Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurması- ŞƏRH

Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurması

Rusiya ilə Qərb arasında mübarizə indi də Cənubi Qafqaz regionuna sirayət edir. Ukrayna, Suriya, ümumilikdə Yaxın Şərqdə gedən iki güc mərkəzinin mübarizəsini bu gün Cənubi Qafqaza daşımaqla bu regionda yeni bir gərginlik yaratmağa çalışırlar. Hər halda son aylarda Ermənistan və Gürcüstanda keçirilən davamlı etiraz aksiyalarından belə qənaətə gəlmək mümkündür. Əslində hər iki ölkədə keçirilən aksiyalar ümumilikdə Ermənistan və Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı etirazlar kimi xarakterizə edilsə də, reallıq ondan ibarətdir ki, bu Qərblə Rusiyanın yeni bir mübarizəsinin tərkib hissəsidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Kamran Sultanlı deyir ki, hazırda Cənubi Qafqazda, Gürcüstan və Ermənistanda Qərb-Şimal geosiyasi rəqabəti gedir. Onun sözlərinə görə, bu mübarizəyə Pol Qoblun sitatına uyğun şərh vermək məqsədəuyğun olar: "Qobl Ermənistanı alət, Gürcüstanı isə yol adlandırır. Azərbaycana isə nemət deyir. Hazırda əsas məsələ Gürcüstan və Ermənistandır. Bu iki ölkədə ciddi keyfiyyət dəyişiklikləri gedir. Rusiya, yol olan Gürcüstanı, Qərb isə alət olan Ermənistanı ələ keçirməyə çalışır. Bu cür dəyişim özünü Gürcüstanda rusyönümlülərin, Ermənistanda isə qərbyönümlülərin artmasında göstərir. Qərb Cənubi Qafqaz regionunda Moskva ilə açıq konfrantasiyaya gedəcək şəxslərin hakimiyyətdə təmsil olunmasına maraqlı deyil. Gürcüstanda, İvanaşvili Saakaşvilidən fərqli olaraq Moskva ilə konfrantasiyaya getmədi. Burada İvanaşvilinin Moskvada iş adamı kimi yetişməsinin də mühüm təsiri və rolu var. Hazırda 5,6 milyard dollar varidata malik Gürcüstanın boz kardinalı, Rusiya bazarından imtina etmədi. Boz kardinal bu bazarı əldə saxlamaq və Rusiya ilə ticarət əlaqələri ilə faydalanaraq AvroAtlantik inteqrasiyaya davam edirdi. Təbii ki, bu da daxildə toplumun etirazına tuş gəlməmək üçün idi. Hər nə qədər İvanaşvili Rusiya ilə əlaqələrdən imtina etmək istəməsə də, Avrointeqrasiyadan geri çəkilə bilməzdi, bu mümkün deyildi, Gürcüstanın geri dönüşü yox idi. Gürcüstanın, Rusiya ilə artan ticarət əlaqələri, bu ölkədə avroskeptiklərin genişlənməsi, panprovaslanizmin artan trendi, Rusiya üçün böyük avantaj idi". 
Ekspert deyir ki, regionun digər dövləti olan Ermənistanda, Rusiya olduqca güclüdür və Moskvanın təsir dairəsindən Ermənistanı çıxartmaq elədə asan deyil: "Üstəlik Qarabağın iplərinin Kremldə olmasını nəzərə alsaq, Ermənistanın və Ermənistanı Rusiyanın orbitindən çıxartmaq istəyənlərin işi heç də asan deyil. Baş nazir Nikol Paşinyana gəldikdə o, sabiq prezident Levon Ter- Petrosyanın səhvini edib, Bakı ilə birbaşa dialoqa meyl etmək istəmir, istəsə də buna gedə bilməz. İndi ona qarşı güclü təzyiq olduğu dövrdə Paşinyan çalışır ki, Qarabağı danışıqlar masasına cəlb etsin və bununla Qarabağı müstəqil formatda göstərsin. Bununla Ermənistan siyasətində Qarabağ faktorunu zəiflətsin, eləcə də Qarabağın müstəqil görüntüsü ilə daxildə ultra cəmiyyətin etirazları qarşısında xüsusilə Qarabağ klanının təzyiqləri qarşılığında tab gətirsin. 

Regionda dövlətlər uğrunda açıq mübarizə risklidir. Xüsusilə Qərb və ya digər aktorlar bu regionda Rusiya faktoru ilə hesablaşırlar. İqtisadi cəhətdən şimal qonşumuz zəif olsa da, hərbi cəhətdən güclüdür, əlavə olaraq bu regionu çox yaxşı tanıyır və yaxındı. Bu baxımdan mərhələli və ehtiyatlı siyasət gedir". Ekspert deyib ki,  Gürcüstanda son baş verənlərin digər bir səbəbi Anakliya limanın inşasıdır: "Bu liman Qara dəniz sahilində inşa edilməlidir. Layihənin kapital dəyəri 2,5 milyard dollar təşkil edir. Bu layihə Gürcüstan İnvestisiya qrupu, Gürcüstan pan avropaçıları habelə ABŞ və İngiltərə tərəfindən dəstəklənir. Hətta layihə üzrə tenderi amerikalılar qazanmışdı. Son dövrlər bu layihə ilə Çin investorları da aktiv maraqlanırlar. Bu layihənin əsas donoru İvanaşvili ilə vaxtilə ittifaqda olan ölkənin digər oliqarxı Mamuko Xazaradzedir. O TBC bankının sədri, həmçinin Amerikada səhmlərə malik oliqarxdi. Ona qarşı ciddi ittihamlar var. Bunun da əsas səbəbi İvanaşvilinin ölkəni monooliqarxik sistemdə idarə etmək arzusu və polioliqarxik sistemə transformasiyanın qarşısını almaqdır. Bu layihənin digər iki mühüm məqsədi var. İvanaşvili bu layihəni daha çox iqtisadi aspektdən istifadə etmək istəyir. Lakin ABŞ-ın bu limanda baza açmaq kimi niyyətlərinin olduğu guman edilir. Təbii ki, Rusiya Vaşinqtonun Qara dənizdə baza açmasına əsla razı olmayacaq. Buna görə də kilsə, özünə yaxın qrup və hərəkətlar vasitəsilə bu prosesə mane olmağa çalışır. NATO baş katibi Stoltenberqin, Gürcüstanın NATO-ya üzvlükdə gürcü rəsmilərinin qətiyyətindən də aslı olduğu fikri alyansın məhz bu faktorlara işarə etdiyini göstərir. Zurabaşvili də bundan əvvəl ABŞ-ın baza açmasının indi lazım olmadığını qeyd etmişdi".

Bəs bütün bu proseslərdə Azərbaycan hardadır?

Ekspert hesab edir ki, Qara dənizdə NATO və onun lideri ABŞ-ın güclənməsi Azərbaycanın maraqları çərçivəsindədir. Onun sözlərinə görə, belə olan halda, Qara dənizdə Rusiyanın gücünə qarşı balans yaranacaq: "Qara dəniz hövzəsi, Cənubi Qafqazın Qərblə kommunikasiyasi və regionda Rusiyanın gücünün balanslaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə Bakı hələlik bu prosesləri arxadan izləyir. Təbii ki, Gürcüstan-Rusiya gərginliyi və Tbilisinin şimaldan uzaqlaşması bizim maraqlarımıza uyğundur. Anakliya limanına gəldikdə bu limanda digər bir məsələ LNG terminalının tikintisidir. Bu amilin gecikməsi də bizim üçün müsbət xəbərdi. Çünki bu terminalla Gürcüstan Azərbaycandan enerji aslılığını azaltmaq istəyir. Limanın gecikməsi və terminalın inşasında problemlər bizim üçün zaman tanıyır. Azərbaycan Poti limanının dominant qalmasına daha çox çalışmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31