Azərbaycan heç bir kənar qüvvələr üçün poliqon, sınaq laboratoriyası deyil- Şərh
Azərbaycan heç bir kənar qüvvələr üçün poliqon, sınaq laboratoriyası deyil-Şərh
16 Dekabr 2019 14:20 Siyasət"Biz buna imkan verməməliyik"
Azərbaycana hər seçki öncəsi xaricdəki müəyyən dairələrdən təzyiq elementləri özünü göstərir. Gah şimaldan, gah cənubdan, gah da Qərbdən, Avropadan hiss edilən bu elementlər Azərbaycan cəmiyyəti, seçicisinin mövqeyi, iradəsinə təsir göstərə bilməsə də, ümumilikdə bir mənfi tendensiya kimi özünü büruzə verir. Hələ növbədənkənar parlament seçkiləri elan edilən zaman ehtimal olunurdu ki, çox keçməz 2003, 2008, yaxud 2013-cü ildə müşahidə etdiklərimizə anoloji bir hadisə təkrarlanar. Ehtimallar özünü doğrultdu və Rusiyada iş adamı kimi tanınan Fərhad Əhmədov seçkilər ərəfəsində fəallaşaraq "siyasi yol xəritəsi" ilə çıxış etdi. Siyasi proseslərdən, ümumiyyətlə, siyasətdən o qədər də ciddi anlayışı olamayan birisinin "siyasi yol xəritəsi" ilə çıxış etməsinin arxasında başqa qüvvələrin dayandığı şübhəsiz idi. Elə ona görə də Fərhad Əhmədovun seçkiqabağı bu təşəbbüsü nəinki dəstək qazandı, əksinə ciddi etiraza səbəb oldu. Siyasi mövqeyi, cəmiyyətdəki yeri və rolundan asılı olmayaraq əksəriyyət iş adamının siyasi proseslərə müdaxilə etməsinin arxasında xarici dairələrin durduğu qənaətinə gələrək ona bu yoldan geri çəkilməyi tövsiyə etdi. Təsadüfi deyil ki, ekspertlər də hesab edirlər ki, Fərhad Əhmədovun seçki ərəfəsində siyasi fəallıq nümayiş etdirməsinin arxasında hansısa qüvvələr dayanır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nəzakət Məmmədova hesab edir ki, xaricdə yaşayan bir kapitalistin və onun kimilərinin niyə məhz indi cəmiyyətə özünü müxalif qüvvə kimi sırımağa çalışdığı sual doğurur. Partiya rəsmisinin sözlərinə görə, bir ölkənin müxalifəti və iqtidarı onun daxilində təkamül yolu ilə, təbii proseslər nəticəsində yetişməlidir: "Tarixi təcrübə göstərir ki, kənardan bir ölkəyə idxal olunan qüvvə və vasitələrin heç biri - nə hakimiyyət, nə müxalifət, nə də inqilab uğurlu olmur, iflasa məhkumdur, zaman itkisindən başqa bir şey deyil. Azərbaycan heç bir kənar qüvvələr üçün poliqon, sınaq laboratoriyası deyil. 10 milyonluq əhalisi olan, Allahın bütün növ zənginliklər bəxş etdiyi bu torpaqlar kənar qüvvələrin sınaq meydanı olmamalıdır, biz buna imkan verməməliyik, verərsək, zəiflik göstərərsək bundan bir xalq olaraq böyük zərər görəcəyik. hətta dövlət və xalq olaraq bu coğrafi məkanda gələcək mövcudluğumuz şübhə altında qala bilər. Azərbaycanın bütün problemləri istisnasız olaraq bu ölkənin xalqı, iqtidarı və konstruktiv müxalifəti arasında müzakirə olunaraq çıxış yolu birgə tapılmalıdır. Bu ölkədə müstəqillik dövründə yetişmiş sağlam, konstruktiv müxalifət və bitərəflər var, eləcə də prezident başda olmaqla prosesləri çox gözəl təhlil edən iqtidar". Nəzakət Məmmədova bildirib ki, bizim problemlər Kremldə, Yelisey sarayında, Təl-Əvivdə, Vatikanda yox, Azərbaycan parlamentində həll olunmalıdır: "Heç Azadlıq meydanında belə yox. Bunun yolu birmənalı surətdə seçki mühitinin demokratikləşməsindən keçir. Xalq özü parlamenti seçməli, bu seçimin nəticəsini öz üzərində hiss etməlidir. Uğurlu olarsa, nə yaxşı. Uğursuz olarsa, 5 illik acı təcrübə qazanıb növbəti dəfəyə daha müdrikləşmiş siyasi dünyagörüşü və təcrübə ilə getməlidir. Seçmədiyinin səfasını çəkincə, seçdiyinin cəfasını çəksə daha yaxşı olar. Demokratiya səyləri hakimiyyətin Azərbaycan xalqı, dövlətçiliyi qarşısında ən böyük xidməti olardı. Qarabağı qaytarmaq hakimiyyətin gücü daxilində olmaya bilər, demokratiya, azad seçki mühitinin təmin olunması isə onun imkanı daxilindədir. Azərbaycan siyasətində maksimum liberal seçki mühiti təmin olunsa belə, parlamentə daxil olması təhlükə törədən siyasi qüvvə yoxdur. Təhlükəli oyunçular zatən boykot yolu tutmuşlar". BAXCP rəsmisi qeyd edib ki, Azərbaycanın xilas yolu demokratiyadır, başqa alternativ yoxdur: "Bu seçkilər demokratiya yolunda özümüzə verəcəyimiz böyük şans ola bilər, bu, suverenliyimizin ən etibarlı təminatçısıdır. Bu zaman özünü müxalifət kimi sırımağa çalışan xaricdən idarə olunan qüvvələrə bu ölkənin siyasi mühitində yer və şans olmayacaq. Bizim nə Made in Russia, nə də Made in the EU müxalifətinə ehtiyacımız yoxdur. Hazırkı inkişaf mərhələsində bizə lazım olan tək şey milli, daxildə təşəkkül tapmış konstruktiv siyasi qüvvələrdən ibarət iqtidar və müxalifətin meydanda olması və qarşılıqlı dialoqudur. Tək ehtiyacımız olan elə siyasi sistemdə də Made in Azerbaijan brendidir".
Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə deyib ki, ölkəmizdə hər seçki öncəsi Rusiyada yaşayan azərbaycanlı əsilli bəzi iş adamlarının siyasi platforma və siyasi təkliflərlərlə çıxış etməsi yolverilməzdi. Onun sözlərinə görə, hər beş ildən bir belə şəxslərin ortaya çıxması siyasətçilərə, dövlətə yol göstərməsi nə onların siyasi savadına, nə də dünya görüşünə uyğundur: "Sadəcə onlar Rusiyanın müəyyən dairələrinin ölkəmizin daxili işlərinə qarışmaq siyasətini həvəslə həyata keçirirlər. Milyaderlər İttifaqının yaradılması və digər siyasi oyunbazlıqlar birbaşa Rusiyanın və daxildə "5-ci" kolonun sifarişidir. Təəssüf ki, iqtidarda və ənənəvi müxalifətdə Rusiyanın bu sifarişlərini reallaşdırmaq istəyən şəxslər qalmaqdadır".
Məhəmməd Əsədullazadənin qənaətincə, Rusiyada yaşayan iş adamı Fərhad Əhmədovun "siyasi yol xəritəsi" heç də Azərbaycanı sevməkdən irəli gəlmir: "Rusiyanın hesabına milyardlar qazanasan, birbaşa Kremllə əlaqədə olasan, belə bir vəziyyətdə Azərbaycanın demokratikləşməsi üçün yol göstərəsən, bu birbaşa sifarişdir və həmin sifarişi verən ölkənin siyasi proseslərində suyu bulandırmağa cəhdidir. Rusiyadan Azərbaycana demokratik açılımla bağlı göndərilən planlar manipulyasiyadır və milli təhlükəsizliyimiz üçün təhdiddir".
Füzuli
Olaylar.az