"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"

"Azərbaycanın gələcəyinin etibarlı əllərdə olacağına inanırıq". Bunu  "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib.

Sədrin sözlərinə görə, Azərbaycanda gənclər hərəkatının, gənclər təşkilatlarının formalaşması, gənclərlə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına güclü dəstək verir: "Biz geniştərkibli layihələrimizi regionlarda keçirir və şahidi oluruq ki, inkişaf çoxdur. İllər əvvəl gənclərlə toplaşıb hansısa fikri, ideyanı müzakirə etmək üçün məkan tapmaqda çətinlik çəkirdiksə, bu gün gənclər çox rahat şəkildə Gənclər evi, Gənclər mərkəzində toplaşa bilirlər. Bu zaman təbii ki, yeni dostluqlar yaranır, yeni ideyalar formalaşır və gənclər daimi olaraq inkişafda olur. Gənclərin asudə vaxtının mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradılır.

Bizim üçün ölkə olaraq təhsilli, sağlam, intellektual gəncin yetişməsi prioritetdir. Bu, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin dövlət gənclər siyasətində əsas istiqamətlərindən biridir. Gənclərlə bağlı icra olunan dövlət proqramları, qəbul edilmiş qərarlar, sərəncamlar, fərmanlar, inkişaf strategiyaları bunun əyani sübutudur. Bu günün sağlam gənci sabahın sağlam anası, sağlam ruhlu idmançısı olur. İntellektual gənc ölkəmizi beynəlxalq yarışlarda təmsil edir, savadlı gənci isə ölkə həqiqətləri, Azərbaycan tarixini beynəlxalq arenada səsləndirir. Və bütün bu qeyd edilənlərin ana ideyası sağlam ruhlu gəncliyin Azərbaycan bayrağını beynəlxalq sferada dalğalandırması və bir vətəndaş borcunu yerinə yetirməsidir. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.

Gənclərin təhsili üçün ölkədə atılan addımlar göz önündədir. Biz Cocuq Mərcanlıya getdiyimiz zaman məktəblilər üçün yaradılan yüksək şəraiti gördük və bu o deməkdir ki, nəinki paytaxtda, ucqar bölgələrimizdən tutmuş cəbhə bölgəsinə yaxın ərazilərə qədər bu günün məktəblisi üçün yaradılan şərait, gələcəkdə onların sağlam, savadlı gənc kimi yetişməsi ölkə rəhbərinin diqqətindədir.

Gənclər üçün əlverişli mühitin, şəraitin yaradılması üçün atılan addımlar sırasında 2005-2009-cu və 2011-2015-ci, 2017-2021-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramlarını qeyd edə bilərik. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilib, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən hazırlanıb. Dövlət Proqramının məqsədi isə Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Deyiləcək tək söz qalır! Ölkə başçısının gənclərə olan diqqət və qayğısını görən gənclik Cənab Prezidentin etimadını doğrultmağı özünə borc bilməlidir. Azərbaycan gənclərinin uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağına inanırıq. Gənclər Gününüz mübarək, əziz gənclər!".
SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31