Dövlətin hədəfi, islahatların mahiyyəti- RƏY
Dövlətin hədəfi, islahatların mahiyyəti-RƏY
4 Dekabr 2019 13:08 SiyasətTəmiz keçmişi olan sadə bir gənclik idaretmədə aparıcı yer tutsun
Artıq xeyli müddətdir ki, ölkədə müxtəlif sahələrdə islahatlar həyata keçirilir. 2018-ci ildən sosial sahələrdə köklü islahatlarla start verən bu proses iqtisadi sahəni də əhatə etməklə indi yeni bir mərhələyə qədəm qoyub. Hazırda islahatlar siyasi sahəni əhatə edir. Bu sahədə əsas diqqət çəkən məqam həyata keçirilən kadr və struktur islahatlarıdır. Bir-birini əvəzləyən, büdcəyə əlavə yük olan strukturların ləğvi və ya birləşdirilərək daha optimal şəkildə fəaliyyət göstərməsi öz müsbət effektini verir.
Bu arada Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları daha çox diqqət çəkir və yüksək səviyyədə dəstək, etimad qazanır. Çünki dövlət başçısı indi idarəetmədə daha gənc və perspektivli kadrları önə çəkir. Nisbətən yaşlı, qocaman kadrları gənclər, idarəetməyə yeni nəfəs, yeni ideyalar gətirmək bacarığında olan kadrlarla əvəz edən şəxslərlə əvəz edən dövlət başçısının bu addımı cəmiyyət tərəfindən yüksək rəğbətlə qarşılanır. Burada diqqət çəkən başlıca məqamlardan biri ondan ibarətdir ki, Cənab Prezident müxtəlif vəzifələrə təyin etdiyi gənc kadrları birbaşa özü qəbul edərək onlara öz tapşırıq və tövsiyələrini verir, xalqa, cəmiyyətə, vətəndaşa layiqincə xidmət etməyi tapşırır. Bu amil təbii ki, dövlət başçısı tərəfindən təyin edilən məmurun məsuliyyət hissini daha da artırır. Həyata keçirilən bu islahatların davamlı olacağı barədə dövlət başçısının verdiyi açıqlamalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda da daha bir neçə gənc kadr yüksək vəzifələrə təyinat alacaq. Elə "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Zeynal Əmralıyev də bu qənaətdədir. O, bildirib ki, Prezident İlham Əliyevin başladığı islahat siyasəti Azərbaycanda bütün sahələri əhatə etməkdədir: "İlin əvvəlində əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün bir çox qərar qəbul edən dövlət başçısı daha sonra kadr və struktur islahatlarına start verdi. Açığı, heç kim, hətta iqtidarın ən sərt əleyhdarları belə islahatların bu dərəcə surətli və əhatəli həyata keçiriləcəyini gözləmirdi. İlin ortasında güc strukturlarında edilən dəyişiklik ciddi nələrinsə başladığından xəbər verirdi. Daha sonra hökumət rəhbərinin necə deyərlər, öz işini bilən, uzun zaman iqtisadi sahəyə məsul olan bir kadrla əvəz olunması çevik idarəçiliyə keçiddən xəbər verirdi. Azad sahibkarlıq mühitinin qarşısında bürokratik əngələ çevrilmiş bəzi qurumlar İqtisadiyyat Nazirliyinin tərkibində sadə bir xidmətə çevrildi". Zeynal Əmralıyev bildirib ki, dövlət başçısı dövlətə sadiqliyini sübüt etmiş və güclü menecer xüsusiyyətlərinə malik olan Mikayıl Cabbarovu İqtisadiyyat Nazirliyinin başına gətirməklə çalışqan kadrların necə irəli çəkildiyinin əyani sübutunu göstərdi: "Bunu yaxınlarda Anar Ələkbərovun Prezidentin köməkçisi təyin edilməsi ilə bir daha gördük. Heydər Əliyev Fondu kimi böyük xeyriyyə qurumu və Heydər Əliyev Mərkəzi kimi mühüm mədəniyyət mərkəzinin rəhbərliyində olan bu gənc bir çox layihəni də uğurlu şəkildə həyata keçirmişdi. Yəni artıq sınaqdan çıxmış bu gəncin bacarığından daha geniş şəkildə istifadə etmək lazım idi. Son olaraq isə parlamentin buraxılması barədə qərar qəbul edildi və dövlət başçısı öz administrasiyasının yeni strukturunu formalaşdıraraq qurumda xeyli yeniliklər etdi".
Ekspert onu da deyib ki, İlham Əliyev bir neçə dəfədir ki, mövcud müxalifət liderlərini konkret şəkildə tənqid edir və bu, əslində siyasi mübarizənin formasıdır: "Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə qarşı başlıca müxalifət qurumu olan CHP rəhbərliyini və onun keçmiş rəhbərliyini davamlı olaraq tənqid edir, onların hakimiyyəti dövrü haqqında sərt ifadələr işlədir. Ardınca isə parlament seçkiləri barədə qərar qəbul edildi. Bu dövlət başçısının siyasi rəqiblərini açıq yarışa, mübarizəyə səsləməsi idi. "Öz səsimizi demək üçün bizə meydan verilmir" deyən müxalifətə ən böyük meydan verildi-seçkilər. İl ərzində həm iqdidar partiyası, həm də dövlət başçısı gənclərə müraciət edərək onları fəal olmağa, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə səslədi. Hətta YAP-ın icra katibi Əli Əhmədov gənclərə seçkiylə bağlı çağırışlar da etdi. Belə düşünürəm ki, gənclər, həm iqdidar, həm müxalifət cəbhəsindən olanlar bu çağırışa cavab verib seçki yarışına qoşulub öz güclərini göstərsinlər. Həmçinin istefaya göndərilən məmurlarla eyni karyera ilinə sahib olan müxalifət rəhbərləri də yaxşı olar ki, yerlərini daha gənc, çevik, enerjili kadrlara versinlər. Bu islahatlar Azərbaycana çox şey verəcək, ən əsası könüllü istefa mədəniyyəti, xaos və anaxriya yaratmadan siyasi sistemi dəyişmək təcrübəsi, xalqın etimadını qazanmış bir parlament, çevik bir idaretmə aparatı və inanıram ki, aktiv və güclü bir müxalifət. Eləcə də çəkinmədən mübarizə aparıb qalib gələn, ölkənin taleyində söz sahibi olmağı bacaran güclü bir gənclik. İnanıram ki, seçkilərdə xeyli gənc bələdiyyələrə və parlamentə üzv ola biləcək. Bu xalqın tələbi, dövlətin hədəfidir. Təmiz keçmişi olan, sadə, siyasi və administrativ resurslardan istifadə edib biznes şəbəkələri qurmayan sadə bir gənclik idaretmədə aparıcı yer tutsun, qanunverici orqanda təmsil olunsun. Həm iqtidarı, həm müxalifəti namizəd seçərkən belə gənclərə daha çox yer verməyə səsləyirəm".
Süleyman
Olaylar.az