Siyasi proseslərdən doğan zərurət- Şərh

Siyasi proseslərdən doğan zərurət-Şərh

Və seçkiyə hazırlıqlı olmayanların hay-küyü

Azərbaycanda sosial və iqtisadi sahədə olduğu kimi siyasi sferada da inqilabi addımlar atılıb, radikal gedişlər edilir, desək yanılmarıq. Uzun illər müxtəlif vəzifələri tutmuş nisbətən yaşlı kadrların gənclərlə əvəz olunması, idarəetməyə yeni nəfəs gətirilməsi kimi cəmiyyətdə rəğbətlə qarşılanan addımların ardınca Azərbaycanın qanunverici orqanının buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsinin elan olunması məhz bu addımlar sırasında yer alır. Müstəqil Azərbaycanın, eləcə də ölkə parlamentinin tarixində bir ilk olan bu proses də əslində qanunverici orqanın bir qədər gəncləşməsi, eyni zamanda onun ölkədə həyata keçirilən islahatlara dəstək olması, yeni çağırışlarla ayaqlaşa bilməsi zərurətindən irəli gəlir. Düzdür, ənənəvi olaraq hər bir prosesə öz prizmasından yanaşan ölkənin radikal siyasi düşərgəsi parlamentin buraxılmasına da cəfəng, əsassız, absurd mövqedən yanaşaraq burada nəsə qaranlıq məqamlar axtarmağa çalışır. Ancaq reallıq ondan ibarətdir ki, radikal siyasi düşərgənin hər bir müsbət addıma qara yaxması, onun mahiyyətini azaltmaq cəhdi ənənəvidir. Və burada müsbət məqam ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti heç də radikallar kimi düşünmür.    Elə əksər siyasilər də. Millət vəkili Sahib Alıyev da deyir ki, parlamentin növbədənkənar seçki ilə bağlı qərarı və ümumiyyətlə, hakimiyyətin bu qolu haqda müxtəlif fikirlər səsləndirilir: "Mən bu fikirdəyəm ki, 95-ci ildən üzü bəri Azərbaycan parlamentarizmini yeni müstəqillik əldə edən ölkələrin çoxundan müsbət anlamda fərqləndirən cəhət odur ki, bizdə indiyə qədər başqa dövlətlərin və yaxud da lobbi qruplarının təsiri altında bir dənə də qanun qəbul edilməyib. Bir sözlə, bu illər ərzində Milli Məclis həmişə ancaq Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış edərək adındakı milliliyi doğruldub. Fikrimcə, ölkəmizdəki sabitlik həm də bundan və hakimiyyətin müxtəlif qolları arasında ziddiyyət yox, səlahiyyətlərin dəqiq bölgüsü və sərhəddi çərçivəsində səmərəli əməkdaşlığın, harmoniyanın olmasından qaynaqlanır.
Sirr deyil ki, bəlli çevrələr ayrı-ayrı dövlətləri özlərindən tam asılı vəziyyətə salmaq üçün bəzən həmin dövlətlərdə hakimiyyətin qolları arasında ziddiyyət yaratmaq metoduna da əl atırlar. Nəticədə onu görürük ki, hətta Azərbaycandan dəfələrlə böyük insan və iqtisadi potensialı olan bəzi dövlətləri belə bir sıra hallarda xalqın seçdikləri deyil, başqa ölkələrin səfirləri yönəldirlər. Növbədənkənar parlament seçkisinə gəldikdə aydındır ki, bu seçki nə hər hansı siyasi böhran, nə də bəzi ölkələrdə olduğu kimi çevirilişlə hakimiyyətə yiyələnənlərin baş vermiş prosesin nəticəsini kapitallaşdımaq cəhdiylə bağlıdır. Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib". Sahib Alıyev qeyd edib ki, oxşar  təcrübələr də az deyil: "Sadəcə onu deyim ki, hakimiyyətin və hakimiyyətdəki Nur Vətən Partiyasının təşəbbüsü ilə qonşu Qazaxıstanda indiyə kimi 5 növbədənkənar parlament  seçkisi keçirilib və təşəbbüsçülər hamısı öz məqsədlərinə çatıblar. Düzdür, Azərbaycandakı parlament seçkisi ilə bağlı mənim fərqli yanaşmam vardı, sadəcə səsləndirməyə növbə çatmadı və artıq qərar qəbul edildiyindən üzərinə qayıtmıram. Amma orasını deyim ki, əgər Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış edibsə, bu, oradakıların ilk növbədə öz liderlərinə və partiyalarının potensialına əminliklərindən qaynaqlanır. Fikrimcə, Yeni Azərbaycan Partiyası belə bir addımı həm də ona görə atdı ki, sədrləri cənab İlham Əliyevin xalq arasında reytinqinin fövqalədə yüksəkliyini görür və digər partiyaların rəqiblik potensialının özlərininkindən dəfələrlə aşağı olduğunu yaxşı bilirlər". Sahib Alıyevin sözlərinə görə, əgər hər hansı bir partiya nə vaxt keçirilməsindən asılı olmayaraq seçkiyə hazır deyilsə, bunun suçunu özlərində, öz liderlərində axtarmalıdırlar: "Biz bunu hazırda seçkini boykot etmək istəyənlərin timsalında da görürük. Onların başında duran (lider demirəm, çünki dəfələrlə, elə noyabrın ikisində qanunsuz mitinqə cəhd zamanı qorxaqlığından irəli gələn isterik davranışıyla da o bu ada haqq etmədiyini göstərib) deyir ki, guya hakimiyyət nəticələr saxtlaşdırıldığı halda xalqın soyuğa görə küçələrə çıxmaq istəməyəcəyini bildiyi üçün seçkini qışda keçirir. Bilirsiniz, bu, hətta primitivlik də deyil. Olsa-olsa sistemdənkənar müxalifət adlandırılanların, həm də xalqdankənar olmalarının növbəti təsdiqidir. Onlar bununla Azərbaycan xalqını komfortist və öz haqqını tələb etməyən toplum kimi qələmə verərək aşağılıyırlar. Xalq da bunu görür və bilir. Ona görə də onlar bu gün harda olmalıdırlarsa, elə ordadırlar və orada da qalacaqlar".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31