Müsəlman ölkələrini SİLKƏLƏYƏCƏK SÖZLƏR: Niyə Ermənistana...
Müsəlman ölkələrini SİLKƏLƏYƏCƏK SÖZLƏR: Niyə Ermənistana...
28 Noyabr 2019 13:19 Siyasət"Təmsil etdiyim yüzminlərlə Azərbaycan Əhli-Beyt sevərləri adından hər zaman söyləmişəm ki, ölkəmizdə milli-mədəni irsimizin təəssübkeşi Azərbaycan dövlətidir".
Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Şərqşünas bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı etdiyi məlum çıxış bütün dünya müsəlman liderlərinə qarşı yerində və lazımlı bir çağırışdır: "Özünü müsəlman elan edən ölkə rəhbərinin bir çoxunun vaxtaşırı Ermənistan rəhbəri ilə görüşməsi, Cənab Prezidentin dediyi kimi, ona qucaq açması və həmin ölkə ilə iqtisadi, siyasi müqavilələrə imza atması Azərbaycan xalqına, insanına qarşı böyük hörmətsizlikdir. Cənab Prezident bu çıxışı ilə özünü islam təəssübkeşi kimi göstərən ölkələrə bir mesaj ötürdü. Mən bunu açıq bəyanat kimi qiymətləndirirəm. İlham Əliyevin də qeyd etdiyi kimi, Şuşa və Ağdamda, eləcə də digər yerlərdə Azərbaycanın müqəddəs məscidlərini erməni qəsbkarları məhv ediblər. Biz Ermənistan mətbuatının yaydığı informasiyaya baxdıq və Şuşa məscidində donuzların saxlanıldığını gördük. Belə bir ölkə ilə dostluq edən müsəlman ölkə başçıları, dini liderləri düşünürəm ki, Allah qarşısında çox böyük günaha girmiş olurlar. Belə bir ölkə ilə sıx əməkdaşlıq etmək birmənalı olaraq deyirəm ki, Allahın lənətini qazanmağa bərabərdir. Azərbaycan dövlət başçısının çox açıq bəyanatından bəziləri dərs almalıdır.
Hesab edirəm ki, bu istiqamətdə qardaş ölkə olan Türkiyənin mövqeyi nümunəvidir. Və digər müsəlman ölkələri bu siyasətdən faydalanmalı, müsəlman qardaşlarının yanında olmalı, işğalçıya qucaq açmamalı, onu gücləndirməməlidir. Bütün müsəlman ölkələri Qarabağ məsələsində vahid mövqe sərgiləyə bilsəydi, qəsbkar Ermənistan və onun arxasında duran güc mərkəzləri də inanın ki, geri çəkilərdilər. Konkret olaraq Azərbaycanın heç bir halda günahı olmadan əzəli və əbədi yurdumuz erməni qəsbkarları tərəfindən işğal olunub.
Bütövlükdə ölkə başçısının çıxışını cəsarətli və dünya üçün nümunə olacaq bəyanat kimi xarakterizə edirəm. Mən də bir çağırış etmək istəyirəm. Həmin ölkələrin dini liderlərinə səslənirəm. Sizin yüzminlərlə soydaşınız, müsəlman bacı və qardaşlarınız erməni işğalçıları sayəsində yurd-yuvasız qalıblar, əzəli və əbədi doğma Qarabağ torpaqlarından qovulublar. Belə olan halda siz öz ölkənizin rəhbərlərinə, prezidentlərinə niyə dur demirsiniz? Niyə bu məsələdə müsəlman amilini önə çəkmirsiniz? Amma lazım olduqda insanların dini duyğularından istifadə edərək öz çirkin niyyətlətinizi həyata keçirməyə can atırsınız".