Ölkədə aparılan islahatlar parlament üzərinə böyük öhdəliklər qoyur- RƏYLƏR

Ölkədə aparılan islahatlar parlament üzərinə böyük öhdəliklər qoyur-RƏYLƏR

Milli Məclis qanunverici orqan olaraq islahatlardan kənar qala bilməz

Milli Məclis Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edib.  Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Belə bir sorğunun göndərilməsində məqsəd yekun qərar qəbul edilməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsidir. Millət vəkili Sahibə Qafarova qeyd edib ki, bu addımı ilə Yeni Azərbaycan Partiyası bir siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu. Bununla da həm siyasi sistemimiz üçün, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir: "Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb, təşəbbüslər irəli sürüb. Azərbaycanın inkişafı baxımından öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarlarla dövlətimizin inkişafına mühüm töhfələr verib. Partiyamızın fəaliyyəti Azərbaycan xalqının milli mənafeyinə və dövləti maraqlara söykənməklə Yeni Azərbaycan Partiyasına ümumxalq sevgisi və dəstəyi qazandırıb. O da məlumdur ki, son dövrlərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar hər bir sahədə möhtəşəm uğurlara və yeniliklərə meydan verib. Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən islahat xarakterli qərarlar inqilabi səciyyə daşıyır. Bu islahatlar xalqımız tərəfindən təqdir edilir, dəstəklənir. İslahatların biz möhtəşəm nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görə bilərik. Əlbəttə ki, bu genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz. Partiyamız da haqlı olaraq belə bir təşəbbüs irəli sürüb. Bu təşəbbüs ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır. Bununla partiyamız bir daha bütün məsələlərdə dövlətçilik maraqlarından çıxış etdiyini göstərir. Partiyamız hər zaman olduğu kimi, yenə də Sədrimizin, dövlət başçımızın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəklədiyini, bu siyasətin daha böyük və uğurlu nəticələr verməsi üçün üzərinə düşən qərarları almaqda qətiyyən tərəddüd etmədiyini sübuta yetirir. Öz fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün daha bir ilkə imza atır. Bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına inanıram".

Millət vəkili Eldar İbrahimov qeyd edib ki, noyabrın 28-də ölkəmizin aparıcı siyasi qüvvəsi olan  və Milli Məclisdə 69 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasının Siyasi Şurası cənab Prezidentin  həyata keçirdiyi   düşünülmüş  siyasətə  parlamentin töhfəsini artırmaq məqsədi ilə Milli Məclisin  buraxılması  və növbədənkənar  seçkilərin  keçirilməsi təşəbbüsü ilə  çıxış edib: "Bu təşəbbüs heç də təsadüfi olmamışdır. Belə ki, Milli Məclisin üzvləri olan deputatlar qanunvericilik fəaliyyəti ilə yanaşı həm də  çox nüfuzlu müxtəlif beynəlxalq təşkilatlarda  Azərbaycan Respublikasını təmsil edir, ölkəmizin siyasi və sosial-iqtisadi sahədə, beynəlxalq əlaqələrdə  qazandığı uğurların   təbliği və təşviqi ilə də məşğul olurlar. Digər tərəfdən Dağlıq Qarabağ  məsələsində hörmətli Prezidentimizin irəli sürdüyü informasiya müharibəsində hücum taktikasından məharətlə istifadə olunmasının vacibliyi də beynəlxalq təşkilatlarla və sosial şəbəkə ilə ən çox əlaqədə olan Milli Məclis üzvlərinin üzərinə böyük öhdəliklər qoyur". E.İbrahimov bildirib ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Milli Məclisin daha yüksək intellektə malik, çağdaş dünyamızın müasir çağırışlarına mükəmməl biliyi və bacarığı, çox aktiv fəaliyyəti  ilə seçilən, müəyyən təcrübə toplamış  gənc  nəslin nümayəndələri ilə formalaşması zərurəti yaranmışdır. Onun sözlərinə görə, təhsil sahəsində ölkəmizdə uğurla həyata keçirilən siyasət nəticəsində həm ölkədaxili və həm də xarici ölkələrin nüfuzlu universitetlərini bitirmiş yüksək ixtisaslı kadrlar yetişmişdir. Bu kadrların masir bilik  və bacarığından, intellektindən  son vaxtlar icra və məhkəmə hakimiyyətində uğurla istifadə olunur, xalqımız və dövlətimiz üçün uğurlu nəticələr əldə olunur. Dövlət başçısının  deputatlar sırasından bacarıqlı və səriştəli  mütəxəssisləri icra orqanlarında  yüksək vəzifələrə təyin etməsi də bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, bu və digər səbəblərdən Milli Məclis deputatlarının sayının 125-dən 117-yə düşməsi bəzi məsələlərin həllində Parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır: "Bütün bunları nəzərə alaraq hesab edirəm ki, ölkəmizdə yaradılmış yüksək intellektə malik kadr potensialından  vaxtında və daha səmərəli istifadə etmək, icra və məhkəmə hakimiyyəti orqanlarında son vaxtlar baş verən dərin islahatlara adekvat olaraq qanunverici orqan olan Milli Məclisdə də müvafiq dəyişikliyin aparılmasını zəruri edir və məsələni bir il gözləməklə  yubatmağa ehtiyac yoxdur. Ona görə də mən YAP Siyasi Şurasının   müvafiq qərarını dəstəkləyirəm və Parlamentin yenilənməsində təcrübəli, nüfuzlu   insanların və yüksək ixtisaslı  gənc kadrların  deputatlığa  namizədliklərinin irəli sürülməsini məqsədəmüvafiq hesab edirəm".

Alim  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31