləndirib. Dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir. Xüsusən Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısı tədqirəlayiq hal hesab olunur.

Təsadüfi deyil ki, Prezident  İlham Əliyevin seçkilərdə qələbə qazandıqdan sonra imzaladığı ilk Fərman məhz şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı oldu. Dövlət başçısı bununla həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən biri olduğunu təsdiq etdi. Ardınca imzalanan Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi nəzərdə tutulub ki, bu məqsədlər üçün 135 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin 1 avqust tarixində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri həmçinin, 2019-cu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə qayğının, hörmət və ehtiramın növbəti əməli təsdiqi oldu. Mənzillərin təqdim olunması tədbirindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair Sərəncam imzaladı. Nəticədə 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı artmaqda davam edir. Bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğının davamı olaraq 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması  məqsədilə 35 milyon manat ayrıldı. Cari ildə azı 800 mənzilin həmin insanlara təqdim edilməsi nəzərdə tutulur. Eləcə də 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bundan iki gün sonra imzaladığı Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 220 manatdan 300 manata çatdırılması ilə davam etdi.

Millə vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, hər bir cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. H.Rəcəbli bildirib ki, sosial ədalətlilik prinsipi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Onun sözlərinə görə, ədalət prinsipinin təmin olunması islahatlardan keçir: "Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü büruzə verir. Müasir cəmiyyət üçün sosial ədalət anlayışının məzmununun daim genişlənməsi, daha şaxələnmiş strukturlanması səciyyəvidir. Müşahidə olunan meylin dövlətin sosial funksiyasının getdikcə artmasında özünü göstərdiyi diqqətdən qaçırılmamalıdır. Dövlətin daha çox sosial təsisata çevrilməsi müasir ictimai inkişafın başlıca meyillərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq edən tutarlı dəlillər sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin "Sosial ədalət bizim üçün xüsusi önəm daşıyır" fikri cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin nə dərəcədə vacib rol oynadığını sübuta yetirir".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31