Radikal müxalifətin siyasi oyunbazlığı- Şərh

Radikal müxalifətin siyasi oyunbazlığı-Şərh

Bu seçkilər onların saxta oyununu ifşa edəcək

Məlum olduğu kimi Azərbaycanda  növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-da keçiriləcək. Artıq ölkədə seçki prosesinə start verilib. Lakin Milli Şura seçkiləri boykot etmək barədə qərar qəbul edib. Bu qərarın ölkədə keçirilən erkən parlament seçkilərinin nəticələrinə hansısa təsiri ola bilərmi? Millət vəkili Tahir Rzayev bildirib ki, bu, bir siyasi oyunbazlıqdır, gözləniləndir. Çünki onlar dəfələrlə bu fikirləri səsləndirmişdilər və sözsüz ki, ölkədəki mövcud demokratik şərait, növbədənkənar seçkilərin keçirilməsi onlara imkan yaradırdı ki, öz qüvvələrini sınasınlar. Yalanlar, hədyanlar uydururdular deputatlar, parlament haqqında, vəzifəli şəxslər haqqında. Şərait var ki, özlərini namizəd versinlər, yerlərdə təbliğatlarını aparsınlar və parlamentə seçilsinlər. Ancaq,  bu, bir həqiqətdir və çox yaxşı bilirlər ki, xalq tərəfindən heç bir dəstəkləri yoxdur: "İnsanlar, seçicilər bu adamları yaxşı tanıyırlar. Onların əməllərinə, fəaliyyətlərinə, keçdiyi yola bələddirlər. Uzun müddət bu insanlar Azərbaycanda qarşıdurma yaratmaqla, yalan, böhtan yaymaqla insanları aldatmaqla, vəzifəli şəxslərin, deputatların, iqtidarı dəstəkləyənlərin ünvanına olmazın sözlər deməklə məşğuldurlar. Başqa yolları da yoxdur. Xaricdə yaşayan havadarlarına arxayındılar, onların pulları ilə özləri üçün lazım olan şəraiti düzəldiblər. Övladlarını xaricdə ən bahalı ali məktəblərdə oxudurlar, yaxşı yaşayırlar və ancaq bunlar insanları, müəyyən gəncləri yolundan sapdırmaq, onları çaşdırmaq məqsədilə tez-tez bəyanat verirlər, ölkədə demokratiyanın olmaması, insan hüquqlarının pozulması, mətbuatın, sözün, boğulması barədə yalan, böhtan, iftira uydurub yayırlar".

Millət vəkilinin sözlərinə görə, hakim Yeni Azərbaycan Partiyası (YAP), ardınca parlament özü bəyan etdi ki, növbədənkənar seçkilərə gedilir: "Növbədənkənar seçkilərə getmək o demək deyil ki, parlamentdə ciddi nöqsanlara yol verilib. Öz səlahiyyətlərini yerinə yetirə bilmir, hardasa ciddi problemlər yaşanıb. Ancaq bu insanların, bu qüvvələrin yalan, böhtanlarını ifşa eləmək, onların iç üzünü açıb bir daha xalqa göstərməkdən ötrü növbədənkənar seçkilərin keçirilməsi qərara alındı və imkan verildi ki, bir daha bu adamlar seçkilərdə fəal iştirak etsinlər. Ancaq göründüyü kimi, onlar yenə də seçkilərdən qaçmaqla özlərinin öz mənfi niyyətlərini yerinə yetirmək istəyirlər. Bu isə insanlarda bir ikrah hissi oyadır. Ona görə ki, adamlar müəyyən mənada bu nadanların sözünə inanırlar, inananlar var. Onların o yalanlarına, şayiələrinə az bir miqdarda dəstək verənlər var və onların da bu hay-küyü, düzünü deyim ki, cəmiyyəti çox narahat edir. Çünki təhqir, söyüş, riyakarlıq sosial şəbəkələrə çıxır, insanların mənəviyyatına təsir edir, onların ailələrinin, övladlarının psixikasına təsir edir. Narahatçılıq yaradır. Mən elə bilirəm ki, Milli  Şuranın, radikal müxalifətin seçkiləri boykot etmək barədə verdiyi qərar onların özləri üçün bir zərbədir. Azərbaycan xalqı bir daha bilməli və bir daha düşünməlidir ki, bu insanlar düz yolda deyillər".

Millət vəkili bildirib ki, bu insanlar vətəndaşları çaşdırmaqla, onları meydana səsləməklə qarşıdurmalar yaratmaqla məşğuldurlar: "Onlar, ümumiyyətlə, ilk gündən bu mövqedədirlər və seçkilərə getməməklə bir daha öz mövqelərini sübut etmiş oldular. Demokratik inkişafın, demokratiyanın yolu seçkilərdən keçir. Parlamentdə bir çox müxalifət qüvvələrin üzvləri, müxalifət partiyasının rəhbərləri təmsil olunurlar. Əlbəttə ki, onlar yeri gələndə ölkədə mövcud olan nöqsanları da dilə gətirirlər, çatışmamazlıqları deyirlər. Nəinki onlar, iqtidar partiyası olaraq bizim hər birimiz əgər hansı sahədə uyğunsuzluq varsa, bu məsələləri qaldırırıq, dövlət, hökumət rəhbərliyi tərəfindən bu məsələlərə, problemlərə tez bir zamanda əks-səda verilir və lazım olan problemlər aradan qaldırılır. Ancaq bu adamlar kiçik bir nöqsanı şişirtməklə, hər bir şeyə qara yaxmaqla ölkəmizin imicinə ziyan vururlar. Nəinki Azərbaycan vətəndaşlarına, eləcə də beynəlxalq təşkilatlara bunu təbliğ etməklə, onların fikirlərinə bunu çatdırmaqla məşğuldurlar. Əlbəttə ki, müxalifətin bu boykot qərarı Azərbaycan cəmiyyətinə, seçkilərə heç bir təsir göstərməyəcək. Çünki həmişə olduğu kimi, yenə də seçicilər özlərinin ən layiqli, ən təmiz, tanıdıqları namizədlərə səs verəcəklər. Və mən istərdim ki, belə də olsun. Beləliklə, bir daha radikal müxalifət seçkilərdən kənardan qalacaq və sözsüz ki, onlar tez bir zamanda siyasi arenadan silinib atılacaqlar".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan qanunlarına və Konstitusiyasına tam uyğun olan bir hadisədir. Baxmayaraq ki, bəzi radikal qüvvələr bu məsələ ilə bağlı hay-küy salıblar, guya bu məsələnin qanunauyğun olmadığını vurğulayırlar. Əslində isə sözügedən məsələ ölkə qanunvericiliyində  öz əksini tapıb: "Demokratik hüququ dövlətlərdə belə hadisələr dəfələrlə olub. Məlum olduğu kimi Azərbaycan prezidenti ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsinə start verib.Bu islahatlar artıq dövlət idarəçiliyinin bir çox sahələrini əhatə edib. Xüsusilə iqtisadi sahədə aparılan islahatların nəticəsini artıq biz öz həyatımızda hiss etməyə başlamışıq. Şübhəsiz ki, dövlətin güclənməsi, dövlətin daha da irəli getməsi üçün bu islahatlar genişlənməlidir. Təbii ki,   islahatlar dövlət hakimiyyətinin ən mühüm qanadlarından hesab olunan qanunvericilik hakimiyyətini də əhatə etməlidir. Bu baxımdan demək olar ki, yeni seçiləcək parlament Azərbaycanda islahatların önündə gedən bir orqana çevriləcək". Onun sözlərinə görə, yeni parlament seçkilərin keçirilməsi müxalifət üçün əlavə bir şans yaradır: "Müxalifətin özünün tələblərindən biri bu idi ki, guya Milli Məclis legitim deyil. Bu gün onlar əslində parlamentin buraxılmasından sevinməli idilər və Milli Məclisə keçirilən seçkilərdə böyük həvəslə iştirak etməl idilər. Deməli, burada bir ikiüzlülük, bir məkirlilik var. Elə hesab edirəm ki, bununla radikal müxalifət öz məkrli siyasətini ortaya qoydu". M Səfərli hesab edir ki, əslində radikal müxalifət cəmiyyətin dəstəyindən məhrumdur. Ona görə də seçkilərdə iştirak etmirlər: "Əgər doğrudan da onlar seçkilərdə iştirak etmək istəyirlərsə buyursunlar. Nəzərə almaq lazımdır ki, hər bir seçki siyasətçilərə əlavə bir tribuna verir. Siyasətçilər bu tribunadan özlərini təbliğ etmək, mesajlarını cəmiyyətə vermək, platformalarını, yeni fikirlərini cəmiyyətə çatdırmaq üçün istifadə etməlidirlər. Amma görünən odur ki, radikal mexalifət bu məsələdən yaxasını kənara çəkir. Elə ona görə də cəmiyyətdə həmin qüvvələrə "baykot qüvvələr" deyə çağırırlar".   

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31