Müxalifətin “yağlı əppək” masası- TƏHLİL
Müxalifətin “yağlı əppək” masası- TƏHLİL
7 Noyabr 2019 12:50 Siyasət"Kim daha çox qazanacaq" prinsipi müxalifətin yuxusunu ərşə çəkib
Siyasi mübarizə metodu axtarışında olan müxalifət sosial şəbəkələrdən meydana qayıtmaq niyyətini ortaya qoyub. Milli-mənəvi, əxlaq dəyərlərini ayaqlar altına ataraq "söyüş müxalifəti" imici qazanmış kəsim indi də millətin qanına susamış kimi insanlara meydanlara çağırır. Belə məlum olur ki, meydan müxalifətçiliyi virtual müxalifətçilikdən daha sərfəli və qazanclıdır. Daha doğrusu, meydan müxalifətçiliyində daha yaxşı dolanışıq var. Elə bu səbəbdən də tarixin arxivinə atılmış müxalifət təmsilçiləri özlərində güc toplayaraq "yumru masa" arxasında əyləşmək qərarına gəliblər. Görün pul nə qədər şirin şeydir ki, hətta özünü Müsavat Partiyasının "mənəvi lideri" elan edərək "pensiyaya çıxan" İsa Qəmbər onu "faşist"adlandıran sabiq nazir Əli İnsanov və daim bir-birləri üçün gor qazan AXCP sədri Əli Kərimli ilə bir masa arxasında oturmağı özünə rəva bilir. Təsəvvür edirsiniz, hərəsi müxalifəti bir tərəfə dartan bu "üçlük" bir tikə yağlı əppəkdən ötrü bir-birlərinə qarşı olan bütün təhqirlərin üstündən vaz keçirlər. Sizcə bu xislətdə olan insanların ardınca getmək, yaxud onlara millətin və dövlətin taleyini etibar etmək olarmı? Siyasi mübarizəni şərəf və ləyaqət məfhumundan üstün tutaraq, onu opponentinə qarşı söyüş və həqarətlərlə tətbiq etmək yolu tutan bu insanlara necə hakimiyyət riçaqlarını həvalə etmək olar? Əslində bu insanlar sosial şəbəkələrdə "xalq", "millət" deyə bağıraraq, özlərinə dividentlər qazanmağa cəhd edən "liderlər"dir ki, onların "beşinci kolon" nümayəndələri milləti və dövləti aşağılamaq yolu tutublar. Millətə, dövlətə nifrət o həddə çatıb ki, onların tutduqları yola sağlam düşüncəli rəy ifadə edənlər ən sərt şəkildə qınanılır. Anlamırlar ki, siyasi rəqiblərini nə qədər çox söyüşlərə, həqarətlərə, küfrlərlə yol verirlərsə, bir o qədər də məğlub durumuna düşmüş olurlar. Elə ictimaiyyətin nümayəndələri də müxalifətin dəyirmi masasına toplanan şəxslərin üç üzünü açmaqla cəmiyyətə mesaj vermiş olurlar. Millət vəkili Sona Əliyeva deyib ki, Əli İnsanov xalqın yaddaşında Azərbaycan səhiyyəsini bərbad hala salan, eləcə də rüşvətxor birisi kimi xatırlanacaq. O, vaxtilə Müsavat Partiyasının o zamankı başqanını faşist adlandırmışdı: "Görünən odur ki, İsa Qəmbər Əli İnsanovun ona qarşı faşist ittihamını ya udub, ya da unudub. İndi onunla bir masada oturub hakimiyyətə qarşı mübarizə aparmaq niyyətini ortaya qoyub. Haqqında olmazın ifadələr işlətdiyi Əli Kərimli ilə eyni yolda yürüməyə can atır. Görünür, bundan sonra xəstə siyasi təfəkkürlü Əli Kərimlinin müalicəsi ilə siyasətdə "kor cərrah" funksiyasını yerinə yetirən Əli İnsanovun özü məşğul olacaq". Millət vəkili bildirib ki, istifadə müddəti çoxdan bitmiş, ahıl müxalifət liderlərinin yenidən bir araya gəlməsi radikal müxalifət düşərgəsinin yenidən iflasına gətirib çıxaracaq: "Azərbaycan xalqı bu insanları çoxdan tozlu arxivə atıb. Onların xalqa verəcəyi heç nə yoxdur. Siyasi əqidəsini dəyişmiş, vaxtilə hazırkı radikal müxalifət liderlərinə kəskin fikirlər səsləndirən Əli İnsanovun indi dəyirmi masada bunların başında oturmasını anlamaq o qədər də çətin deyil. Bu o deməkdir ki, müxalifət liderləri başlarını itiriblər. Nə yolla olursa olsun, hakimiyyəti gözdən salmağa çalışırlar. Xalqımız isə müdrikdir. Qədirbiləndir. Onların bir illik hakimiyyətləri dövründə insanlar İsa Qəmbərin, Əli Kərimlinin nəyə qadir olduğunu yaxşı gördü. Əli İnsanov da ləkəli bir adamdır. Səhiyyəmizi bərbad vəziyyətə qoyduğu üçün cəzaya məhkum edilmiş şəxsdir. Yəni, dəyirmi masada oturub fikir mübadiləsi aparanların heç birinin xalq arasında nüfuzu yoxdur". Millət vəkilinin fikrincə, onların iqtidarı xalqın gözündən salmaq cəhdi isə növbəti dəfə iflasa uğrayacaq: "Çünki elektoratı, sosial bazası olmayan bir qrup başıpozuq dəstə ilə ancaq ara-sıra hay-küy salmaq olar ki, bu da onların pafoslu danışıqlarının üstünə su tökən amillərdəndir. Onlar sadəcə olaraq Azərbaycanda xalq-iqtidar birliyini görmək istəmirlər. Amma bunun fərqindədirlər. Görünən odur ki, Əli İnsanov və Əli Kərimli tandemi bu dəfə öz ağalarının, onları maliyyələşdirənlərin gözündən fərqli pərdə asmaq istəyirlər. Onları maliyyələşdirənlər isə erməni lobbisidir. Azərbaycanı istəməyən qüvvələrdir. Onların danışdıqlarına qulaq asdıqca kimin dəyirmanına su tökdükləri aydın görünür. Bir daha təkrarlayıram, elin gözü tərəzidir. Xalq onlara heç vaxt inanmayıb və inanmayacaq". Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin təsisçisi və sədri, Avrasiya İnformasiya Agentliyinin baş redaktoru Cavid Şahverdiyev deyib ki, noyabrın 5-də Müsavatın qərargahında bir qrup müxalifət "lider"inin birlik yaratmaq ideyasını gerçəkləşdirməkdən ötrü toplanması, xüsusən də sabiq səhiyyə naziri Əli İnsanovu da aralarına qatması, əsl şoudur: "Radikallar artıq özləri də bilmirlər ki, hansı istiqamətdə addımlayırlar, fikirləri nədir, hansı yolu tutmaq, yanlarında kimləri görmək istəyirlər. Bu gün radikallar "insanlaş"maq istədiklərindən İnsanovu özlərinə dost sayıblar. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və İnsanovu öz yanlarında görən başqaları da uzaq tarixi yaddan çıxarmayıblar. Əli İnsanov həbs edildikdən sonra evindən çıxan külçə qızıllar, milyonlarla dollarların efirdə göstərilməsindən xəbərsiz olmayıblar. Hansılar ki, elə o masa arxasında əyləşənlər Əli İnsanov həbs edilərkən onun ünvanına ağır, təhqiredici ittihamlar söyləmişdilər. Əli İnsanovun özü də hakimiyyətdə təmsil olunanda radikallara qarşı nifrətini söyüşlə, təhqirlə ifadə etmişdi. İndi bir masa arxasında oturmaq, birlik yaratmaq haqqında fikir mübadiləsi aparmaq nəyə hesablanıb? Orada oturanlar arasında heç bir səmimilik və etibarlıqdan söhbət gedə bilməz. Vaxtilə bir-birlərinə xəyanət edənlər, bir-birlərinə arxadan zərbələr endirənlər arasında hansı birlikdən söhbət gedə bilər? Artıq Qərb də onlara vəsait ödəməkdən usanıb. Radikallara cəmiyyətdə itirilən nüfuzuna gülür. Ona görə də bu gün Əli İnsanov faktorundan yararlanmaq niyyətindədirlər. Bir az da ondan pul qopartmaq məqsədilə öz aralarına salıblar. Dəyirmi masa ətrafında əyləşənlər yaxşı bilirlər ki, nə ayrı-ayrılıqda, nə də birlikdə bir güc olmayacaqlar. Hansı birlik modelini təklif edə biləcəklər? Onların birliyi şəxsi ambisiyalar üzərində qurulacaq. Bu birlikdə hər biri öz şəxsi mənafeyini güdəcək, kim daha çox qazanacaq prinsipi ilə hərəkət edəcəklər".
Alim
Olaylar.az