Kremlin Tbilisini cəzalandırmaq planı

Kremlin Tbilisini cəzalandırmaq planı

Son günlər Gürcüstanda cərəyan edən proseslər, Rusiyaya qarşı bu ölkədə artan etirazlar Tbilisi ilə Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Bir neçə il əvvəl baş verən avqust savaşından sonra ilk dəfə yenidən gərgin atmosferə qədəm qoyan ölkələrarası  münasibətlərə bu günlərdə AŞPA-da keçirilən səsvermə də təsirsiz ötüşməyib. Rusiyadan yenidən AŞPA-da aktiv rol oynaması ilə bağlı  səsvermədə gürcüstanlı deputatların Rusiyanın əleyhinə səs verməsi münasibətləri bir qədər də qəlizləşdirib. Bəs görəsən bundan sonra Moskva ilə Tbilisi arasında münasibətlər hansı məcrada inkişaf edəcək?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, Rusiya-Gürcüstan münasibətləri getdikcə  gərginləşir. Onun sözlərinə görə. rusiyalı deputatın Gürcüstan parlamentinin sədrinin kreslosunda oturması Gürcüstan müxalifətinin və cəmiyyətinin bir hissəsində narazılıq doğurdu: "Rusiyada hesab edirlər ki, baş verənlərin arxasında Birləşmiş Ştatlar və Ukrayna dayanır. Yəni guya həm Birləşmiş Ştatlar, həm də Ukrayna Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsini istəyir. Rusiyada Ukraynanın adını ona görə çəkirlər ki, Tiflisdəki mitinq və küçə yürüşlərində Ukraynanın bayrağı dalğalanır. Digər tərəfdən Kremldə hesab edirlər ki, Ukrayna Rusiya ilə qarşıdurmada tək qalmaq istəmir. Həqiqətən hazırda Kreml qonşuları Ukrayna və Gürcüstana qarşı eyni sərt siyasəti aparır. Halbuki, son illər Rusiya Gürcüstanla münasibətlərin nisbətən yumşalması siyasətinə üstünlük verirdi. Yəni Rusiya Gürcüstanla 2008-ci il müharibəsini unutmaq üzrə idi. Rusiya hakimiyyətinin digər arqumenti odur ki, Rusiya və Gürcüstan diplomatları arasında illərdir İsveçrədə danışıqlar gedir və bu danışıqlarda müsbət nəticələr əldə olunurdu. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə görə, Moskva hətta Gürcüstan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmağa hazırlaşırdı. Ancaq Karasinin sözlərinə görə, Gürcüstandakı son hadisələr danışıqlar prosesinə zərər vurdu. Əlbəttə, Gürcüstan hakimiyyətini idarə edən oliqarx Bidzina İvanişvili 2008-ci ilə müharibəsinə, o cümlədən Cənubi Osetiyanın və Abxaziyanın tamamən Rusiyanın nəzarətinə keçməsinə baxmayaraq, Moskva ilə dialoq qurmuşdu. Ancaq Bidzina İvanişvili Rusiya ilə barışmağa tələsmirdi. Çünki, Gürcüstan əhalisinin əsas hissəsi Rusiya ilə yenidən tərəfdaş olmaq ideyasını qəbul etmirdi. Buna görə də İvanişvili xarici siyasətdə rəqibi olduğu keçmiş prezident Mixail Saakaşvilinin NATO və ABŞ-la yaxınlıq siyasətinə üstünlük verirdi. Ancaq İvanişvilinin Saakaşvilinin xarici siyasətindən fərqləri də var idi. Məsələn Mixail Saakaşvili Azərbaycanla əlaqələri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdı. İvanişvilinin nəzarət etdiyi dövlət strukturları isə son zamanlar fəal şəkildə Azərbaycana qarşı ərazi iddiasını irəli sürürdülər".

Politoloq deyir ki, Gürcüstanı cəzalandırmaq üçün Rusiyanın əlinə yaxşı fürsət düşüb: "Moskva baş verənlərdə ABŞ-ın əlinin olduğunu iddia etsə də, əslində Kreml əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Rusiya Gürcüstanın NATO-ya inteqrasiyasından narahatdır. Ona görə də Moskva son hadisələrdən istifadə edərək Gürcüstana qarşı sanksiyaları sərtləşdirib. Məsələn, Kreml Rusiya vətəndaşlarının Gürcüstana getməsini istəmir. Son illər Gürcüstana ən çox Rusiyadan turist gedirdi. Bu Gürcüstan büdcəsinə illik 500 milyon dollar gəlir gətirirdi. Kreml Gürcüstanı bu qazancdan məhrum etmək istəyir. Kreml Gürcüstan məhsullarının Rusiyaya ixracatını da qadağan etməyi planlaşdırır. Kreml bütün bunları ona görə edir ki, Gürcüstan hakimiyyəti xarici siyasətini dəyişsin. Baş verən hadisələrdən Gürcüstan müxalifəti də istifadə etməyə çalışır. 2020-ci ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ona görə də müxalifət baş verən hadisədən hkimiyyəti zəiflətmək üçün istifadə etməyə çalışır".

Elxan Şahinoğlunun sözlərinə görə,  son hadisələr Gürcüstan hakimiyyətinin Azərbaycanla bağlı siyasətini də korrektəyə məcbur etməlidir: "Rusiya ilə münasibətlər gərginləşməyənə qədər Gürcüstan hakimiyyəti Azərbaycana qarşı ərazi iddiasını gündəmdə saxlayır, millətçilərin sərhəddə toplaşmasına şərait yaradırdı. Rəsmi Tiflisin bu siyasəti Azərbaycan hakimiyyətində və cəmiyyətində ciddi suallar doğururdu. Hətta Azərbaycanda "Gürcüstanı strateji tərəfdaş hesab etmək olarmı" sualı aktuallaşmışdı. Son hadisələr Gürcüstan hakimiyyəti üçün "soyuq duş" effekti yaradır. Çünki Gürcüstan hakimiyyəti eyni zamanda iki qonşusu - Rusiya və Azərbaycanla münasibətlərin gərginləşməsinə gedə bilməz. Bu Gürcüstan üçün həddən artıq böyük risq olar. Azərbaycandan Gürcüstana təhlükə yoxdur, Gürcüstan üçün ən böyük təhlükə Rusiya istiqamətindəndir. Ona görə də sağlam məntiq diqtə edir ki, Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərinin gərgin olduğu mərhələdə Azərbaycana qarşı ərazi iddiasından vaz keçməlidir. Əks halda Gürcüstan hakimiyyəti geosiyasi vəziyyətini daha da gərginləşdirəcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31