"Şəhid ailələrinə yaradılan şərait, onlara göstərilən diqqət göz qabağındadır"
30 Yanvar 2019 17:20 Siyasət"Şəhid ailələrinin problemləri hər zaman dövlətimizin diqqətində olub".
Bu sözləri millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, bunu çoxsaylı prezident fərmanları və sərəncamları təsdiq edir:
"Bu illər ərzində şəhid ailələri üçün yaradılan şəraitlər, onlara göstərilən qayğılar göz qabağındadır. Təbii ki, şəhid ailələrinin yalnız mənzil təminatından söhbət gedə bilməz. Onlara olan diqqət və qayğı özünü hər yerdə göstərib. Təhsildə, səhiyyədə, sosial müavinətlərdə və təminatlarda şəhid ailələrinin üstünlükləri olub. Bu proses indi də davam edir.
Çünki bizim üçün şəhidlərimizin xatirəsindən əziz xatirə, onlardan yüksək səviyyədə dayanan heç kim yoxdur. Şəhidlərin xatirəsinin müqəddəsiliyini qorumaq üçün onların ailələrinə diqqət hər zaman ən yüksək səviyyədə olmalıdır. Cənab prezidentimiz bunu hər zaman diqqətdə saxlayr"
Deputatın sözlərinə görə, prezident İlham Əliyevin və birinci xanımın şəhid ailələri ilə yanvarın 28-dən əvvəl də saysız-hesabsız görüşləri olub:
"Bütün bunlar siyasətdən əvvəl mənəviyyat məsələsidir. Baş verənləri müşahidə edən hər bir Azərbaycan vətəndaşı nəticə çıxarır. Şəhidlərimiz bizim üçün nə qədər əzizdirsə, onların ailələrinə diqqət də o səviyyədə saxlanılır. Cənab prezident görüş zamanı bir daha bəyan etdi ki, bütün şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər və əlillərimiz dövlətin diqqətindədir. Bütün bunlar həm siyasət, həm mənəviyyat, həm tərbiyə, həm də vətənpərvərlikdir.
Baş verənlər həmçinin gənclərimizə də bir çağırışdır. Hesab edirəm ki, hər birimiz bu olanlardan nəticə çıxarmalıyıq. Cənab prezidentin də dediyi kimi, görülən bütün işlər xalqımız üçündür. Düşmən üzərində qələbə çalmalı, torpaqlarımız işğaldan azad etməli və doğma yurdumuza qayıtmalıyıq. Bu gün şəhid ailələrinə göstərilən diqqət işğalda olan torpaqlarımızda daha da yüksək səviyyədə olacaq".
sherg.az