“Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”
1 Fevral 2019 17:26 Siyasətİlham Əliyev: "Hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır"
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir.
Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür ki, fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin "Gənclər ili" elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Hazırda da gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev Gənclər gününün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladıb, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd edib. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. "Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik", - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Artıq qətiyyətlə demək olar ki, gənclərimiz şüurlu surətdə dərk edir ki, ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edir. Eyni zamanda, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını öz üzərinə götürür. Deməli, ordu təkcə dövlətin ərazisini, müstəqilliyini, suve-renliyini yox, həm də bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib struktur olduğunu sübuta yetirir. Məhz bu ideologiyaya söykənən Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Azərbaycan ordusunun adı artıq dünyanın ən güclü orduları ilə yanaşı çəkilir. Məhz bu kimi amillər Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksəlməsi və orduda xidmət istəyinin artmasına səbəb olur.
Nurlan