Biz hər zaman onlara borcluyuq – Millət vəkili
31 Yanvar 2019 18:37 SiyasətŞəhid ailələri üçün Prezident təqaüdünün artırılması ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir.
Bu sözləri Prezident İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərmanına münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, ölkə başçısı davamlı olaraq şəhid ailələri, müharibə veteranları, qazilər və əhalinin sosial təbəqəsini daim diqqətdə saxlayır, vaxtaşırı onların sosial rifahının, məişət və yaşayış şəraitinin yaxşılaşdırılması üçün fərman və sərəncamlar imzalayır:
"Prezident bir neçə gün öncə Azərbaycanın bütün regionlarını əhatə edən və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin dövlət qarşısındakı xidmətlərini nəzərə alaraq onların ailə üzvləri və vərəsələri ilə görüşlər keçirdi. Dövlət başçısı bu görüşdə çox mükəmməl bir çıxış etdi və bildirdi ki, dövlət bundan sonra da şəhid ailələrinin maddi vəziyyətini, sosial rifahını yüksəltmək üçün öz imkanlarından istifadə edəcək. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə maksimum qayğı göstərir. Bu mənada şəhid ailələri üçün Prezident təqaüdünün artırılması ilə bağlı fərman gözlənilən idi. Prezidentin də qeyd etdiyi kimi, dövlətin imkanları artdıqca şəhid ailələrinə daha çox diqqət göstəriləcək və onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün nə lazımdırsa, ediləcək. Çünki bu insanların xidmətləri xalq və dövlət qarşısında çox yüksək qiymətləndirilir. Biz hər zaman onlara borcluyuq".
Qeyd edək ki, Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.
axar.az