Müşfiq Ələsgərli: “Müxalifətin danışmaq üçün sözü qalmayıb”
31 Yanvar 2019 13:59 Siyasət"Dağıdıcı müxalifətin istər Mehman Hüseynov olayına, istər 20 Yanvar ümumxalq hüzn gününə, istərsə də şəhid ailələrinin sosial durumlarının yaxşılaşdırılması barədə Prezident fərmanına verdikləri reaksiya onları tam gülünc vəziyyətə saldı, bütün niyyətlərini ifşa etdi". Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, bəlli oldu ki, bu insanların niyyətləri nə xalqın rifah halının yaxşılaşdırılması, nə Mehman Hüseynovun islah olunaraq həbsxanadan çıxması deyil: "Onlara insident yaratmaq, yersiz hay-küy qoparmaq, xarici qüvvələrin diqqətini cəlb edərək qrant əldə etmək lazımdır. Çünki, üzərinə problem adı qoyaraq şüar etdikləri, guya xalqın dərdinə yanırlar deyə qabartdıqları problemlər hər biri öz həllini tapıb, amma onlar sakitləşmək bilmirlər. 20 Yanvar mərasimindəki davranışları isə, ümumiyyətlə utancverici idi. Çünki bu olayla xalqın ən müqəddəs dəyərlərinə belə önəm vermədikləri göstərdilər. Bu baxımdan onların Şəhid ailələri ilə bağlı prezident fərmanına verdikləri reaksiyalarda qeyri-adilik axtarmağa lüzum yoxdur. Bir tərəfdən baxanda, elə mahiyyətləri budur. İkinci tərəfdən də qəzəblidirlər. Çünki, müxalifətin danışmaq üçün sözü qalmayıb, bütün bəhanələri əllərindən çıxıb".
SİA