Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyur- MÜNASİBƏT

Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyur-MÜNASİBƏT

Prezident İlham Əliyev: "İslahatlar bizim şüurlu seçimimizdir"

Artıq bir xeyli müddətdir ki, Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatımızın müxtəlif sahələrini əhatə edən bu inkişaf, tərəqqi isə zaman-zaman ölkədə həyata keçirilən və müxtəlif istiqamətləri əhatə edən uğurlu islahatların məntiqi nəticəsində əldə edilir. Sisoal, iqtisadi sahələri əhatə edən islahatlara siyasi sahənin də əlavə edilməsi artıq bir xeyli müddətdir ki. öz müsbət nəticəsini büruzə verir. Ötən ildən başlayaraq və günümüzdə də davam edən bu islahatlar cəmiyyət, Azərbaycan xalqı tərəfindən də yüksək səviyyədə dəstəklənir, təqdir olunur. Çünki həyata keçirilən islahatlar birbaşa xalqın maraqlarına, onun sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. İstər davamlı olaraq maaş və pensiyaların, digər təqüdlərin artırılması, istər şəhid ailələri və onlara bərabər tutulan şəxslərlə bağlı verilən tarixi qərar, istər cəmiyyətimizin mütləq əksəriyyəti üçün ən ciddi prolemə çevrilən problemli kreditlərlə bağlı məsələnin dövlət başçısının uğurlu siyasəti və iradəsi nəticəsində həllini tapması fonunda bunun aydın şəkildə görürük. Tam əminliklə deyə bilərik ki, ötən müddət ərzində iqtisadi və sosial sahədə həyata keçirilən tədbirlər, uğurlu islahatlar öz müsbət nəticəsini göstərib və bu islahatlar cəmiyyətin böyük bir hissəsini əhatə edib. Təkcə, əhalinin yaşayış səviyyəsi və əvvəlki illərlə müqayisə etdikdə bunu aşkar şəkildə görmək mümkündür. Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövləti və dövlət başçısının həyata keçirdiyi bu islahatlar təkcə daxildə deyil, eləcə də beynəlxalq səviyyədə də təqdir edilir, bəyənilir. Son bir neçə ay ərzində beynəlxalq reytinq agnetliklərinin hazırladıqları hesabatlarda Azərbaycanın əvvəlki illərdə qərarlaşdığı yerlərdən bir neçə pillə irəliləməsi məhz ölkədə həyata keçirilən uğurlu iqtisadi və sosial islahatların nəticəsidir desək yanılmarıq.

Hazırda isə ölkədə islahatların növbəti dalğası, siyasi və kadr islahatları prosesi gedir və müşahidə edilən mənzərə ondan ibarətdir ki, bu islahatlar da sosial və iqtisadi sahədə həyata keçirilən islahatlar kimi dəstək qazanır. Çünki siyasi və kadr islahatlarında da bir nömrəli vəzifə xalqın maraqlarının nəzərə alınmasıdır.  İstər paytaxt, istərsə də yerlərdə nisbətən yaşlı, vəzifəsini icra etmək gücündə, fiziki iradəsində olmayan kadrların gənclərlə əvəzlənməsi. onların idarəetməyə yeni nəfəs gətirməsi müsbət nəticələrini göstərir. Prezidentin xeyir-duası və sərəncamı əsasında təyin edilən gənc məmurlar, yerli icra hakimiyyəti başçıları əvvəlki idarəçilik zamanında xalqla, vətəndaşla məmur arasında mövcud olan baryeri aradan qaldırır, xalq daha yaxın olur, onun problemi, istək və arzusunu birbaşa özü, üçüncü şəxs olmadan dinləyir. Və eyni zamanda vətəndaşın qaldırdığı problemi, onun istək və arzusunu imkanları daxilində həll edir, yoluna qoyur. Təkcə iki fakta diqqət çəkək. Belə ki, Prezident İlham Əliyev tərəfindən Xaçmaz rayonuna icra başçısı təyin edilən Elnur Rzayev həftənin bəlli bir günündə rayon sakinlərinin qəbul vaxtını ləğv edərək istənilən zaman vətəndaşın ona müraciət etməsi, onunla görüşməsi üçün imkan yaradıb. İndi vətəndaş rayon icra hakimiyyəti başçısı ilə görüşmək üçün hansısa vaxtı gözləmək zorunda deyil. İstənilən zaman İcra Hakimiyyəti binasına gələrək rayon rəhbərliyinə sözünü deyə bilir. Yaxud. Yevlax şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev. Prezident tərəfindən icra hakimiyyətinin başçısı təyin edildiyi gündən dövlət başçısının ona göstərdiyi etimadı doğrultmağa çalışır. Bu etimadı isə təbii ki, vətəndaşla işləmək, onun istək və arzularını, qayğılarını öyrənmək, onu həll etməklə doğrultmaq mümkündür. Və görünən odur ki, Yevlaxda da işlər eyni tendensiya ilə gedir. Təbii ki, bütün bunlar da vətəndaşda məmnunluq hissi yaradır, onun dövlətə, dövlət başçısına olan inamını, etimadını artırır. Elə son günlər Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğularının nəticələri də belə deməyə əsas verir.

Göründüyü kimi, ölkədə demək olar ki, bütün sahələrdə həyata keçirilən islahatlar özünün müsbət nəticələrini göstərir. Ən əsası vətəndaş, xalq bu islahatlardan razılıq ifadə edir. Ancaq buna rəğmən islahatların davam etdirilməsi istiqamətində ortada siyasi iradə var və qarşıya qoyulan əsas məqsəd, vəzifə həyata keçirilən islahatlar nəticəsində xalqın daha da yaxşı, rahat yaşaması, onun dövlətə, dövlətin müvafiq strukturlarına əlçatan olmasıdır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də məhz bu prinsipi əsas götürərək islahatları davam etdirməkdə qərarlı görünür. Dövlət başçısının bu günlərdə Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı də bu fikri aydın şəkildə eşitdik və Cənab Prezident islahatların davam edəcəyi mesajını vermiş oldu: "İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik".

Dövlət başçısı çıxışı zamanı kadr islahatlarına da diqqət çəkməklə bunun da olduqca vacib, zəruri olduğunu ifadə edib: "Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin".

Beləliklə istər həyata keçirilən islahatlar, istərsə də dövlət başçısının bu islahatların davam etdiriləcəyi barədə fikirləri onu deməyə əsas verir ki, Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə də əvvəlki illərdə olduğu kimi bir nömrəli prioritet Azərbaycan vətəndaşının maraqlarının təmin edilməsi, onun daha yaxşı yaşamasıdır.

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31