Azərbaycan vətəndaşlarının öz prezidentinə güvəni tükənməzdir- RƏY
Azərbaycan vətəndaşlarının öz prezidentinə güvəni tükənməzdir-RƏY
22 Noyabr 2019 13:25 SiyasətVaqif Abdullayev: "Ölkə vətəndaşlarının dövlət başçısına etimadının artması güclü siyasi, iqtisadi sabitlik və sosial həyat indikatorları mühüm rol oynayır"
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin reytinqində yüksəlmə müşahidə olunub. Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab olunur. Prezidentin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirmişdir. Ümumilikdə, vətəndaşların 77,5%-i ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18.1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildiriblər. Xüsusən, prezidentin oktyabr ayında həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyük olub. Sorğunun nəticələri Prezident tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6%-i Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir.
YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, "Prezidentin fəaliyyəti ictimai rəydə" adlı hesabat təsdiqləyir ki, Azərbaycan vətəndaşlarının öz Prezidentinə Güvəni, Məhəbbəti tükənməzdir: "Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyət, həyata keçirilən dərin islahatlar kursu, uğurlu daxili və xarici siyasət ölkə vətəndaşlarının "nəbzini ölçmək"də xüsusi əhəmiyyət kəsb edir. Bu kimi amillər cəmiyyətin üzvlərinin Azərbaycan Prezidentinin fəaliyyətini qiymətləndirməkdə də mühüm rol oynayır. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün rəy sorğularında Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilməkdədir. Bunun daha bir nümunəsi Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı "Prezidentin fəaliyyəti ictimai rəydə" adlı hesabatdır. Həmin hesabat təsdiqləyir ki, Azərbaycan vətəndaşlarının öz Prezidentinə dərin ehtiramı, etimadı güclüdür". Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi məqsədi ilə keçirdiyi sorğuların həqiqiqliyinə, dürüstlüyünə və obyektivliyinə şübhə etmək heş cür mümkün deyil. Bu qurumun tədqiqatları ən müasir forma və yanaşmalar, xüsusilə də beynəlxalq beyin mərkəzlərinin dünyada geniş tətbiq etdiyi praktikaya uyğun olaraq aparılır: "Bu sosioloji tədqiqat onunla izah edilə bilər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib. Prezident İlham Əliyevin Ordu quruculuğu, xarici siyasət və kadr islahatları istiqamətindəki fəaliyyəti respondentlər tərəfindən daha yüksək qiymətləndirilir. Azərbaycan Ordusunun gücünün artması, yerli hərbi sənayeninin güclənməsi və digər məqamlar da Azərbaycanın dövlət başçısına olan güvənin yüksəlməsinə səbəb olubdur".
V.Abdullayev qeyd edib ki, ölkə vətəndaşlarının dövlətə və dövlət başçısına olan inamının və etimadının artmasında və möhkəmlənməsində güclü siyasi, iqtisadi sabitlik və sosial həyat indikatorları mühüm rol oynayır. 2019-cu ilin ötən aylarında regionda qlobal mürəkkəb proseslərin yenidən artmasına baxmayaraq. Azərbaycanda siyasi sabitliyinin dönməzliyinin daha da güclənməsi insanların sabit həyat tərzini yaxşılaşdırıb: "Mart ayında və sentyabr-oktyabr aylarında sosial paketlərin qəbul olunması və bu sənədin 3 milyondan artıq insanın həyatında əhəmiyyətinin hiss olunması da təbii ki, dövlət başçısının reytinqinin artmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi, əsaslı islahatların həyata keçirilməsi və sair amillərin də sorgunun iştirakçılarının rəyinə təsiri çox mühümdür. Rəy sorğusundan da göründüyü kimi beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir. Azərbaycan Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir".
Nurlan
Olaylar.az