Döyüşə qocalar gedir- Siyasi analiz
Döyüşə qocalar gedir-Siyasi analiz
25 Noyabr 2019 14:55 SiyasətYaxud partiya adı altında yaradılan təqaüdçülər klubu
Sabiq səhiyyə naziri Əli İnsanov bir vaxtlar faşist adlandırdığı radikal müxalifət partiyalarının nümayəndələri ilə keçirdiyi görüşdən sonra bir müddət səssizliyə üstünlük versə də, nəhayət ki, bu səssizliyi həftəsonu pozdu. Özü də necə, qəribə də olsa "haqq, ədalət hayqırtısı" ilə. Xəbərlərdən də aydın olduğu kimi həftəsonu özü kimi dönük, satqın sabiqlər və bəzi iş adamları ilə görüşən Əli İnsanov yeni partiya yaratdığını elan etdi. Partiyanın adı da zırıltılı bir şeydir. Haqq Ədalət Partiyası. Sabiq nazirin başlıca istəyi, məqsədi və onun nə dərəcədə reallaşması mümkünlüyünə toxunmadan əvvəlcə sözügedən partiyada təmsil olunanların kimliyi, bu vaxta qədər mövcud olan siyasi, yaxud ictimai fəaliyyətlərinə diqqət edək. İnsanovun da daxil olduğu 15 nəfər Təşkilat Komitəsinin üzvlərinin sadəcə 1-2-nin kimliyi və hansı məram, məqsədin sahibi olduğuna diqqət yetirdikdə hər şey aydın olur. Nazir olduğu illərdə səhiyyəyə ayrılan pulları təkbaşına mənimsəyən, bu sahəni talayan İnsanov, keçmiş adətinə sadiq qalaraq yaratdıqları partiyanın Təşkilat Komitəsinə sədrliyi də ata malı kimi mənimsəyib. Təşkilat Komitəsinin üzvlərinə gəlincə isə, burada sabiq səfir İsfəndiyar Vahabzadədən tutmuş, baş prokurorun keçmiş köməkçisi Mirədalət Talışxanov, bir neçə iş adamı və s. var. Hər biri də öz sədrləri kimi kifayət qədər qaranlıq keçmişə sahibdir. Məsələn, götürək sabiq səfir İsfəndiyar Vahabzadəni. Diplomat işlədiyi zaman Azərbaycan hakimiyyətinin fəal təbliğatçısı, səfir kimi fəaliyyət göstərdiyi ölkədə Azərbaycanı təbliğ edən Vahabzadə, sərəncama götürülüb bir müddət işsiz qalan kimi Azərbaycan dövləti və dövlətçiliyinin, hakimiyyətin əsas rəqibləri, hətta düşmənlərindən birinə çevrildi. Diplomat olduğu illərdə xarici siyasətimizdə mövcud olan nöqsanlardan bir kəlmə belə danışmayan Vahabzadənin dili qısa müddət sonra açılmağa başladı. Doğru-yalan, səhv-düz bilmədən hakimiyyətin üzərinə hücuma keçdi. Gah üzünü radikallara, gah da mediaya tutan sabiq səfir "su axar, çuxurunu tapar" prinsipi ilə nəhayət ki, yerini İnsanovun yanında tapdı. Yaxud Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sabiq sədri, Beyləqan rayon icra başçısının keçmiş müavini Eyvaz Əliyev. Yerli məmur işləyən zaman əhaliyə xidmət etmək əvəzinə, korrupsiya və rüşvətxorluğa, yerli əhalini incitməyə, onların problemini həll etmək əvəzinə vətəndaşlara əlavə problemlər yaratmağa üztünlük verən Əliyev indi haqq, ədalət carçısına çevrilib. Gülməli deyilmi? Baş prokurorun sabiq köməkçisi Mirədalət Talışxanov sözügedən vəzifədə çalışdığı illərdə adında olan ədalət prinsipindən çox-çox uzaq olan biri kimi tanınırdı. İndi isə o da, yuxarıda adlarını qeyd etdiyimiz sabiqlər kimi haqq, ədalət "axtarışına" çıxıb.
İndi gələk sabiq nazirin partiya yaratmaq təşəbbüsünün nə dərəcədə perspektivli olacağına və yaradacağı partiyanın cəmiyyətdə nüfuz qazanıb-qazanmayacağına. Birmənalı olaraq deyə bilərik ki, Əli İnsanovun Haqq Ədalət Partiyasının Azərbaycan cəmiyyətində heç bir rolu, siyasi çəkisi və nüfuzu olmayacaq. Birincisi, həmin partiyanın yaradılması təşəbbüsü ilə çıxış edən İnsanovun həyat yolu, ötən illərdəki siyasi və məmur fəaliyyəti həmin partiyanın adı ilə tərsmütənasiblik təşkil edir. Yəni, heç bir ədaləti olmayan, haqqdan isə çox-çox uzaqda dayanan birisinin bu adda yaratmış olduğu partiya ən yaxşı halda 15 nəfər Təşkilat Komitəsi və həmin 15 nəfərin 2 nəfər ailə üzvündən ibarət ola bilər. Çünki, qeyd etdiyimiz kimi sabiq nazirin səhiyyə naziri olduğu illərdə bu sahəyə ayrılan pulları necə mənimsədiyi yaxın tariximizdə Azərbaycan cəmiyyətinin gözü qarşısında baş verib.
İkinci bir səbəb isə, hakimiyyətdən yenilik, gəncləşmə istəyən şəxslərin yaratmış olduğu yeni partiyanın ahıllardan ibarət olmasıdır. Təşkilat Komitəsinin üzvlərinə nəzər yetirdikdə aydın görünür ki, necə deyərlər döyüşə qocalar gedir. Bu mənada bir növ Haqq Ədalət Partiyasını təqaüdçülər klubu da da adlandırmaq olar. Bunun əksi olaraq isə Azərbaycan cəmiyyəti gəncləşmə, yenilik istəyir. Elə dövlət başçısının həyata keçirdiyi son kadr islahatları, gənclərin önə çəkilməsinə cəmiyyətin olan müsbət mövqeyi fonundan da bunu aydın görürük.
Bütün bunları nəzər alan ekspertlər də sabiq səhiyyə naziri Əli İnsanovun yaradacağı yeni partiyanın hər hansı bir perspektiv vəd edəcəyinə inanmırlar. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, sabiq səhiyyə naziri Əli İnsanovun öz siyasi iddiasını ortaya qoyması və hətta Haqq-Ədalət Partiyası adında yeni siyasi qurumun təşkilat komitəsini də yaratması ilk baxışdan tamamilə normaldır. Onun sözlərinə görə, hər bir vətəndaşımız kimi keçmiş səhiyyə naziri Əli İnsanovun da bu və ya digər siyasi təşəbbüslə çıxış etməyə, öz siyasi mövqeyini bəyan etməyə, onunla eyni siyasi ideyaları bölüşən şəxslərlə birləşərək hərəkat və ya partiya yaratmağa qanunla hüququ çatır: "Amma siyasətdə təkcə hüquq amili yox, mənəvi prinsiplər də çox önəmli rol oynayır. Məsələyə bu prizmadan yanaşsaq, o zaman tam əminliklə deyə bilərik ki, sabiq səhiyyə nazirinin bu gün siyasi partiya yaradıb xalqın adından danışmağa heç bir mənəvi haqqı çatmır. Zamanında xalqın ona olan etimadını bir nazir kimi doğrulda bilməyən bir şəxs indi müxalif siyasətçi kimi bu xalqa nə gün ağlaya bilər ki? Birdəki, vaxtilə təhqir edib sonradan üzr istədiyi hazırki müxalifət liderləri ilə bundan sonra bir cərgədə, eyni düşərgədə çiyin-çiyinə dayanmaq qərarı hansı mənəvi-etik qanunlara sığır, bunu siz deyin? Siyasəti bu qədər eybəcərləşdirmək olmaz".
S.İsmayılbəyli
Olaylar.az