Senatın qətnaməsi siyasi xarakter daşıyır- RƏY
Senatın qətnaməsi siyasi xarakter daşıyır-RƏY
16 Dekabr 2019 14:02 SiyasətQənirə Paşayeva: "Qərar Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib"
ABŞ parlamentinin yuxarı palatası-Senat qondarma erməni soyqırımını tanıyıb. Ankara və Tramp administrasiyasının bir neçə dəfə mane olmasına baxmayaraq bu dəfə Senatdakı səsvermə tarixə düşəcək bir arzuolunmaz nəticə ilə bitib. Senator Robert Menendez'in təkidi ilə səsverməyə çıxarılan məsələyə heç bir senator veto qoymayıb və ABŞ tarixində ilk dəfə Senat Osmanlı İmperiyasını 1,5 milyon ermənini sistemli şəkildə məhv etməkdə ittiham edən sənədi rəsmən qəbul edib. Senatın qondarma erməni soyqırımını tanıması Türkiyə ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb. Məsələyə aydınlıq gətirən Türkiyə rəsmiləri etiraz əlaməti olaraq sözügedən qətnamı ilə əlaqədar ciddi addımların atılacağını bəyan ediblər. Siyasi ekspertlərin qənaətinə görə, sözügedən qərar Türkiyəyə qarşı təsir vasitəsidir və ABŞ-Türkiyə arasındakı mövcud münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Azərbaycanın da məsələyə münasibəti ondan ibarətdir ki, soyqırım iddialarını araşdırmadan belə bir qərarın qəbul edilməsi tarixi saxtalaşdırmaqdır. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir. Qətnamənin mətnində elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması bu qətnamənin qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdyini sübut edir: "Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır. Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə ABŞ Senatı siyasi mülahizələrlə qiymət verməyə çalışdığı halda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləmə, onların hələ də məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı soyqırımına münasibətdə sükut nümayiş etdirir və ikili standartlarla çıxış edir. Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk".
Millət vəkili Qənirə Paşayeva deyib ki, ABŞ Senatının qondarma "erməni soyqırımı" haqqında Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsini pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq. Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib: "Senat bu addımı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna bir daha çox ciddi kölgə düşürdü. Çünki onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Hətta yox dərəcəsində idi. Senatın bu addımından sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Senatın qondarma erməni soyqırımı ilə bağlı yekdilliklə Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək və etməməlidir. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma "erməni soyqırımı" yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik". Onun sözlərinə görə, Xocalı soyqırımı həqiqətlərini daha geniş duyurmalıyıq dünyaya ki, əslində kimlərin kimlərə qarşı soyqırım törətdiyini daha geniş anlada bilək: "Senatda təmsil olunanlar isə bunu çox yaxşı bilir. Amma onlar nəyin bahasına olursa-olsun öz maraqlarını təmin etmək üçün yalanı gerçək adı ilə qəbul etmək əxlaqına malik olduqlarını bir daha göstərdilər. Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər ki Trampın bu addımı atacağına isə ümid çox azdır. O, Türkiyənin qardaş ölkəmiz üçün çox önəmli olan bir sıra millli maraqlarından vazgeçməsini istəyəcək. Budur əslində ABŞ-ın gerçək siması. Qardaş Türkiyə isə bu yolla edilən təzyiqlə milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib. Dünyanın hər yerində yaşayan insanlarımızı qondarma erməni soyqırımı yalanları ilə mübarizəni daha da gücləndirməyə çağırırıq. İşğalçı Ermənistan və ermənilər bu qərardan mütləq öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər və artıq buna başlayıblar. Ona görə də bütün dünyada gerçəklərin yayılması, Xocalı həqiqətlərinin daha çox bilinməsi ilə bağlı işlərimizi daha da genişləndirməliyik bütün Türk millətinin evladları olaraq. ABŞ prezidentinin də bu qərarı təqdiqləyəcəyi təqdirdə ABŞ-ın həmsədr kimi roluna ciddi zərbə olacağı düşüncəsini isə Vaşinqton rəsmilərinə bir daha geniş və birmənalı olaraq çatdırmamız lazımdır".
Alim
Olaylar.az