Erməni təxribat maşını antiAzərbaycan fəaliyyətdə- Geosiyasət
Erməni təxribat maşını antiAzərbaycan fəaliyyətdə -Geosiyasət
27 Noyabr 2019 13:35 SiyasətLakin bütün cəhdlərin qarşısı qətiyyətlə alınır
Ermənistan dövləti, erməni lobbisi bütün imkanlarından istifadə edərək ayrı-ayrı ölkələrdə Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol açır. Artıq diplomatik və hərbi sahədə Azərbaycan qarşısında məğlub duruma düşdüyünün fərqində olan işğalçı ölkə şər-böhtan üzərində qurulmuş informasiya savaşı, təxribat xarakterli hərəkətləri ilə rəsmi Bakı qarşısında məğlubiyyətinin balansını qorumağa çalışır. Diqqət etsək görərik ki, ay ərzində erməni lobbisi və işğalçı ölkənin nümayəndələri ayrı-ayrı ölkələrə səfərləri zamanı bir neçə dəfə bu cür cəhdlər də bulunurlar. Əsasən də erməni təbliğat maşını beynəlxalq səviyyəli tədbirlərdə öz mənfur əməllərini işə salır. Ya separatçı rejimin qondarma bayrağını qaldırır, ya işğal altında olan ərazilərimizin erməni torpağı olduğunu iddia edərək həımin ərazilərə turist səfərlərinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edir, ya da xarici kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə məqalələrin dərc edilməsinə nail olurlar. Bir qayda olaraq bu kimi təxribatçı hərəkətlər keçmiş MDB məkanında, Rusiya və Ukraynada özünü büruzə verir. Ancaq müsbət məqam ondan ibarətdir ki, sözügedən ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporu, eləcə də fəal soydaşlarımızın səyi nəticəsində erməni təxribatının qarşısı qətiyyətlə alınır. Bu günlərdə elə Ukraynada daha bir erməni təxribatı baş verib. Belə ki, Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması" mövzusunda beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın növbəti təxribatının qarşısı alınıb. Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, BMT Uşaq Fondunun, "Uşaqları xilas edin" təşkilatının Ukrayna nümayəndəliklərinin və BMT İnkişaf Proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova və səfirliyin əməkdaşı Samir Allahverdiyev də iştirak ediblər. Tədbir çərçivəsində söz alan erməni diplomat T.Seyranyan Azərbaycanın Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə etiraz etsə də, tədbirin Ukraynadan olan moderatoru, 1+1 telekanalının aparıcısı Lidiya Taran çıxışa müdaxilə edərək səfirə mövzudan kənar və yersiz çıxış etdiyini xatırladıb. Moderator bildirib ki, tədbirdə uşaqların münaqişələrdə hüquqlarının qorunmasına dair mövzu müzakirə olunur və erməni diplomatın mövzudan kənar məsələlərə toxunması yolverilməzdir.
Daha sonra söz alan T.Cahangirova deyib: "Ermənistanın Ukraynadakı səfiri mövzudan kənar məsələlərə toxunduğundan bildirməliyəm ki, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr mövcuddur. Ermənistan bu günə qədər bu qətnamələri icra etmir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə və uşaq erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb". Bundan sonra erməni diplomat yenə də çıxış etmək istəsə də, moderator ona söz verməyib. Səfir buna etiraz əlaməti olaraq tədbiri yarımçıq tərk edib. Ukrayna ombudsman Aparatı baş verən insidentə görə, Azərbaycan nümayəndə heyətindən üzrxahlıq edib.
Qeyd edək ki, tədbirin açılış mərasimində Ukrayna Ali Radasının sədri Dmitriy Razumkov, Ukraynanın ombudsmanı Lyudmila Denisova da çıxış edərək münaqişə zonalarında uşaqların hüquqlarına dair məruzə ediblər. Beynəlxalq tədbirdə daha sonra Bosniya və Herseqovina, Serbiya, Moldova, Gürcüstan ombudsman Aparatının nümayəndələri də çıxış ediblər.
Məhəmməd
Olaylar.az