Prezidentdən vacib Qarabağ mesajları- TƏHLİL

Prezidentdən vacib Qarabağ mesajları-TƏHLİL

İlham Əliyev: "Faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hələlik müsbət bir nəticə müşahidə edilməsə də, ümumilikdə sözügedən problem ətrafında gedən proseslərdə Azərbaycan tərəfinin üstünlüyü özünü büruzə verməkdədir. Özü də bu üstünlük təkcə siyasi və hərbi sahədə deyil, eləcə də diplomatik sahədə özünü açıq şəkildə göstərir. İstər bu və ya digər beynəlxalq tədbirlərdə Azərbaycan tərəfinin, xüsusilə də cənab Prezident İlham Əliyevin düşmən tərəfə onu nokauta sala biləcək diplomatik zərbələr endirməsi, istərsə də beynəlxalq aləmin, dünya birliyinin problemə olan münasibətində ölkəmizin maraqlarının müdafiə olunması deyilənlərin əyani sübutudur. "Valday" uğuru, Soçi zərbəsi, ardınca Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün və Qoşulmama Hərəkatının zirvə toplantısının qəbul etdiyi qərar və qətnamələrdə Dağlıq Qarabağ probleminin xüsusi qeyd edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının başlıca şərt kimi göstərilməsi məhz əldə edilən diplomatik uğurların tərkib hissəəsidir.

Ermənistan üzərində diplomatik sahədə son bir neçə ay ərzində əldə etdiyimiz uğurlar hər bir Azərbaycan vətəndaşı kimi dövlət başçısını da məmnun edir, ruhlandırır desək yanılmarıq. Çünki qeyd etdiyimiz uğurların demək olar ki, əksəriyyəti məhz cənab Prezidentin uğurlu diplomatik gedişlərinin bəhrəsidir.  Təsadüfi deyil ki, İlham Əliyev də Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı dolayısıyla bu məsələyə toxunub: "Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən "Valday" Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: "Qarabağ Azərbaycandır, nida işarəsi". Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü. Ondan sonra MDB Zirvə Görüşündə, - o, "Valday"dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı "СМЕРШ" idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı "Смерть Шпионам", "СмерШ", yəni, "Casuslara ölüm". Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında".

Əslində dövlət başçısının BDU-nun 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdə çıxışı son aylarda diplomatik sahədə əldə etdiyimiz uğurları cəmiyyətə çatdırmaqla bərabər, eyni zamanda dünya birliyini, beynəlxalq aləmə bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini çatdırmaq, ermənilərin nə qədər türk düşməni olduğunu aydın göstərmək idi.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm də dünya birliyindən, beynəlxalq aləmdən Dağlıq Qarabağ problemi ilə bağlı ortaya qətiyyətli mövqe qoymaq çağırışı sayıla bilərdi. Ümumiyyətlə, Azərbaycan Prezidenti imkan düşdükcə həm iştirak etdiyi beynəlxalq tədbirlərdə, həm də daxili səviyyədə keçirdiyi görüşlərdə bu prizmadan çıxış edərək dünya dövlətlərini ədalətli, obyektiv mövqedən çıxış etməyə çağırır. Xüsusilə, Azərbaycan Prezidenti İslam dünyası, müsəlman aləminə, ərəb ölkələrinə zaman-zaman xatırlatmalar edir, onlara işğalçı Ermənistanla əlaqələr qurmamağı tövsiyə edir.  Elə ötən gün dövlət başçısının sözügedən tədbirdə çıxışı zamanı da bunun əyani şahidi olduq və Azərbaycan Prezidenti müsəlman ölkələrinə öz vacib mesajlarını göndərmiş oldu. Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə də Cənab İlham Əliyev yaranmış fürsətdən istifadə edərək müsəlman ölkələrinə eyni məzmunda çağırış etmişdi və dövlət başçısı ötən gün bir daha bu məsələyə toxunmaqla belə demək mümkünsə işğalçı ilə dostluq münasibətləri quran müsəlman dövlətlərinə mövqe ortaya qoymağı tövsiyə etdi: "Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar? Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?".

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çox sərt və net olaraq fikirlərini ifadə edib və işğalçı ölkə ilə dostluq münasibətləri quran ölkələrə, ən əsası müsəlman dövlətlərinə vacib xatırlatmalar edib. Onları özlərinin zaman-zaman dilə gətirdiyi İslam həmrəyliyinə əməl etməyə çağırıb. Çünki Azərbaycan hər zaman bu kimi incə nüansları nəzərə alıb, onlara diqqət edib. Belə olan halda  ümid etmək olar ki, Azərbaycan dövlət başçısının irad bildirdiyi ölkələr, xüsusilə də müsəlman dövlətləri bundan sonra Dağlıq Qarabağ problemində daha diqqətli olacaq, müsəlman dünyasının bir parçası, eyni dindən olan bir ölkənin, Azərbaycanın  ərazilərinin məhz Ermənistan tərəfindən işğal edildiyini nəzərə alaraq bu ölkə ilə əlaqələrinə yenidən nəzər salacaqlar.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31