YAP regionun ən böyük siyasi qüvvəsidir- TƏHLİL
YAP regionun ən böyük siyasi qüvvəsidir-TƏHLİL
20 Noyabr 2019 14:02 SiyasətBu günlərdə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. YAP-ın keçmişi və bu gününə nəzər salan hakim partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov qeyd edib ki, bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur: "Ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev bildirib: "Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir". YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında dövlət müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Partiyanın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş müzakirə olunaraq o dövrkü siyasi reallıqlara uyğun müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Təşkilatın strateji xətti təsbit edildi: dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, ölkədə demokratik, hüquqi dövlət quruculuğu. Qurultayda o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın Sədr müavini seçildi. Ötən illər ərzində partiya sıralarında siyasətçilərin yeni nəsli yetişdi. 2000-ci il parlament seçkilərində cənab İlham Əliyev YAP seçki kampaniyasına rəhbərlik edirdi və noyabr ayında Milli Məclisə keçirilən seçkilərdə partiya böyük uğur qazanaraq parlamentdə böyük üstünlük əldə etdi. YAP-ın 2001-ci il noyabrın 21-də keçirilən II qurultayında da təşkilat üçün taleyüklü qərarlar qəbul edildi. Partiyanın Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis olunmuş Sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçildi". Eldar İbrahimov qeyd edib ki, ulu öndərin və Onun yaradıcısı olduğu partiyanın ən böyük nailiyyətlərindən biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması oldu: "Böyük dövlət xadimi Heydər Əliyevin 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində deyilirdi: "Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir". 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq ölkə Prezidenti seçildi və partiyanın siyasi taleyində yeni dövr başladı. Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi təşkilatda siyasi irs-varislik əlaqələrini təmin etməklə yanaşı, dünyada gedən qloballaşma prosesləri fonunda ölkənin hərtərəfli inkişafı üçün geniş imkanlar açdı. Sonralar 2008-ci və 2013-cü illərdəki prezident seçkilərində də YAP-dan İlham Əliyevin namizədliyi irəli sürüldü. Bu seçkilərdə YAP-ın prezidentliyə namizədi parlaq qələbə qazanaraq respublikanın davamlı və sürətli yüksəlişi naminə əzmkar fəaliyyətini davam etdirmək imkanı əldə etdi. Partiya ölkə həyatında baş verən prosesləri diqqətlə izləyir. Lazım gəldikdə cəmiyyətdəki dəyişikliklərə öz münasibətini bildirir. Yeni Azərbaycan Partiyasının 2008-ci il dekabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürməsi də obyektiv qanunauyğunluqlarla şərtlənirdi. Həmin il martın 18-də keçirilmiş referendumda seçicilərin mütləq əksəriyyəti YAP-ın təşəbbüsünü dəstəklədi. Partiya 2010-cu və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə parlaq qələbə qazanaraq cəmiyyətdə böyük nüfuz sahibi olduğunu bir daha təsdiqlədi. Ötən il keçirilimiş prezident seçkilərində də partiyamızın Sədri cənab İlham Əliyev parlaq qələbə qazandı. Ötən 27 il ərzində YAP parlament tipli partiya kimi ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hüquqi bazasının yaradılması işinə öz layiqli töhfəsini verib. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasının tərkib hissəsinə çevrilib. YAP bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi güc kimi qavranılır. Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır. Partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi qüvvəsidir: "Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır". Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə də toxunan hakim partiyanın rəsmisi bildirib ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Bu reallığı ötən illərin təcrübəsi də əyani şəkildə təsdiqləyir. Hazırda da partiyamız bələdiyyə seçkiləri kampaniyasında fəal iştirak edir: "Bildiyiniz kimi, partiyamız tərəfindən yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürülüb və namizədlərin qeydiyyata alınması prosesi davam edir. Bu seçkilərdə də YAP tərəfindən laqyiqli namizədlər irəli sürülüb. Xüsusilə qeyd edim ki, bu prosesdə gənclərə və qadınlara da üstünlük verilib. Təqdirəlayiq haldır ki, gənclərin və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi artır. Bir sözlə, hesab edirəm ki, partiyamız qarşıdan gələn bələdiyyə seçkilərində xalqın güclü dəstəyi nəticəsində parlaq qələbə qazanacaq. Və YAP üzvləri növbəti beş il ərzində də bələdiyyələrin inkişafında və yerli məsələlərin həllində fəal iştirak edəcəklər".
Füzuli
Olaylar.az