Kabus- Züleyxa NADİR yazır
Kabus-Züleyxa Nadir yazır
4 Dekabr 2019 13:15 SiyasətZüleyxa NADİR
On beş ildi dünyanın başı üzərində İŞİD adlı bir kabus dolanır. On beş ildi bu kabus müsəlman dünyasının gününü qara edib. İnsanlığın üz qarası olan həmin terror təşkilatı dünyaya meydan oxuyur. "İraq Şam İslam Dövləti" adlanan bu qurum niyə yaranıb, nə istəyir, məqsədi nədir"? kimi sualların cavabını vermək fikrim yoxdu. İŞİD bəşəriyyətin baş bəlasına çevrilən və açılması çətin olan Qorbi düyünüdü. Və bu düyün get-gedə daha da bərkiyir. Bizim üçün ağrılı olan odur ki, bu düyünün bərkiməsində bəzi azərbaycanlıların da əli var. Ən ağrılısı isə odur ki, Azərbaycandan Suriyaya doğru gedən ayaqları və uzanan həmin əlləri də məhz İŞİD sındırır, İŞİD qurudur...
Çox düşünürəm ki, Azərbaycanın ən yaxşı oğul və qızları, ən maraqlı insanları, ən əxlaqlı və nümunəvi görünən ailələri nədən İŞİD-ə qoşulurlar? Suriyadakı hərb meydanlarında gedib ölmək bu qədərmi şirindi? Halbuki öz torpaqlarımız uğrunda ölmək, vətən uğrunda can vermək daha şərəflidi, daha uca məqamdı. Yad bir ölkədə son məqsədi bilinməyən ideallar uğrunda döyüşə gedən azərbaycanlı gəncləri başa düşmək çox çətindi. Onlar çox asanlıqla İŞİD-in toruna düşür, çox rahat şəkildə düşüncələrini dəyişirlər.
Oğlum universitetdə oxuyanda bir tələbə yoldaşı günün birində yoxa çıxmışdı. Olduqca tərbiyəli, yaraşıqlı, çox səliqəli, savadlı, geniş dünyagörüşü olan və üç dili mükəmməl bilən bu oğlan, həm də idmançı idi. Bir neçə beynəlxalq yarışın mükafatlarını almışdı. Müəllimlər də, tələbələr də onu sevir, hörmət edir, gələcəyinin parlaq olacağına inanırdılar. Tələbə yoldaşının yoxa çıxmasından dolayı oğlum çox kədərlənmişdi. Sonra məlum oldu ki, oğlan Suriyaya gedib, İŞİD-ın tərkibində döyüşmək üçün vətənini, doğmalarını tərk edib. Çox qısa müddət sonra oğlanın ölüm xəbəri gəldi. Dəhşətli xəbər idi. Oğlumla bərabər mən də sarsılmışdım...
Hər dəfə Suriyada ölən azərbaycanlı adı eşidən kimi adamın beynini bu sual döyəcləyir:"sənin nə işin var idi axı, orda"? Ritorik deyil, cavabı ağrılı və faciəli olan sualdı. Azərbaycanda bu sualın üzərində baş sındıran xeyli sayda ailələr illərdi əzab çəkir, illərdi çevrəsindəki insanlardan utanırlar. Ata tanıyıram ki, Suriyada döyüşən oğlunu rəsmən övladlıqdan çıxarıb. Sual oluna bilər ki, nə mənası, nə dəyişir? Doğru. Amma vicdanı sızlayan namuslu bir ata övladının bu hərəkətində özünü günahkar sayır, başını qaldırıb qohum-qonşunun üzünə baxa bilmir. Çıxış yolunu oğlundan imtina etməkdə görür, azacıq da olsa təsəlli tapır.
Bu yaxınlarda facebook istifadəçilərindən biri Suriyadakı döyüşlərdə valideynlərinin ölümündən sonra yetim qalan iki azərbaycanlı qız uşağının şəklini paylaşmışdı. Ürəkparçalayan şəkildi. Doğrudu, sonra məlum oldu ki, onlar azərbaycanlılar deyil, amma nə fərqi var ki... uşaq uşaqdı - istər azərbaycanlı, istərsə də avropalı, amerikalı olsun. Uşağın uşaqlığını əlindən almaq, oyuncaqlarını göz yaşları ilə əvəz etmək vəhşilikdi, terrordu. Ki... bunun da sübutu son illər dünya mediasını "bəzəyən" bu cür ortada qalan uşaq şəkilləri, uşaqlarla bağlı informasiyalardı. Halbuki dünyanı qamarlayanların arzu, istəkləri uşaqların bir damla göz yaşından artıq deyil. Nə də dünya uşaqların göz yaşına dəyməz...
Azərbaycandan da ailəsi ilə birlikdə Suriyaya gedənlər var. Bu adamlar qeyri-ənənəvi İslam cərəyanlarının və onların nəzarəti altında olan dini ocaqların, məscidlərin təsiri altında cihad adı ilə silahlı münaqişələrə cəlb olunaraq müxtəlif qruplaşmaların tərkibində döyüşüb həlak olurlar. Yevgeni Yevtuşenko "Əfqan qarışqası" şeirində vaxtilə Əfqanıstanda həlak olan rus döyüşçüsünə irad tutur:
Rus oğlu üzüqoyulu qalıb əfqan çölündə,
Müsəlman qarışqalar daraşıb üz-gözünə.
Ölənin qulağına pıçıldayır qarışqa:
-Sən bilmirsən harada canını tapşırmısan,
Bircə bilirsən bunu yaxınlıqdadı İran.
Əlindəki silahla niyə gəlmisən bura?
Sən hara, İslam hara?..
Mən də öz millətimə irad tutaraq soruşuram: sənin nə işin var Suriyada? Siyasətçi deyilsən, dövlət başçısı ola bilməzsən, anadan ədalət mücəssəməsi kimi doğulmamısan, sıravi vətəndaşsan. Öz ölkəndə yaşamaqdan, dövlətin üçün çalışmaqdan, vətən uğrunda vuruşmaqdan, ən əsası ailənlə birlikdə doğma evində yaşamaqdan üstün nə ola bilər ki, tanımadığın, bilmədiyin insanların arasında olmaqdan həzz alırsan? Özünlə bərabər həyat yoldaşını, uşaqlarını da oralara qədər sürüyürsən. Düşünmürsən ki, sən orda çox qalmayacaqsan, bu gün olmasa da, sabah döyüşdə öləcəksən. Ruhun necə rahat olacaq ki, dul qalmış arvadın başqa kişiyə qismət olsun, uşaqların ortada qalsın? Sən gedib oralarda guya ədalətsizlik uğrunda döyüşürsən. Anlamırsan ki, haqsızlığın ən böyüyünü üstündə daşıyırsan. Sənin 20 faiz torpağın işğal altındadı. Elə haqq, ədalət axtaransansa erməni döyüşçüsünün üstünə get, canlı bomba olub onu partlat. Mübariz İbrahimov qəhrəmanlığının şərəfini, Ramil Səfərovun bayraq sevdasını, şəhidlik zirvəsinin müqəddəsliyini anlamaz olmağın təkcə özün, ailən üçün deyil, millət adına da ləkədi. Bu cür ləkəli adamda Allah, Quran, İslam sevgisi ola bilməz, bu, mümkün deyil. Səni ora çəkib aparan kütbeyinliyin, məsuliyyətsizliyin, sevgisizliyindi. Bir milyon köçkünü və qaçqını olan ölkənin vətəndaşı gedib "İŞİD qaçqını" statusunu almaz. 30 ildi erməni vəhşiliyinin kabusu ilə yuxudan ayılan insanların olduğu bir dövlətin vətəndaşı İŞİD kabusuna qucaq açmaz.
Sən özün bir kabussan...