Məğlubiyyətdən qorxub siyasi mübarizədən yayınanlar- Təhlil

Məğlubiyyətdən qorxub siyasi mübarizədən yayınanlar-Təhlil

Azərbaycan iki mühüm seçki prosesi ərəfəsindədir. Bunlardan biri dekabrın 23-də keçiriləcək bələdiyyə, digəri isə fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkiləridir. Bələdiyyə seçkilərinə sayılı günlər qaldığı ərəfədə, növbədənkənar parlament seçkilərinə də rəsmən start verilib və bu siyasi mübarizəyə qoşulmaq əzmində, iqtidarında olan partiyalar, müstəqil şəxslər artıq öz namizədliklərini irəli sürməyə başlayıblar. Seçkilərə rəsmən start verildiyi vaxtdan bu günə qədər keçən müddət ərzində namizədliyini irəli sürmüş partiya və şəxslər barədə verilən ilkin məlumatlardan bəlli olur ki, siyasi partiyalar tərəfindən irəli sürülmüş  namizədlər arasında  müxalif düşərgəni də təmsil edən çoxsaylı şəxslər var. Eyni zamanda xeyli sayda müstəqil namizəd də seçki mübarizəsində iştirak etmək üçün prosesə qoşulub.

Paralel olaraq hər seçki ərəfəsində müşahidə etdiyimiz mənfi bir tendensiya da yaşanmaqdadır. Bu da müxalifətin radikal qanadını təmsil edən partiya və partiyalar blokunun seçkiləri boykot etmək barədə qərar verməsidir. Əslində isə həmin qüvvələri seçkini boykot edənlər yox, siyasi mübarizədən qorxanlar, bu mübarizədən yayınanlar kimi qələmə vermək daha düzgün olardı. Son on illərin seçki statistikasına nəzər yetirsək belə bir mənzərə ilə qarşılaşarıq ki, boykotçular heç bir seçki prosesində iştirak etməyiblər. Eyni zamanda onların seçkiləri boykot qərarı nəinki Azərbaycan seçicisi, hətta öz yaxın müttəfiqləri tərəfindən belə dəstək görməyib.  Buna misal olaraq "Milli Şura" adlanan qurumun boykot qərarına, bir vaxtlar eyni qurumda təmsil olunan Müsavat Partiyasının dəstək verməməsi və müsavatçıların növbədənkənar seçkilərdə iştirakı məqbul saymalarıdır. 

Mövzunu bir qədər də genişləndirərək seçkiləri boykot edənlərin "arqumentlərinə", daha doğrusu, bəhanələrinə nəzər salaq. Boykotçular iddia edirlər ki, ölkədə demokratik seçki mühiti olmadığından və ölkədə əsl seçkilərin keçirilməsi mümkünsüzlüyündən növbədənkənar seçkilərdə iştirak etmək də mənasızdır. O zaman haqlı olaraq belə bir sual ortaya çıxır ki, 2013-cü il prezident seçkiləri də mövcud seçki qanunvericiliyi əsasında keçirilirdi və o zaman sizləri həmin seçkilərdə iştiraka nə vadar edirdi? Əslində cavab aydındır və həmin ərəfədə yaradılan "Milli Şura"ya xaricdən güclü siyasi və maddi dəstəyin veriləcəyi ümidləri, bununla da onların seçkilərdə qalib gələcəyi eyforiyası radikalları həmin seçkilərdə iştiraka sürükləmişdi. Ancaq özlərini güclü siyasi fiqur, ana, ata, yaxud bala müxalifət zənn edənlər unudurdular ki, bu və ya digər seçkilərin taleyini hansısa kənar qüvvə deyil, xalq, seçici müəyyən edir. Azərbaycan seçicisi, xalqı isə bu qüvvələrə dəstək vermək niyyətində deyil. Çünki onların əsas fəaliyyəti, məqsəd və məramı ölkədə gərginlik yaratmaq, Azərbaycana "demokratiya" dalğası adı altında qarşıdurma gətirməkdir.  Bu baxımdan seçkiləri boykot edənlərin bu addımı başa düşmək olar. Çünki seçkilərə qatılıb biabırçı məğlubiyyətlə üzləşməkdənsə, demokratik seçki mühitinin olmadığını iddia edib bu mübarizəyə qoşulmamaq onlar üçün daha məqbul variantdır. Əslində sözügedən qüvvələr bu cür biabırçı məğlubiyyətlərə öyrəncəli olublar. 1993-cü ildən indiyə qədər keçirilən heç bir seçkidə, istər president. Istər parlament, istərsə də bələdiyyə seçkilərində cüzi bir uğur əldə edib aktivlərinə müsbət bir situasiya yazdıra bilməyənlər qəti şəkildə əmindirlər ki, növbədənkənar parlament seçkilərindən də məğlubiyyətlə ayrılacaqlar. Bu həm də radikal siyasi düşərgənin siyasi mübarizə tərəfdarı olmadığı qənaətini formalaşdırır. Çünki bu bir reallıqdır ki, seçki siyasi mübarizə meydanıdır və hər bir siyasi partiya və ya fərd bu mübarizədə iştirak edərək özünü cəmiyyətə təsdiqləyir. Hansı gücə, potensiala malik olduğunu göstərir. Ancaq "Milli Şura" adlanan qurum, xüsusilə də bu qurumun əsas hərəkətverici qüvvəsi sayılan Azərbaycan Xalq Cəbhəsi Pariyası və onun sədri Əli Kərimlinin cəımiyyətdə heç bir sosial dayağı, gücü yoxdur. Kərimlinin rəhbərliyi ilə keçirilən etiraz aksiyalarına cəmi bir neçə yüz adamın toplanması da bunun əyani sübutudur.

Boykotçuların  növbədənkənar seçkilərdə iştirak etməməsinə göstərdikləri digər bir səbəbə diqqət edək.  Təklif edirlər ki, seçki komissiyalarının hakimiyyətin, müxalifətin və namizədlərin nümayəndələrinin iştirakı ilə yenidən formalaşdırılsın. Birincisi, bu zavallılar deyəsən hələ də anlamırlar ki, söhbət növbədənkənar seçkilərdən gedir və qısa zaman müddətində onların irəli sürdüyü bu şərti reallaşdırmaq mümkün deyil. Təsəvvür edək ki, bir seçki dairəsindən 50 nəfər namizədliyini irəli sürüb. O zaman 50 nəfərin nümayəndəsi, eləcə də hakimiyyət və siyasi partiyaların nümayəndələrini bura əlavə etsək, bu 100 nəfərlik bir kontinget edər.  Dünyanın heç bir yerində isə seçki komissiyasının tərkibi 100 nəfərdən ibarət olmur. Bu şərt radikal müxalifətin konkret olaraq çığallıq etməsi deməkdir. Yaxud namizədlərin qeydə alınması yolunda süni maneələrin aradan qaldırılması tələbi də, mövcud reallıqla, hazırkı vəziyyətlə ziddiyyət təşkil edir. Ona görə də, istər paytaxt, istərsə də yerlərdə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarında kifayət qədər demokratik mühit mövcuddur. Son bir neçə gün ərzində paytaxtın bir neçə rayonlarında yerləşən Dairə Seçki Komissiyalarında şəxsən apardığım müşahidələr belə deməyə əsas verir. Hər bir DSK üzvü onlara istər namizədliyin irəli sürülməsi, istərsə də digər seçki proseduru barədə bilgilər almaq üçün müraciət edərkən vətəndaşa sivil qaydada, heç bir problem yaratmadan yardım göstərir, onların sorğusunu cavablandırırlar. Bir başqa missal. Bu günlərdə müxalifət partiyalarından birinin nümayəndəsi seçki dairələrindən birindən namizədliyini irəli sürmək üçün müvafiq Dairə Seçki Komissiyasına müraciət edib. Namizədin bildirdiyinə görə, DSK-da onu kifayət qədər normal qarşılayıb, namizədlik barədə müraciətini heç bir əngəl yaratmadan qəbul ediblər. Bütün bunlar mövcud olduğu, hətta müxalifət partiyalarının təmsilçiləri tərəfindən belə bir müsbət ab-havanın mövcudluğu etiraf edildiyi halda, "Milli Şura" adlanan qurumun seçkiləri boykot edəcəyini bəyanlaması, yuxarıda da qeyd etdiyimiz kimi, öncədən acı məğlubiyyəti görüb siyasi mübarizədən yayınmaqdır.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31