Ermənistan hazırda heç bir güzəştə hazır deyil

Ermənistan hazırda heç bir güzəştə hazır deyil

"Bratislavada ATƏT-in xarici işlər nazirlərinin konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşəcək. Bu görüşdə Ermənistanın gələn il aparılacaq danışıqlarda mövqeyi aydın olacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Elmar Məmmədyarov da bunu xüsusilə qeyd edir: "Bratislava görüşü 2019-cu ilin axırına təsadüf edir. Bu görüşdə atəşkəsin qorunub saxlanılması, jurnalistlərin və digər ictimai şəxslərin səfərlərinin təşkili kimi məsələlər müzakirə olunacaq. Bu iki məsələ Ermənistanın xeyrinədir. Həm atəşkəsə nail olur, həm də jurnalistlərin səfəri ilə özünü sülhpərvər göstərir. Həmçinin işğalı davam etdirir, cəbhədə yeni silahlar yerləşdirməklə istehkam işlərini möhkəmləndirir". Politoloq deyib ki, Azərbaycanın burada heç bir perspektiv əldə etmir: "Bu il ərzində Dilgəm Əsgərov və Şahbaz Quliyevi Ermənistan azad etmədi. Demək, Ermənistan və Rusiyanın etimad mühitinin yaradılması istiqamətində atdığı addımlar manipulyasiyadır. Ermənistan etimad mühitinin formalaşmasında maraqlıdırsa iki girovumuzu azad etməlidir".

Məhəmməd Əsədullazadə hesab edir ki, xarici işlər nazirlərinin Bratislava görüşü sadəcə danışıqların davam etdirilməsi üçün siyasi şərait yaradacaq: "Ermənistan hazırda heç bir güzəştə hazır deyil. Erməni rəhbərliyi müstəqil siyasətə malik olmadığı üçün danışıqlarda müsbət addım ata bilmir. Azərbaycan yalnız güc yoluna üstünlük verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31